1 addım irəli 3 addım geri - Naxçıvanda deyəsən dəyişən sadəcə "rəhbər" oldu...

14-09-2023, 00:16           
1 addım irəli 3 addım geri -
Naxçıvanda taksi xidməti üçün əvvəllər tətbiq olunan sərt qaydalar geri qayıdır. Bu qaydalara görə, Naxçıvanda taksi sürmək üçün ilk növbədə yerli istehsal olan „NazLifan“ avtomobilin olmalıdır. Çünki, bundan sonra taksi lisensiyası yalnız bu avtomobillərlə veriləcək. Lisensiyasız taksi xidməti göstərənləri isə, sərt cəzalar gözləyir. Lakin, şərtlər bununla bitmir. Taksi sürücüləri xüsusi uniforma geyinməli və eyni ilə əsgərlikdəki kimi, hər gün üzlərini qırxmalıdırlar. Bu qaydaları pozanların lisenziyası əlindən alınacaq, onlar cərimələnəcək. Teref.az yazır ki, bu haqda „Gündəlik Naxçıvan“a taksi sürücülərinin özləri məlumat verib.
Taksi xidməti göstərmək üçün yuxarıda sadaladığımız ağır şərtlərin hamısı Vasif Talıbovun zamanında tətbiq olunurdu. Naxçıvandakı siyasi dəyişiklikdən sonra bu şərtlər aradan qaldırılmış və taksi xidməti qaydaları Bakıya uyğunlaşdırılmışdı.
Sürücülər bildirir ki, avqust ayının sonlarından başlayaraq, yol polsləri reydlər keçirib, yeni qaydalara uymayanları idarəyə aparırlar. Taksi sürücüsü Rafiq Məmmədov deyir ki, onlara hələlik xəbərdarlıq olunub:
“Yeni şərtlərə uyğun olmayan bütün taksiləri yığıb polsə apardılar. Dedilər ki, Talıbovun zamanında necə işləyirdiniz, necə forma geyinirdinizsə, hər gün üzünüzü necə qırxırdınızsa, yenə də o qaydada işləyəcəksiniz. Əks təqdirdə işləməyə qoymayacağıq. Fuad Nəcəfli gələndən sonra Vasif Talıbovun zamanında taksi xidməti üçün qoyulan şərtlər aradan qaldırılmışdı. Biz də sevinirdik ki, işləyib, ailəmizi dolandıracağıq. Lakin, bunlar daha betər edir”.
Taksi sürücüsü B. Quliyev də son xəbərdarlıq aldığını deyir. O, yeni qaydadnın tətbiqinə görə, işsiz qalacağından şikayətlənir:
“Naxçıvanda hakimiyyət dəyişdikdən sonra taksilər üçün qoyulmuş qadağalar ləğv olundu. „NazLifan”ı olmayanların taksi xidmət göstərmələrinə də imkan yaratdılar. Dedilər gedin, işləyin. Hamımız sevindik. Avtomobili olub işsiz qalan çoxlu sayda insan taksi xidməti ilə məşğul olmağa başladı. Mən də “Mersedes” markalı avtomobilimlə taksi xidməti göstərməyə başladım. Hər ay xidmətə görə vergini, DSMF-ni də ödəyirdik. İndi yenidən köhnə qaydalara qayıdırlar. Avqustun axırı reydlər keçirəndə məni də idarəyə aparıb, son xəbərdarlıq etdilər. Ya “NazLifan” ya da taksi olmaz. Bir də tutulacağımız təqdirdə bizi həbs etməklə də hədələdilər“.
Məsələyə münasibət öyrənmək üçün Naxçıvan MR DYP-lə əlaqə saxlasaq da, sürücülərin iddialarına cavab ala bilmədik.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.