Dövlətin iqtisadiyyatda, biznesdə birbaşa iştirakı, menecer kimi fəaliyyəti ziyanlıdır, effektiv deyil

23-05-2023, 08:28           
Dövlətin iqtisadiyyatda, biznesdə birbaşa iştirakı, menecer kimi fəaliyyəti ziyanlıdır, effektiv deyil
Hökumətin “Azərxalça” sevgisini məntiqlə izah etmək olmur, şəxsi maraqların olduğu aşkardır, amma anlamaq mümkün deyil.
“Azərxalça”-nın əvvəlki rəhbəri həbs edildi, cinayət işi açıldı, ziyan və zərər aydın göründü, yeyintilər üzə çıxdı – rəhbərlik dəyişdirildi, amma heç nə dəyişmədi.
Teref.az yazır ki, bunu iqtisadçı ekspert Natiq Cəfərli yazır. Daha sonra fikirlərini şərh edən ekspert yazır:
Dövlət şirkəti "Azərxalça" ASC 2022-ci ili 3 milyon 368 min manat xalis zərər ilə başa vurub. Şirkət 2021-ci ili 3 miyon 199 min manat xalis zərər ilə bağlamışdı. Beləliklə, ötən il "Azərxalça"nın xalis zərəri 169 min manat daha çox olub. 2022-ci ilin sonunda "Azərxalça"nın yığılmış zərəri 20 milyon 406 min manata çatıb. 2021-ci ilin sonunda Şirkətin yığılmış zərəri 17 milyon 39 min manat təşkil etmişdi.
Hörmətli qalstuklu müəllimlər, SSRİ kimi monstr aydın şəkildə göstərdi ki, dövlətin iqtisadiyyatda, biznesdə birbaşa iştirakı, menecer kimi fəaliyyəti zaydır, pisdir, ziyanlıdır, effektiv deyil. Dövlət iqtisadiyyatda “startup” ola bilər, ədalətli hakim olmalıdır, əlində olan vergi-gömrük və güzəştli kredit kimi vacib alətlərdən doğru istifadə etməlidir.
Amma bizim hökumət hər şeyi özü etmək istəyir, xalça toxumaq, corab istehsal etmək, “vintaçanla” maşın yığmaq, pomidor əkmək – hər yerdə ancaq özü öndə olmaq istəyir. Çünki, məmurlar biznesdə “ağadırlar”, dövlətin malı məmurlar üçün dəryadır, dövlət maliyyəsi gəlir mənbəyidir – Dövlət şirkətlərinin ziyanı həmişə məmur-biznesmenin gəlidir!
İşləmir bu sistem, yaramır bu yanaşma, çəkin əlinizi biznesdən, rəqabətli və ədalətli mühit yaratmasaq ölkənin gələcəyi dumanlıdır. “Azərxalça”-nı özəlləşdirmək lazımdır – özəlləşdirmək üçün isə ölkədə investorlara ehtiyac var – investisiyalar üçün isə ədalətli məhkəmə, doğru vergi-gömrük siyasəti olmalıdır. Belə...
Natiq Cəfərli
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.