Bu hökm mənə yox, Azərbaycan dövlətinə kəsilib - Heydər Oğuz yazır

13-08-2023, 08:14           
Bu hökm mənə yox, Azərbaycan dövlətinə kəsilib - Heydər Oğuz yazır
Əziz dostlar, bəlkə bəziləriniz mənim barəmdə çıxarılan məhkəmə qərarını individual olaraq dəyərləndirdiyinizdən məsələnin əsl mahiyyətini tam olaraq görə bilmirsiniz. Və bu səbəbdən də mənim 6 aylıq maaşımın 10%-nin cərimə kimi tutulmasını niyə böyük problemə çevirdiyimə qəribə baxırsınız. Amma məsələ burasındadır ki, mən olmayan maaşımın 10%-ni davasını edəcək qədər xəsis deyiləm. Zira, icrası belə mümkün olmayan bir cəzanın dərdini çəkməyə dəyərmi?
Mənim dərdim daha çox, Suraxanı rayon Məhkəməsinin kəsdiyi cəzanın yalnız şəxsimlə əlaqədar olmaması ilə bağlıdır. Daha aydın dillə ifadə etsəm, bu hökm mənə yox, Azərbaycan dövlətinə kəsilib.
Niyə belə düşündüyümü anlamaq üçün son zamanlar Azərbaycanda mətbuata qarşı repressiyanın ümumi mənzərəsi ilə yanaşı, ölkəmizdə və regionumuzda yaşanan geosiyasi hadisələrə nəzər salmaq lazımdır.
Məlum olduğu kimi, BMT, ATƏT, Avropa İttifaqı kimi böyük təsir gücünə malik beynəlxalq qurum və quruluşlarının ciddi şəkildə qınadığı difamasiya maddələri ilə haqsız yerə məşhər ayağına çəkilən yalnız mən deyiləm. Mənimlə bərabər proqramlarında Naxçıvan mövzularına ciddi yer ayıran Aygün Muradxanlı, Vüqar Tofiqoğlu kimi jurnalistlərlə də ya məhkəmələrdə sürünür, ya da həbsdə yatırlar. Bundan əlavə, xeyli sayda jurnalistlərimiz eyni maddə ilə müttəhimlər kürsüsündə yarğılanırlar. Təbii ki, bizim jurnalist hüquqlarımızın bərpası öz ölkəmizdə həllini tapmasa, istər-istəməz Avropa İnsan Haqları məhkəməsinə çıxacaq. Son zamanlar bu beynəlxalq məhkəməyə ölkəmizdən xeyli sayda şikayətlərin getdiyi, onların böyük əksəriyyətinin haqlı görülərək, dövlətimizin təzminat ödəməsinə qərar verildiyi də sirr deyil.
Üstəlik, söhbət təkcə maddi təzminatdan da getmir. Azərbaycandan söz və vicdan azadlığı ilə bağlı şikayətlərin artması düşmənlərimizin dəyirmanına da su tökür, onların bəhanələrinə haqq qazandırır. Məsələn, Azərbaycanla reinteqrasiya prosesinə girmək istəməyən, toplumların öz müqəddaratını təyin etmək kimi beynəlxalq hüquqlardan dəm vuran Qarabağ ermənilərinin ən çox üzərində dayandıqları bəhanələrdən biri də ölkəmizdə ən fundamental insan haqlarının pozulması kimi iddialarıdır. Nə yazıq ki, Azərbaycan hakimiyyətindəki bəzi qüvvələr də öz axmaq siyasətləri ilə ermənilərin bu təşəbbüsünü dəstəyirlər.
Bax, əsl üzərində durulması lazım olan məsələ də budur – kimlərinsə qəsdən düşmən dəyirmanına su tökməsi. Məhz bu mövqeləri ilə sözügedən qüvvələr adı məhkum olduğu halda, azad insandan fərqli yaşamayan Heydər Oğuzdan çox, bu dövlətə və onun Qarabağ uğrunda qətiyyətli mövqe ortaya qoymağa çalışan hakim elitasının beynəlxalq nüfuzuna zərbə vurmağa çalışırlar. İstər-istəməz bizim diplomatiyamızın gücünü zəiflədirlər.
Heyder Oguz
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.