Separatçıların üstünə gələn “qara maskalılar” oyununun arxasında Rusiya görünür...

14-09-2023, 00:16           
Separatçıların üstünə gələn “qara maskalılar” oyununun arxasında Rusiya görünür...
Rusiya yükləri Ağdam-Xankəndi yolundan keçərək, erməni əhalisinə aparılsa da, Azərbaycan yükləri hələ də gözləmədədir. Bu, Ağdam yolunun açılması baxımından əhəmiyyətli nəticə olsa belə, hələ hər şey həll edilməyib.
Rusiya yüklərinin Xankəndinə necə daxil olması prosesi baş verənləri anlamaq baxımından diqqət çəkir. Separatçı rejimin “rəhbərliyi” yükün qəbul ediləcəyini açıqlasa da, Rusiyadan göndərilən yüklər iki gün Bərdədə gözlədilər, səbəb bir qrup erməni təxribatçının Ağdam yolununu bloklaması idi. Sentyabrın 12-də Rusiya yükləri nəhayət yoldan keçdi, erməni mənbələr isə separatçı rejimin “qara maskalıları” (ermənilər belə yazır) yolu bloklayanların üzərinə göndərdiyini və onları ərazidən uzaqlaşdırdığını yazdılar.
Bunun qurulmuş tamaşa olduğu aydındır, Ağdam yoluna toplanan erməni təxribatçıları separatçı rejim özü ora yerləşdirib, onları ərazidən uzaqlaşdırmaq – yolu açmaq üçün “maskalılara” ehtiyac yoxdur, “maskalıların” gəlişi və təxribatçıların yolu açması rəsmi Bakıya “erməni əhalisi Azərbaycan yüklərinin girişini qəbul etmir” tamaşasının nümayiş etdirilməsi məqsədi daşıyır və oyunun arxasında Rusiya olduğu da sirr deyil.
Rusiya yüklərinin keçidindən sonra erməni təxribatçıların yenidən yolu bloklaması da sentyabrın 11-dən 12-nə keçən gecə baş verənlərin oyun olduğunu təsdiq edən amildir. Moskvanın məqsədi Laçın yolunun yüklər üçün açılmasıdır, lakin Bakının tələbini – Ağdam-Xankəndi yolunun açılması – yerinə yetirmədən bunun mümkün olmadığını da anlayır. Və belə bir oyun qurur:
- Separatçılar Rusiya yüklərinin qəbul etməyə razılaşır və yüklər Bərdəyə gətirilir;
- Erməni təxribatçılar iki gün yükün keçidinə “icazə vermir”, nəhayət, “maskalılar” onları ərazidən uzaqlaşdırır və yüklər keçir;
- Daha sonra təxribatçıların yolu bloklaması planı əvvəlki qaydada davam edir;
Moskva öz yüklərinin Ağdam yolundan keçidini təmin etdikdən sonra bir tərəfdən Bakıya “yolun açıldığını”, yəni istəyinin qəbul edildiyini göstərir, digər tərəfdən, bu yoldan yükün qəbuluna qarşı çıxan separatçıların mövqeyini qoruyur. Və məqsəd Bakıdan Laçın yolunun da yüklər üçün açılmasını istəməkdir.
Azərbaycan bu oyunu yaxşı görür və məhz buna görə də Laçın yolu məsələsində prinsipial tələbini davam etdirir:
- Laçın yolundan daşınacaq yüklərə gömrük rüsumları tətbiq ediləcək;
- Beynəlxalq Qırmızı Xaç Komitəsi bu yoldan gömrük rüsumlarının ödənməsi ilə yük keçirəcəksə, eyni vaxtda Ağdam yolundan da yük keçirməlidir;
- Laçından yük keçirmək istəyən bütün ölkələr, yaxud təşkilatlar bu haqda öncə Azərbaycana məlumat verməlidir;
Bu mənzərə Laçın yolunun ümumiyyətlə açılmayacağı, yaxud Bakının şərtləri çərçivəsində ilkin dövrdə açılsa belə, yenə də əsas təminat yolunun Ağdam-Xankəndi marşrutu olacağını deməyə əsas verir. Burada həlledici qərar vermək gücü və imkanı Azərbaycandadır. Və rəsmi Bakının iki istiqamətdə hərəkət edə biləcəyi mümkün görünür.
Ağdam-Xankəndi yolundan Azərbaycan yükləri keçməyənə və erməni əhalisinə çatdırılmayana qədər heç bir yükün keçidinə icazə verməyəcək, separatçılara qarşı hərbi müstəvidə əməliyyatların keçirilə biləcəyi istisna deyil.
Asif Nerimanli
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.