Dünya iqtisadiyyatının növbəti yol ayrıcı – hara gedirik?!

22-05-2023, 08:44           
Dünya iqtisadiyyatının növbəti yol ayrıcı –
Dünya iqtisadiyyatında bir neçə dəfə ciddi dəyişikliklər baş verib, son 150-200 ildə bu dəyişikliklər daha əhəmiyyətli, daha sürətli və daha təsirli olub – və son 150-200 ildə bu dəyişikliklər enerji mənbəələri ilə bağlı olub.
Sənaye inqilabı, avadanlıqlar, maşınlar, sonra robotlar – bütün bunlar da önəmlidir, amma ən önəmlisi enerji mənbəələri məsələsidir. 19-cu əsrin dəyişiklikləri daha çox daş kömürü və bu enerjidən istifadənin artması ilə bağlı idi.
20-ci əsrin ilk 60-70 ilini isə neft dövrü adlandırmaq olar, sonra enerjidə atom dövrü başladı, indi də bərbaolunan enerjiyə keçidin əsasları qoyulur. Son 150-200 ilin konfliktləri, müharibələri daha çox enerji mənbəələri uğrunda idi, enerjiyə nəzarət qlobal dünya konsepsiyasını doğurdu, beynəlxalq institutlar və hüquq yarandı. Bu isə öz növbəsində ikiqütblü dünyanı formalaşdırdı –hər qütbün öz ideoloji inandırıcı hekayəsi olsa da (çox şərti olaraq demokratiya və avtoritarizm), faktiki olaraq enerji resursları uğrunda mübarizə gedirdi. SSRİ-nin orqanik süqutu ikiqütblü dünyanın təməlini zədələdi, ABŞ və AB ölkələri rəqibsizlik və təkqütblü dünya konfortu dönəminə daxil oldular, bu isə dəyərlərin maraqlara qalib gəlməsi ilə müşayət olunmağa başladı.
Teref.az yazır ki, bunu iqtisadçı ekspert Natiq Cəfərli deyir. Daha sonra ekspert fikirlərini şərh edərək davam edir:
Qərb dünyası kolonial yanaşmanın yeni formatlarını taparaq imperial sancılardan daha rahat qurtulmağa başlasa da (məğzə dəymədən forma və metod dəyişikliklləri ilə), Rusiya İmperiyası bunu bacarmadı – imperial sancılar isterik davranışlara döndü. Ukrayna təcavüzü bu sancıların pik nöqtəsidir və bu gün də bütün post-sovet məkanı Moskvanın imperia isterikası təhlükəsi ilə üz-üzədir.
Amma dəyişən ciddi bir nüans var: Dünya yeni enerji keçidinə “hamilədir”, hətta “doğuş” artıq başlayıb. Enerji resurslara əlçatanlığının artması qlobal Dünya konsepsiyasının da fraqmentallaşmasının əsasını qoydu. Bu gün hər bir ev təsərrüfatının, istehsal sahəsinin özünə yetəcək qədər enerji istehsal etmək potensialı var – yəni, enerji fraqmentallaşırsa, dünya da eyni yolla gedir. Amma və lakin daha ciddi çağırışlar və problemlər yaranır – artıq mübarizə enerji resursları uğrunda deyil də, yeni keçidi təmin edəcək əlvan/nadir metallar və texnalogiyalar uğrunda gedir. Qlobal Çin təhlükəsi də məhz bununla bağlıdır – Tayvan məsələsi sadəcə bahanədir, Çin dünya əlvan/nadir metallar bazarının yarısına yaxınına nəzarət etməyi bacarıb və texnoloji olaraq da Qərbə rəqib olur. Bu kontekstdə Rusiya da artıq “yanacaq doldurma” məntəqəsi kimi maraqlı deyil – maraqlı olan odur ki, yeni enerji keçidini təmin etməli olan metal ehtiyatlarının da böyük bir qismi məhz Rusiyada cəmləşib.
Gələk məsələnin başqa, rəqəmlərlə ifadə olunan və ciddi təhdid yaradan tərəfinə: Dünyada borc səviyyəsi keçən həftə 305 trilyon dolları keçdi! Dünyanın ümumi ÜDM-i 85-95 trilyon dollar arasıdır (müxtəlif hesablama metodları var), yəni, Dünyadakı borc yükü ümumi ÜDM-dən 3 dəfədən də artıq çoxdur! Bu yükün azalması iqtisadi yollarla mümkün deyil, deməli, mütləq qlobal “dalğalanmalar”, müharibələr, müflisləşən ölkələr, maliyyə nəhəngləri və insanlar – dünya vətəndaşları olmalıdır ki, bu yükü azaltmaq mümkün olsun. Yeri gəlmişkən, 2023-cü il sonuna Dünyanın ümumi borc yükü daha 15-20 trilyon artacaq ki, bu da borclanma sürətinin fantastik həddə çatmasına işarədir. Yəni, həzərat, bizi daha qlobal müharibələr-münaqişələr və daha dərin iqtisadi böhran gözləyir.
Dünyada bütün qlobal müharibələr enerji keçidi zamanı baş verib, və ya keçid müharibələrlə müşahidə olunub. Birinci Dünya müharibəsi daş kömüründən neftə, İkinci Dünya müharibəsi neftdən atoma keçidlə müşahidə olundu, indi hibrid şəkildə Üçüncü Dünya müharibəsi gedir və qızışır ki, bu da neftdən bərbaolunan enerjiyə keçidlə pararlel baş verir. Bərpaolunan enerji məsələsi reallıqdır, amma təhlükələrlə də doludur – fraqmental dünya heç də hamıya xoş gəlmir, çünki güclü reqional oyunçular yaranır-yaranacaq (məsələn, qardaş Türkiyə kimi), ona görə də qlobal keçiddən sonra nadir/əlvan metallar və texnologiyalar kimin əlində olacaqsa, onlar da yeni qaydalar müəyyən edəcəklər. Yəni, əgər sən yeni dünyada yer almaq istəyirsənsə, məsələn, günəş paneli istehsal etməyi bacarmaq azdır, onun xammalına çıxışın, proqram təminatın olmalıdır ki, asılı vəziyyətə düşməyəsən – nə fərqi var ki, neftdən/qazdan asılı ol, ya da texnologiyalardan, hər iki asılılıq dövlətlərdə zəif nöqtələrin yaranmasına səbəb olur. Belə...
Natiq Cəfərli
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru