"Və bunu Sizin özünüz üçün də istəmirəm" - Heydər Oğuz yazır...

13-08-2023, 11:34           
"Və bunu Sizin özünüz üçün də istəmirəm" -
Çox hörmətli, Fuad Nəcəfli əfəndi.
Vaxt ötən ilin noyabr ayı idi. Siz onda "Paşa Holdinq" MMC-də mühüm bir vəzifədə işləyirdiniz. Mən isə ölkəmizin bir çox jurnalistləri ilə əl-ələ verib Naxçıvandakı “xan” rejiminin içüzünü açıb meydana tökməklə məşğul idim. Hiss olunurdu ki, artıq “xan” həzrətlərinin taxtı get-gedə laxlayır.
“İşverənlik” kimi çıxmasın, hazırda sizin qoltuğunuza sığınıb Vasif Talıbovu yerdən-yerə vuran “xan trolları” Naxçıvanda şayiə yayırdılar ki, Muxtar Respublikada gedən dava əslində Paşayevlərlə Talıbovlar arasında mübarizədən başqa bir şey deyil. Və “xan” başqası ilə əvəz olunsa belə, bu, Naxçıvan əhlinin həyatında hər hansı fundamental dəyişikliyə yol açmayacaq. Məhz bu dövrdə hazırda öz köhnə vəzifəsini icra edən Naxçıvan “xanı”nın trolbaşısı maraqlı bir status paylaşdı. Alleqorik dillə yazılmış həmin status Naxçıvanda qəsdən yayılan və bu gün də “xan” ailəsinə məxsus şəxslər tərəfindən tiktok səhifələrində tirajlanan məlum şayiələrlə həmahəng səslənirdi:
“Bir ağanın eşşəyi olur. Bir gün ağa ölür. Eşşək başlayır atılıb-düşüb sevinməyə ki, ağa öldü. Bir adam da soruşur ki, ay eşşək niyə belə sevinirsən? Eşşək də cavabında deyir ki, bu ağa mənə çox əziyyət verirdi. Öldü canım qurtardı. Adam da eşşəyə deyir ki, ağan ölsə də sənin canın qurtarmadı, sən indi başqasının eşşəyi olacaqsan. Əsas odur ki sən eşşəkliyini tərgidəsən”.
Faktiki olaraq, Naxçıvan əhalisinin eşşəyə, Sizin və “xan” həzrətlərinin eşşək minənə oxşadıldığımız bu statusu mən o vaxt bərk tənqid atəşinə tutmuşdum. Üzərindən bir neçə ay keçəndən sonra məhkəməyə verildim və şikayət ərizəsində böhtan dəlili kimi göstərilən faktlardan biri də həmin statusla bağlı yazdığım fikirlər idi.
Ömründə bir dəfə belə xarici siyasətdən yazmayan, bütün əqli enerjisini onu-bunu şantaj etməyə, bir də dağlarda "Naxçıvan dolması" (əslən Naxçıvandan olsam da, mən hələ belə bir dolma dadmamışam) bişirməyə xərcləyən “Qızcığaz”ın iddiasına görə, bu statusu Ermənistana həsr edib. Halbuki nə o vaxt, nə də indi Ermənistanda "qabıqdəyişmə" prosesi getmirdi. Naxçıvan isə "qabıqdəyişmə" ərəfəsində idi.
Bunları Sizə yazmaqda məqsədim şikayətlənmək deyil. Şükür Allaha, nə Siz Apellyasiya Məhkəməsinin hakimi və ya Məhkəmə-Hüquq Şurasının üzvüsünüz, nə də mənim Sizin himayənizə ehtiyacım var (Allah o günü mənə göstərməsin də). Bunları sadəcə ona görə yazıram ki, çalışın, “Qızcığaz” xanım əfəndinin proqnozlarını haqlı çıxarmayasanız. Və bunu Sizin özünüz üçün də istəmirəm. Biləsiniz ki, Naxçıvanda atdığınız hər yaxşı addım həm də mənim ünvanıma yazılır və o diyarın sakinləri ölənlərimə rəhmət oxuyur. O insanların gözləntiləri doğrulmayanda isə qınanan yenə təkcə Siz yox, həm də mən oluram. Mənim dərdim özümü qınaqlardan uzaq tutmaqdır, Sizə yönələn tənqidlər deyil.
Heyder Oguz
Teref.az













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.