Ermənilər üçün açar: “Əgər sizə lazımdırsa, gəlin, Gəncə, Bərdə, Bakıdan...”

20-07-2023, 17:09           
Ermənilər üçün açar:
“Qarabağ ermənilərinin Azərbaycanın təklif etdiyi humanitar yardımları qəbul etməsi ilə yanaşı, bölgənin Azərbaycana inteqrasiyası məsələsində kənar güclərin maraqlı olması önəmlidir. Fransanı çıxmaq şərti ilə Avropa İttifaqı bu məsələdə maraqlıdır”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında politoloq Samir Hümbətov deyib.

Siyasi analitik Qarabağ erməniləri arasında Azərbaycan və Avropa İttifaqının təklif etdiyi humanitar dəhliz məsələlərindən söz açıb.

Xatırladaq ki, Laçın yolunun bağlanmasından sonra Qarabağ ermənilərinə humanitar yardımların göndərilməsi məqsədi ilə Ağdam-Əsgəran-Xankəndi yolu təklif olunsa da, separatçı rejimin basqısı altında yaşayan sıravi ermənilər bu təklifi qəbul etməyiblər. Bundan başqa, onlar Əsgəran-Ağdam yolunun üzərinə beton blokadalar quraşdırıblar.

Öz növbəsində, S. Hümbətov düşünür ki, Avropa İttifaqı da Laçın yoluna alternativ olaraq, təklif edib ki, proses Bərdə-Ağdam-Xankəndi marşrutu üzərindən keçirilsin:

“Deməli, Avropa İttifaqının burada marağı var ki, humanitar yardımlar bu yolla getsin. Xankəndidə yaşayan ermənilər isə yaxşı başa düşürlər ki, bunun bir dənə variantı var. Əgər Avropa İttifaqı bu məsələdə prinsipial mövqe orta qoyub Azərbaycanın sözünü deyirsə, o cümlədən Laçın dəhlizində qurulan nəzarət-buraxılış məntəqəsinə beynəlxalq qurumlardan heç biri heç nə demirsə, deməli, separatçılar üçün artıq çıxış yolu bir dənə qalır, o da reinteqrasiya prosesinə qoşulmaqdır”.

Siyasi şərhçinin fikrincə, sıravi ermənilər bu prosesə qoşulmaq istəyirlər, amma burada separatçı rejimin ünsürləri bu prosesi pozmağa çalışır:

“Çünki onların da qabağına ya Rusiya, ya İran, ya da Fransa tərəfindən belə bir öhdəlik qoyub. Bu öhdəliyə görə də onlar boğulub qalıblar və hər hansı bir məsələdə müstəqil qərar verə bilmirlər, o qurumların təsiri altında qalmağa məcbur olurlar.

Amma mənə elə gəlir ki, orada yaşayan sıravi ermənilər reinteqrasiya prosesinə qoşulub humanitar yolun Bərdə-Ağdam-Xankəndi marşrutundan keçməsini istəyəcəklərsə, bu, artıq kütləvi hal ala bilər ki, bu da Azərbaycana qarşı simpatiyanın artması deməkdir. Çünki Azərbaycan Ermənistandan başqa alternativləri təqdim edib. Azərbaycan göstərir ki, mən sizə Ermənistandan savayı bu şəraiti yaradıram, qazı, işığı, suyu verirəm, kommunikasiya xətlərinə imkan verirəm. Əgər sizə lazımdırsa, gəlin, Gəncə, Bərdə, Bakıdan alın və özünüzü Azərbaycan vətəndaşı olaraq hiss edin”.

Müsahibimiz düşünür ki, erməni sakinlərin hamısı Azərbaycana qarşı düşmən mövqedə deyillər:

“Onların içərisində Azərbaycanla birgə yaşamaq istəyənlər də var. Bizim üçün məqbul variant isə istəyənlərin yaşamasıdır. İstəməyənlər üçün isə yol açıqdır. Ona görə də prosesin gedəcəyini düşünürəm, amma müəyyən maneələri istisna etmirəm. Lakin çətinliklə olsa belə, gedəcək. Çünki hadisələr onu göstərir ki, Azərbaycanın mövqeyi Avropa İttifaqı və Qərbdə qəbul olunub. ABŞ dövlət katibinin Ermənistan və Azərbaycanın xarici işlər nazirləri ilə birlikdə olan görüşündə səsləndirdiyi fikirlər də onu göstərir ki, Qərb dünyası Qarabağ ermənilərinin Azərbaycana reinteqrasiya prosesində maraqlıdırlar və bunu istəyirlər. Əslində, bu, münaqişənin çözülməsi üçün bir açar rolunu oynayır və öz nəticələrini verəcək”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.