“Bəs Brüsseldə Naxçıvana yol məsələsinin müzakirəsində irəliləyişə nə səbəb oldu?..”

16-05-2023, 12:25           
“Bəs Brüsseldə Naxçıvana yol məsələsinin müzakirəsində irəliləyişə nə səbəb oldu?..”
“Şarl Mişelin Azərbaycan yönəlik dostcasına münasibətin önəmli tərəfi də Qarabağ bölgəsindən danışarkən “keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində yaşayan ermənilər” ifadəsindən istifadə etməsində də görmək olar...”

“Maraqlı bir məqam da ondan ibarətdir ki, bizim ümumiyyətlə, kommunikasiya məsələsi müharibəmizin də, gələcəyimizin də, bütün strateji məsələlərimizin də ana xəttini təşkil edir. Bu günədək Ermənistanın, onun siyasi texnoloqlarının dilindən kommunikasiya ilə bağlı müsbət bir anlayış eşitməmişdik. Ancaq İlham Əliyevin Nikol Paşunyanla Brüsseldəki son danışıqlarında birinci dəfə gördük ki, Naxçıvana gedən yol və ayrıca dəmiryolu məsələsinin müzakirəsində irəliləyişlər var”.

Bunu Moderator.az-a açıqlamasında politoloq Əziz Əlibəyli söyləyib.

Siyasi şərhçi Azərbaycan və Ermənistan arasında Naxçıvana gedən yol və ayrıca dəmiryolu məsələsinin müzakirəsində irəliləyişə səbəbin hansı amil olması ilə də bağlı fikrini səsləndirib.

“Bəs bu irəliləyişə əsas hansı amil səbəb oldu? Zənnimcə, buna ilk növbdə Laçın yolunda sərhəd-buraxılış məntəqəsinin yaradılması səbəb oldu ki, bundan sonra Ermənistanın Naxçıvan məsələsinə diqqət etməsi versiyası gündəmə daşınır. Belə deyək ki, Ermənistan vətəndaşlarının da Laçındakı sözügedən məntəqədən keçməklə Qarabağa daxil olması problem deyil. Sadəcə, lazımi prosedurlara əməl etməlidirlər. Lakin bunun əvəzində Azərbaycan vətəndaşı Ermənistan ərazisindən keçməklə Naxçıvana gedə bilirmi? Xeyr. Deməli, bununla bağlı kvota tətbiq olunmalıdır. Və mənə elə gəlir ki, Ermənistanın da Naxçıvan yol məsələsini gündəmə gətirməsi məhz bunun tərkib hissəsidir” – deyə həmsöhbətimiz bildirib.

“Brüssel görüşündə humanitar məsələlər arasında da əsasən hər iki tərəfdə olan məhbusların məsələsi qabardılıb. Bu, çox vacib məsələdir. Çünki Azərbaycana humanitar hüquq üzərindən hücum Qarabağdakı ermənilərə görə idi. Azərbaycan Prezidenti vaxtilə “Biz bunu diversifikasiya etmişik və iki istiqamətdə iş aparırıq; həm yerli vətəndaşımız olan ermənilərlə, həm də Ermənistanla” deyəndə məhz bunu nəzərdə tuturdu. Və danışıqların predmetində qarşı tərəfin iddia etdiyi kimi, Qarabağdakı ermənilərin “humanitar fəlakəti” məsələsi gündəmə gəlmədi. Gündəmə gələn məhbusların mübadiləsidir. Bu da Ermənistanın təklif etdiyi kimi bütün məhbusların qaytarılması prinsipi ilə nəzərdə tutulmayıb. “Adama adam” prinsipidir. Yəni, məsələn iki nəfər Ermənistan qaytarır, iki nəfər də Azərbaycan” - siyasi şərhçi belə deyib.

“Şarl Mişelin Azərbaycan yönəlik dostcasına münasibətin önəmli tərəfi də Qarabağ bölgəsindən danışarkən “keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində yaşayan ermənilər” ifadəsindən istifadə etməsində də görmək olar. Və əlbəttə ki, orada Paşinyanın ifadə etdiyi Qarabağdakı ermənilərin təhlükəziliyi və hüquqları məsələsinə Azərbaycan nöqteyi nəzərindən, zənnimcə, xüsusi təhlükəli bir hal kimi baxmaq doğru olmaz. Çünki Azərbaycan ən üst səviyyədə dəfələrlə bəyan edib ki, bizim vətəndaşımız dövlət qarşısında vətəndaşlıq institutunun tərkib hissəsi olaraq hansı hüquqları daşıyırsa, bölgədəki Azərbaycan vətəndaşı olacaq ermənilər də həmin hüquqları daşıya bilər. Sadəcə, onlar Azərbaycan Konstitusiyasından irəli gələn müvafiq tələbləri qəbul etməlidirlər. Əlbəttə ki, çoxdandır Fransa da, Kanada da, İran da və Ermənistanın özü də Qarabağda beynəlxalq nəzarət mexanizmini danışıqların gündəminə daşımağa çalışırlar. Və bunun da, ümumiyyətlə, müzakirə masasına gəlməməsi kifayət qədər müsbət bir nəticədir...

Bəs biz bu dəfəki Brüssel görüşündən sonra nələri gözləyirik? Dərhal Moskvadan açıqlamaların, yenidən qarşıdurma masadan sərhədə: silahlı toqquşmalara keçməsinin və əlbəttə ki, Qarabağdakı separatçı ermənilərin aktivləşdiyinin şahidi ola bilərik”- deyə politoloq vurğulayıb.

Sultan Laçın












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru