Hansı siyasi partiya çıxıb deyə bilər ki, biz milli maraqları üstün saymırıq?!

12-09-2023, 17:53           
Hansı siyasi partiya çıxıb deyə bilər ki, biz milli maraqları üstün saymırıq?!
YAP Mərkəzi Aparatının İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nurlan Qələndərli bazar günü yazdığım və dəfələrlə ictimai müzakirələrdə dilə gətirdiyim siyasi partiyaların ideoloji boşluğu ilə bağlı məsələlərə münasibət bildirib. İlk öncə Nurlan Qələndərliyə təşəkkür edirəm – nəyahət ki, ciddi mövzularda fikir bildirməyə başlayıblar. Qırıcı, aşağılayıcı dili-üslubu kənara qoysaq (təəssüf ki, bu stil YAP-ın və onların əzəli müttəfiqləri olan klassik müxalifətin illərdir formalaşdırdığı yanaşmadır), yazdığım-söylədiyin tezislərə, öz bacarıqlarına uyğun cavab veriblər.
Amma cavabın özünün olması, polemika cəhdləri sevindiricidir – biz çoxdandır ki, siyasi diskursun mədəni-elmi müstəviyə keçməsinə, tezislərə söykənməsinə çalışırdıq. Ümid edirəm ki, bu ilk publik polemika dərinləşəcək, əsl debata çevriləcək, arqumentlər yarışacaq.
İndi gəlin mənim dediklərimə YAP-ın cavablarını incələyək:
Mənim tezisim – “YAP-ın siyasi xətti, ideoloji kimliyi, istiqaməti məchuldur. Yeri gələndə millətçi-türkçü olurlar, bəzən “sollaşırlar”, bəzən “sağa” dönüş edirlər, birdən “multikulturalist” donu geyinirlər”.
YAP-ın cavabı - Bu yanaşma həm savadsızlıq, həm məlumatsızlıq, həm də qərəzlilik nümunəsidir. Çünki əvvəla, partiyanın İdarə Heyətinin qərarı ilə 2021-ci ildə təsdiq edilmiş proqramda YAP-ın ideoloji siyasətinin əsasları - bütün istiqamətləri öz əksini tapıb. Əgər N.Cəfərli bir anlıq inkarçılıq psixologiyasından qurtula bilsə və internetdən istifadə etmək imkanına malikdirsə, Yeni Azərbaycan Partiyasının rəsmi saytına daxil olaraq proqramda əksini tapmış ideoloji-siyasi məsələlərlə tanış ola bilər. Əgər N.Cəfərli bu dəyərlər və prinsiplərin hansı ideoloji istiqamətə aid olduğunu müəyyənləşdirə bilmirsə, bunu natamam “iqtisadçı”nın siyasi savadsızlığı adlandıra bilərik. Deyək və agah olsun ki, bu azərbaycançılıq məfkurəsinə əsaslanan milli ideologiyadır. Burada liberalizmin də, mühafizəkarlığın da, yeni mühafizəkarlığın da (və s.) elementləri var, yəni universal ideoloji formuladır. Şərt deyil ki, “Real” kimi ideoloji siyasəti məhz Qərb nəzəriyyələrindən kopya edərək “ya liberal, ya da mühafizəkar”, ya “sağ, ya da sol” deyə kəskin təsnifatlandırma aparaq.
- Bu bölümlə bağlı qeydim: Hörmətli Nurlan müəllim, köhnəlmiş, Sizə və 30 ildir özünüzə rəqib düzəldib əldə saxladığınız əski müxalifətə xas üslubunuzu kənara qoyub məğzinə cavab verim – İddia edirsiniz ki, “YAP-ın azərbaycançılıq məfkurəsinə əsaslanan milli ideologiyası”, var. İnciməyin, amma bu söz yığınıdır, ölkədə hansı partiya anti-millidir, azərbaycançılıq məfkurəsi nədir, nələri özündə ehtiva edir – bu sulların cavabı yoxdur, çünki ölkədə siyasi partiyaların əksəriyyəti eyni şeyi deyə bilər və bu həqiqət olacaq. Bir də həm liberal, həm mühafizəkar olduğunuzu iddia etməyiniz mənim dediyimi təsdiqləyir – deməli sizin ideologiyanız yoxdur. Unversal ideologiya olmur, onun adı həftebecərdir.
Mənim iddiam - “YAP iqtidar partiyası deyil, iqtidarda təmsilçiləri olan partiyadır”.
YAP-ın cavabı – “Görünür, Natiq Cəfərli ya “iqtidar partiyası” ifadəsinin anlamını bilmir, ya da insanların (ən azından, sosial şəbəkə istifadəçilərinin) siyasi nöqteyi-nəzərdən cahil olduqlarını düşünür. “İqtidar partiyası” seçkidə xalqın dəstəyini qazanaraq hakimiyyət funksiyasını yerinə yetirən siyasi təsisatdır. N.Cəfərlinin anlayacağı dildə, yəni loru və bəsit ifadə etsək, iqtidar partiyası hakimiyyətdə olan siyasi təşkilatdır. Görəsən, onun bunların hansından xəbəri yoxdur – YAP-ın hakim partiya olmasından, yoxsa iqtidar və hakimiyyət sözlərinin mənasından?! Yoxsa hər ikisindən?! Hakimiyyətə iddialı olan partiya nümayəndəsinin “hakimiyyət” məfhumunun anlamından bixəbər olması təkcə qəribə deyil, həm də öz adına ayıbdır”.
- Bu bölümlə bağlı qeydim: Hörmətli Nurlan müəllim, görünür ki, Sizə bu sözlər çox pis təsir edib, yoxsa “YAP-Cəbhə” üslubunda, aşağılayıcı tonla cavab vermək əvəzinə arqumentlərlə danışardız. Bəli, formal olraq YAP iqtidar partiyasıdır, amma iqtidar partiyası bilirsiz necə olur, deyim, bir qırağa yazın: 1) Milli Məclisdə YAP-ın 68 deputatı var, amma fraksiyası yoxdur, qanunvericiliyə görə 25 nəfər fraksiya qurmaq üçün kifayət edir, bəs nədən YAP-ın iqtidar fraksiyası yoxdur Parlamentdə?! 2) İqtidar partiyası mütləq qanunvericilik təşəbbüsləri ilə çıxış edir, qanun layihələri təqdim edir – Siz deyə bilərsinizmi ki, heç olmasa, son 10 ildə YAP neçə qanun layihəsinin müəllifi olub və müzakirələrə təqdim edib?! 3) YAP iqtidar partiyasıdırsa, onun nazirləri olmalı, məhz partiyanın onları dəvət edib tapşırıq vermək imkanı olmalıdır – varmı belə mexanizminiz?! 3) Əgər YAP sədri İlham Əliyevin həm də Prezident olmasını iqtidar partiyası olmaq nümunəsi kimi təqdim edirsinizsə, bu zaman da öz sədrinizi təkzib edirsiniz – Hörmətli Prezident İlham Əliyev dəfələrlə bütün əhalinin, hamının prezidenti olduğunu söyləyib, hətta Konstitusiyaya görə də bu belədir. Siz Prezidentin sözlərini, Konstitusiyanı qəbul etmirsinizmi?!
Sonda YAP-ın rəsmi qəzetində Mübariz Abdullayev imzası ilə haqqımda təhqir dolu məqaləyə də cavab verim, yenə də “YAP-Cəbhə” əbədi birliyinin ritorikasını kənara qoyub tezislərə fikir versək, hörmətli Mübariz müəllimə də təşəkkür düşür, müəllim yazır:
Heydər Əliyev yolunu özünün əsas fəaliyyət istiqaməti kimi müəyyənləşdirib. Proqramda qeyd olunduğu kimi Heydər Əliyev yolu:
-milli maraqların üstünlüyü;
-güclü, müstəqil, hüquqi, demokratik dövlət;
-inkişaf edən şaxələndirilmiş iqtisadiyyat;
-idarəçilikdə və milli ideologiyada varislilik;
-azad insan, azad cəmiyyət, xalq-hakimiyyət vəhdəti, inkişaf etmiş vətəndaş cəmiyyəti, söz və mətbuat azadlığı, siyasi plüralizm, multikulturalizm, tolerantlıq kimi dəyərlər üzərində qurulub.
Bütün bunlar isə YAP-ın ideoloji kimliyini, eyni zamanda, Natiq Cəfərlinin qərəzini, siyasi səriştəsizliyini və məsuliyyətsizliyini ortaya qoyur.
- Buna da cavab verim: Hörmətli Mübariz müəllim, öz siyasi savadsızlığınızı boş söz yığını ilə ört-basdır etməyə çalışmağınız əbəsdir və yaxşı görünmür – Hansı siyasi partiya çıxıb deyə bilər ki, biz milli maraqları üstün saymırıq?! Hansı siyasi təşkilat bəyan edə bilər ki, güclü, müstəqil, hüquqi, demokratik dövlət istəmirlər?! Siz partiya tanıyırsınızmı ki, inkişaf edən şaxələndirilmiş iqtisadiyyata qarşıdır?! Siyasi partiya olaraq azad insan, azad cəmiyyət, xalq-hakimiyyət vəhdəti, inkişaf etmiş vətəndaş cəmiyyəti, söz və mətbuat azadlığı, siyasi plüralizm, multikulturalizm, tolerantlıq kimi dəyərlər deyəndə nə nəzərdə tutursuz?! Mediaya basqı, azadlıqların məhdudlaşdırılması baş verirsə, deməli ölkədə YAP-ön əlehinə olanlar bunları edir?!
Gəlin Sizə izah edim, sonra YAP-ın rəsmi tərəfdaşınız olan Çin və Vyetnam Kommunist partiyaları soruşarlar, biabır olarsız – İdelogiya, tezis, proqram deyəndə NECƏ nail olmaq yolları izah olunur, məsələn, şaxələndirilmiş iqtisadiyyata NECƏ nail olmaq istəyirsiz?! Və ya, milli maraqlar sizin çün NECƏ ifadə olunur və onları NECƏ qorumaq istəyirsiniz, bunun üçün nə edirsiniz?!
Amma, hər iki müəllifə, YAP Partiyasına ideoloji diskursa başlamaq cəhdlərinə görə bir daha təşəkkür edirəm, sadəcə çalışsınlar ki, 30 illik müttəfiqləri və dayaqları olan “cəbhə” dilindən, "YAP-Cəbhə" birliyindən uzaqlaşıb debat mədəniyyətinə uyğun ritorikaya keçsinlər və arqumentlərlə danışmağı bacarsınlar, o zaman əsl debat olacaq, yoxsa biz DEyəcəyik, onlar BATacaqlar...
Natig Cəfərli
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.