İstənilən siyasətçi hamının xoşuna gəlməyə çalışırsa, o aferistdir, yalançıdır,...

17-05-2023, 10:54           
İstənilən siyasətçi hamının xoşuna gəlməyə çalışırsa, o aferistdir, yalançıdır,...
Türkiyə seçicilərinin ümumiləşdirilmiş təxmini “ideoloji xəritəsi” belədir:
1) Sol, sosial-demokrat, liberal 30-35%,
2) Millətçi-sekulyar, 30-35%,
3) Mühafizəkar, dindar 30-35%.
Təbii ki, ciddi nüanslar da var, amma çox ümumiləşdirilmiş mənzərə, təxminən, belədir. Və ən maraqlı məsələ odur ki, bu dəngə Türkiyənin ayaqda qalması, aşırı “uclara” yuvarlanmaması üçün maraqlı siyasi konfiqurasiyadır. Bu mənzərə onu deməyə əsas verir ki, Türkiyədə hakimiyyətə “sol” gələ bilməsə də, hakimiyyətin sivil-sekulyar cizgidə qalması üçün əsas da yaradır. Sekulyar-millətçilər təkbaşına hakimiyyətə gələ bilmir, amma “millət-ümmət” diskursu dindarlara milli təəssübkeşliyin önünə keçməsinə imkan vermir. Sırf dini və muhafizəkar platforma da təkbaşına hakimiyyətə gələ bilmir, amma onlar da etnik millətçiliyə dəngə yaratmaq üçün mühim vasitəyə çevrilir. Adi riyazi hesablamalar göstərir ki, Türkiyədə hakimiyyətə gəlmək üçün mütləq “millətçi damar” olmalıdır, çünki hər 3 kəsimdə az, ya da çox, o “damar” var. Amma o “damarın”, üzərinə də bir az mühafizəkarlıq, bir az da sekulyarlıq qoyanda qalibiyyət üçün əsas yaradır.
Kılıcdaroğlunun seçkilərə çox az qalmış Azərbaycanı kənarda göstərən yola bağlı açıqlaması məhz o “damara” pis təsir etdi, səs itirməsinə səbəb oldu. Demirəm ki, o açıqlama olmasa qalib olacaqdı, yox, amma Erdoğanla səs fərqi 5% yox, 3,5% ola bilərdi.
Bizdə, Azərbaycanda siyasətlə məşğul olmaq həm də ona görə çətindir ki, ideoloji toplum hələ formalaşmayıb, bizdə iqtidar partiyasının belə ideologiyası yoxdur, hansı cərəyana, siyasi məssəbə qulluq etməsi məlum deyil. Özlərinə müxalifət deyən partiyaların da eyni problemi var – illərdir HAMININ xoşuna gəlməyə çalışırlar, bir gün “sol” mesajlar verirlər ki, məsələn, camaat acdır, maaş-təqaüd artırılmalıdır, sabahı gün isə deyirlər ki, vergi-gömrük azaldılmalıdır, yaxşı, maaş-təqaüd artırmaq üçün vergi lazımdır, vergiləri aşağı salanda bu iş necə olacaq?!
REAL Partiyası illərdir ideoloji diskurs yaratmağa cəhd etdi-edir, bu yolu düzgün sayırıq, ideoloji toplumda siyasətlə məşğul olmaq daha effektiv olur, bunu bilirik. Həmişə çalışırıq ki, cəmiyyət qonşu dövlətlərə “azarkeşlik” edən toplum deyil də, öz siyasi görüşlərinə görə düşünən olsun, daim mesaj verməyə çalışırıq ki, siyasət institutu “dərd danışan” deyil də, “dərd həll edən” kimi davranmağı öyrənsin. Çətin də olsa, bu yolla getməyi düşünürük, belə yanaşma mütləq uğur gətirəcək. Toplum bilməlidir ki, istənilən siyasətçi hamının xoşuna gəlməyə çalışırsa, o aferistdir, yalançıdır, bu mümkün deyil, siyasi partiyalar öz seçicisini yaradıb-qazanmağı bacarmalıdır, uğura gedən yol ideoloji maraq qruplarının siyasi aktivliyindən keçir...
Natig Cəfərli
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru