Açar isim olan Sinan Oğan - Ondan “mehdiyevçi” düzəltmək istəyənlər kimlərdir?

22-05-2023, 10:57           
Açar isim olan Sinan Oğan - Ondan “mehdiyevçi” düzəltmək istəyənlər kimlərdir?
Türkiyədəki seçkilərin əsas favorit namizədləri tərəfindən adı tələffüzə layiq bilinməyən, öz partiyasından iki dəfə qovulan, millətçilərin digər partiyasında - İYİ Partiyada arzuolunmaz sayılan Sinan Oğan niyə seçkilərin taleyini həll edə biləcək açar fiqura çevrilə bildi?

Niyə CHP seçkilərin II turunu faktiki olaraq Sinan Oğanın səslərini qazanmaq yarışına çevirib? Niyə iki dəfə qovulduğu partiyaya yaxın media orqanlarında və partiya kulislərində onu postBaxçalı dövrü MHP-ni millətçi kəsimin əsas partiyası kimi qoruya biləcək, bütün türkçü sosial bazanı birləşdirə biləcək əsas fiqur kimi nəzərdən keçirməyə başladılar?

Çünki millətçi, hətta ultra millətçi tələblərin normal ifadə edilə biləcəyini nümayiş etdirə bilir. Antimiqrant çıxışlarını ulusalçılardan, hətta onu dəstəkləyən Zəfər Partiyasının sədri Umut Özdağdan fərqli olaraq antisemitizmə, ərəbofobiyaya döndərmir. Ölkəsini gözləyən demoqrafik fəlakətdən bəhs edir, Türkiyənin bu qədər miqrant qəbul etməyə hazır olmadığını rəqəmlərin sərt dili ilə izah edir.

“Türk” anlayışını Fransadakı “fransız”, bizdəki “azərbaycanlı” anlayışı kimi təqdim edir; həm konstitusion, tarixi mədəni üst kimlik, həm də icmalardan birinin adı, altkimliyi kimi.

"İrqçi" yarlığı ona yapışmır, çünki uşaqlıq, məktəb, universitet illərindən, ailəsinin dolanışığına kömək məqsədilə fəhləlik etdiyi dövrlərdən bəri onlarla kürd əsilli dostları, yaxınları var. Onların qayğılarını, haqlı tələblərini bilib çözülməsini istədiyini deyir və bu zaman yetərincə səmimi təsir bağışlaya bilir.


(ATA İttifaqının azərbaycanlı namizədi-İsrail mediasının təqdimatı)

Təqdim etdiyi millətçilik MHP-nin ənənəvi türk-sünni islamı sintezinin də; ulusalçıların, Özdağın təqdim etdiyi etnik icma dominantlığı vurğusunun da fövqünə qalxa bilib. Atatürkə aid edilən “türk, çerkez, kürt, arap, laz ve sair anasirdən ibaret” türk kimliyi tanıtımı çərçivəsində dövlət kimliyi ilə birləşən insan toplusunun mütəəssibi-dövlət millətçisi kimi çıxış edir. Belə millətçiliyə, hər hansı milli dövlətin ehtiyacı var, o cümlədən bizim də belə azərbaycançılığa əşəddü ehtiyacımız var.

Onu iki dəfə partiyadan ixrac etmiş şəxslər haqda da siyasi ədəbi (korrektliyi) gözləməklə bəhs edir. İnkarçı, rəqibi aşağılamaqdan zövq alan siyasətçilərdən yorulan kütlə istər-istəməz öz platformasını normal təqdim edən şəxsə yönəlir- bəzən o platforma məqbul olmasa da.


(Canan Kaftançıoğlu kimi ifrat liberal kosmopolit birisi belə Azərbaycan bayrağı və Boz Qurd plakatları fonunda görüntülənməyə məcbur qalıbsa, demək, Sinan Oğan məqsədinə xeyli dərəcədə nail olub)

Bir qrup azərbaycanlı siyasətçinin ona qarşı ittihamları isə hələ 2015-dən başlayıb. Oğanı MHP-dən qovmuş qrupla müxtəlif formatlı əməkdaşlıqları olan bir düjün soydaşımız (Türkiyədə və Azərbaycanda yaşayan, Azərbaycan vətəndaşlığı daşıyan şəxslər) ondan “mehdiyevçi” düzəltməyə də çalışıblar və yenə də çalışırlar. İttihamın absurdluğunu anlamaq üçün xatırlatma -sizcə, hələ sovet dövrü Bakıya və Şərqi Türküstana gizli səfərlər, Elçibəy ətrafında olması, TİKA-nın Azərbaycan bürosunu yaratması, ASAM-da büro rəhbərliyi, TÜRKSAM quruculuğu, Moskvaya elmi ezamiyyələr bizdə hansısa şəxslə və ya qurumla bağlı ola bilərmi? Elə bir quruma Azərbaycanda kimsə yön verə bilmək qüdrətində idimi? Və ya gələcəkdə də olacaqmı?

Görünür, bəziləri Azərbaycanda öyrəndikləri mətbu killer istedadlarını, efir şüvənliyi bacarıqlarını beynəlxalq bazara çıxarıblar. Qınamaq da olmur adamları; bu istedad sayəsində özlərinə karyera, biznes, əlaqələr qurublar. Öyrənmək pis şeydir.

Bəs, Sinan Oğan kinqmeykerdirmi? (kinqmeyker - seçkinin qalibini müəyyən edəcək ikinci dərəcəli fiqur) Birmənalı “hə” və ya “yox” demək çətindir. İYİ Partinin belə CHP-yə fayda gətirdiyinə şübhələr var. Hərçənd 23 faizlik sosial bazası olan partiya sədrinin seçkidə 45 faiz qazanması “faydası var” deməyə əsas verir.

Oğan ikinci tura qalmış namizədlərdən biri ilə uzlaşa, sekulyar millətçi dediyi kəsimi partiyaya çevirə biləcəkmi? Yaxın zamanlarda bilinəcək.


(Türkiyə seçkilərinin "qara atı" - İfrat sağçı, azəri pantürkist-“İranglobal" Sinan Oğanı belə təqdim edir)

Lakin son illər soldan çox liberalizmə , cümhuriyyətçilikdən çox kosmopolitizmə meyillənmiş CHP II tur kampaniyasını millətçi şüarlarla aparmağa, Canan Kaftançıoğlu kimi ifrat liberal kosmopolit birisi belə Azərbaycan bayrağı və Boz Qurd plakatları fonunda görüntülənməyə məcbur qalıbsa, demək, Oğan məqsədinə xeyli dərəcədə nail olub. Qərb, İran, rus, ərəb, hətta İsrail mediası ondan bəhs edir, Azərbaycan mənşəyini mütləq qabardır və türk millətçilərinin gələcək lideri kimi bəhs edirlərsə, demək, məqsədinə nail ola bilib. Azərbaycan mediasının onu müdafiədə, əlbəttə ki ifrata varması yanlış olardı, amma ona yarlıq yapışdırmaq, bizim üzərimizdən vurulmasında vəsilə olmaq, yumşaq desək, arzuolunmazdır. Çalışın, mübhəm xidmətlərini beynəlxalq bazara çıxaranların səfində yer almayın...

Cəmaləddin Quliyev, siyasi ekspert
Mənbə: Publika.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru