Samvel Şahramanyan separatçı “DQR”-in yeni “prezidenti” oldu – Bakı ilə danışıqlar bərpa olunacaqmı?

10-09-2023, 09:34           
Samvel Şahramanyan separatçı “DQR”-in yeni “prezidenti” oldu –
Tanınmamış “Dağlıq Qarabağ Respublikasında” şənbə günü keçirilən seçkilərdə keçmiş “dövlət naziri” Samvel Şahramanyan “parlamentdə” 23 səsdən 22-ni toplayaraq “prezident” seçilib, Ermənistan mediası yazıb.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib ki, Qarabağda keçirilən “prezident seçkiləri” Azərbaycan qanunlarının, eləcə də beynəlxalq hüququn norma və prinsiplərinin “kobud şəkildə pozulması” faktıdır.

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Yuri Kim ilə şənbə günü regiondakı son vəziyyəti müzakirə edən Ceyhun Bayramov bu addımın bölgədə “normallaşma və erməni sakinlərin reinteqrasiya edilməsi səylərinə ciddi zərbə” vurduğunu bildirib, Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatında qeyd olunub.

Ermənistan mediasının yazdığına görə, Qarabağın yeni “prezidenti” Samvel Şahramanyan bu ilin martında Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin iştirakı ilə Azərbaycan və Qarabağ ermənilərinin nümayəndələri arasında baş tutan görüşdə erməni icmasını təmsil edən şəxslərdən biri olub. Həmin vaxt o, separatçı qurumun “təhlükəsizlik naziri” vəzifəsini icra edirdi.

"Parlamentdə" səsvermədən əvvəl çıxış edən Samvel Şahramanyan bildirib ki, “Dağlıq Qarabağ status almalıdır və Laçın dəhlizi vasitəsilə Ermənistanla birbaşa əlaqələrə malik olmalıdır”, "DQR parlamentinin" saytında qeyd olunub.

“Digər yollar da açıla bilər, lakin dəhlizi heç nə əvəz edə bilməz”, - Samvel Şahramanyan deyib.

Nazir Ceyhun Bayramov dünya ictimaiyyətini beynəlxalq hüquqdan irəli gələn öhdəliklərə uyğun olaraq, Azərbaycan ərazisində “seçki” adı altında aparılan bu qanunsuz fəaliyyəti qətiyyətlə pisləməyə çağırıb.

Avropa İttifaqı Qarabağda keçirilən seçkiləri tanımadığına dair bəyanat yayıb.

Qurumun yaydığı bəyanatda bildirilib ki, “Avropa İttifaqı Xankəndi/Stepanakert-də sentyabrın 9-da keçirilən “prezident seçkilərini” konstitusiya və hüquqi çərçivədə tanımır".

“Eyni zamanda Avropa İttifaqı inanır ki, Qarabağ ermənilərinin de-fakto lider ətrafında birləşərək Bakı ilə nəticəyə yönəlik müzakirələr aparması vacibdir. Aİ bu prosesi dəstəkləməyə davam edəcək”, - bəyanatda qeyd olunub.

Siyasi təhlilçi Fərid Şəfiyev hesab edir ki, Qarabağda separatçıların özlərinə kimi "prezident" seçməsindən asılı olmayaraq, Bakının yanaşması dəyişməyəcək.

“Bakını maraqlandıran əsas məqam bütün inzibati ərazilərdə Azərbaycan qanunlarının bərpa edilməsidir və buna pillə-pillə nail olacaq. Hazırda separatçılar arasında Ağdam-Xankəndi yolunun açıb-açmamaqla bağlı fikir ayrılığı mövcuddur və böhran yaşanır. Amma Bakı həmişə dialoqa hazır olduğunu və təkliflər göndərdiyini bəyan edib”, - təhlilçi BBC Azərbaycancaya deyib.

Bununla belə, Fərid Şəfiyev hələlik prosesin necə inkişaf edəcəyini deməyin çətin olduğunu da vurğulayıb.
bbc












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.