Güney Azərbaycan: lider də, hədəf də bəllidir

20-05-2023, 09:04           
Güney Azərbaycan: lider də, hədəf də bəllidir
Sədrəddin Soltan
İranda dəyişikliklər olacaq. Bu, artıq aksiomdur. Gözlənilən dəyişikliyə qarşı rejimin müqaviməti
ciddi sayılmır. Çünki zaman bu hakimiyyətin getməsi hökmünü verib. Dəyişiklik üçün şərait
yaradılsa, repressiyalar azalsa, edamlar dayandırılsa, digər istiqamətlərdə rejim daha uzaqgörən
olsa itkilər, gələcəkdə isə qisasçılıq əməlləri az olar.
İranın gələcəyi barədə düşünülərkən, bu ölkənin fars olmayan vətəndaşların milli haqlarının
təmini də aparıcı mövzulardandır.
Çünki 1979-cu ilin fevral inqilabı və ondan əvvəlki hadisələr sübut edir ki, ölkədə milli problem
var. Tehran bu problemi daha 44 il ümmətçilik adı altında ört-basdır etməyə, görməzdən
gəlməyə çalışsa da, o var və əsas problemdir.

Güney Azərbaycan türkləri də son 100 ildə İranda baş verən böyük hadisələrdə iştirak edib, milli
haqlarının təmin olunmasına çalışsalar da hələ ki uğurlu nəticə ələ etməyiblər.
20-ci yüzildə Güney Azərbaycan türkləri Azadistan və Azərbaycan Milli Hökuməti adlı iki dövlət
quruluşu yaratmaqla hədəflərini və istəklərini göstəriblər.
Hər iki hökumət Tehran rejimi və havadarları tərəfindən qan içində boğulub.
Bu gün İran yenə böyük hadisələrə hamilədir. Azərbaycan da öz haqqının təmin olunacağını
gözləyir. Minlərlə azərbaycanlı bu istiqamətdə illər uzunu göstərdiyi fəaliyyətinin uğurla
nəticələnəcəyinə inanır.
Odur ki, bəzi hallarda Güney Azərbaycan Milli Hərəkatına lider axtarırlar, yaxud olmasa belə,
onun vacibliyini təbliğ edib, birindən başçı düzəltmək təşəbbüsündə olanlar tapılır. Bundan
başqa, birləşdirici ideya da axtarmağa cəhdlər olur. Təəssüf. Çünki Güney Azərbaycan
türklərinin milli haqlarının təmin ilə bağlı iki böyük və qısamüddətli də olsa fəaliyyət göstərmiş,
yuxarıda qeyd etdiyimiz iki böyük nümunə var: Azadistan və Azərbaycan Milli Hökuməti.
Bu halda hədəf və aparıcı ideya aydın olur. Azərbaycan Demokrat Firqəsi 1945-ci il sentyabrın 3-
də “12 Şəhrivər bəyannaməsi” ilə hələ 78 il əvvəl yolu göstərib.
Həmin bəyannamədən bəzi detalları diqqətinizə çatdırmaq istərdik. Sənədin müqəddiməsində
bildirilib: “İran ayrı-ayrı millət və tayfaların məskənidir. Bu millətlər və tayfalar nə qədər azad
yaşasalar, bir o qədər onların aralarında birlik olar. Millətlərin həqiqi birliyi o zaman yaranar ki,
onlar öz şəxsi azadlıqlarını qoruyaraq, inkişaf edə bilsinlər. Bütün millətlər arasında bərabərlik
olmalıdır”.
Daha sonra Azərbaycanın adından qeyd edilib: “Tehran bizim dərdlərimizə yetişmir. Bizim
ehtiyaclarımızı dərk edə bilmir. Bizim öz evimizin sahibi olub, onu öz səliqəmiz ilə qurmağa
haqqımız var”.
Bəyannamədə bunlar da vurğulanıb: “Azərbaycan öz müstəqilliyini, bütövlüyünü qorumaqla öz
taleyini özü həll edəcək; Əyalət və vilayət əncümənləri (assosiasiyaları) seçilib, mədəniyyət,
səhiyyə və iqtisadi sahələr üzrə olan işlərə və məmurların işlərinə nəzarət ediləcək; Xalisə yerlər
– Azərbaycanı tərk edib gedən ərbabların torpaqları – qeyd-şərtsiz kəndlilər arasında
bölüşdürüləcək; İşsizlik ilə mübarizə etmək üçün ticarət genişləndiriləcək, fabriklər və kənd
təsərrüfatı müəssisələri yaradılacaq, dəmiryolları çəkilib, şose yolları salınacaq; Firqə tam gücü
ilə dövlət idarələrində işləyən rüşvətxorlar və natəmiz adamlarla mübarizə edəcək, və
məmurların yaşayışını yaxşılaşdırmağa çalışacaqdır; Firqə bütün demokratik dövlətlərlə dost
olmağın tərəfdarıdır. Bu dostluğu qorumaq üçün çalışacaqdır”.
Sənədin sonunda bildirilib: “Vətənini sevən hər bir Azərbaycanlının istər daxildə, istərsə də
xaricdə məqsədimizi yerinə yetirə bilməyimiz üçün bizimlə birlikdə olacağına ümid edirik.
Əlbəttə, əgər insan öz evini düzəldə bilməsə, məhəlləni, şəhəri və ya ölkəni necə düzəldə bilər?
Azərbaycanın inkişafı, İranın inkişaf etməsinə səbəb olacaq. Beləliklə, vətən quldurlardan,
mürtəcelərdən nicat tapacaq”.

Milli Hökumətin Baş naziri Seyid Cəfər Pişəvəri “Bizim axır sözümüz iki yol ayrıcında”
məqaləsində yazıb: “Bütün gücümüz ilə azadlıq və demokratiyanı qorumağa and içmişik.
Azərbaycan öz işlərini idarə etməyə qadirdir. Əgər Tehranın hoqqabazları Londondan ilham
alaraq bizim azadlığımızı məhv etmək istəsələr, biz bir addım irəli atıb, onlarla əlaqələrimizi
kəsəcəyik. Tehran hökuməti başa düşməlidir ki, Azərbaycan öz yolunu seçib, o, azadlıq və
demokratiya üsullarına vəfalı qalacaqdır”.
Milli Hökumət özünü Xiyabani hərəkatının varisi, onun işlərinin davamçısı sayılır. Bu hökumət
mövcud olduğu bir il ərzində Azərbaycan türkcəsini rəsmiləşdirdi. Ana dilində dərsliklər
hazırlanaraq, pulsuz paylandı. Məktəblərdə ana dilində dərslər keçirildi. İlk dəfə olaraq qadınlara
seçkilərdə iştirak etmək hüququ verildi. Təbrizdə ilk dəfə universitet, konservatoriya açıldı.
İranda 2022-ci il sentyabrın 17-dən başlayan etiraz aksiyalarında Güney Azərbaycan türkləri
“Azadlıq, Ədalət, Milli Hökumət” şüarı ilə çıxış edib. Bu, Milli Hökumət ideyası və əməllərinin
davam etməsi deməkdir. Bu baxımdan, Azərbaycan Demokrat Firqəsi Milli Hökumətin varisi və
yadigarıdır. Bu isə o deməkdir ki, hədəf və təşkilat var. Azərbaycan türklərinin milli haqlarının
təmin olunması istiqamətində Firqənin ideyası və gördüyü tarixi işlərin ətrafına cəmləşib,
mübarizəni daha mütəşəkkil etmək mümkündür. ADF Siyasi Heyətinin 2023-cü il mayın 10-da
qəbul edilən qərarında vurğulanıb: “Firqə uzunmüddətli fəaliyyətinin təcrübəsindən irəli gələrək,
müxtəlif düşüncəli insanların bir mərama xidmət etməsi yolunda, mövqelərin qarşılıqlı
dinlənilməsi, müxalif düşüncələrə tolerant yanaşmaq, yanlışı görmək və etiraf etmək, tənqidlə
təhqiri ayırmaq, xidmətlə xəyanətə fərq qoymaq kimi xüsusiyyətlərin çətinliklə əldə olunduğunu
bilir və sizin də keçəcəyiniz bu yolun uğurlu olmasını arzulayır”.
Firqə hesab edir ki, “Azadlıq, Ədalət, Milli Hökumət” şüarı altında Azərbaycanın azadlıqsevər
insanları birləşdirici bir qüvvəyə çevriləcək.
Azərbaycan Milli Hökumətinin tarixi rolu, fəaliyyəti, gördüyü işlər həm də Güney Azərbaycan
türklərinə indiki şərait üçün bir model ola bilər. Odur ki, Firqə Güney Azərbaycandakı hərəkatın
lideri, Milli Hökumət isə hədəfidir.
pressklub.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.