Ermənistan ABŞ-la birgə təlimlər keçirir. Rusiyanın müttəfiqi niyə yeni təhlükəsizlik qarantları axtarır?

14-09-2023, 09:54           
Ermənistan ABŞ-la birgə təlimlər keçirir.
Yuri Vendik
BBC News
Ermənistanda bu həftə kiçik miqyaslı, lakin siyasi jest kimi əhəmiyyətli təlimlər başlayıb.

Moskvanın qeyd etdiyi kimi, Ukraynada Rusiya bütün NATO alyansı ilə müharibə vəziyyətində olduğu halda, onun Cənubi Qafqazdakı əsas müttəfiqinin əsgərləri ABŞ hərbçiləri ilə birgə təlim keçirlər.

Cəmi 175 erməni və 85 amerikalı hərbçinin iştirakı ilə “Eagle Partner” adlanan bu sülhməramlı təlimlər ümumi mənzərəni tamamlayır: Ermənistan öz təhlükəsizliyinin təminatçısı kimi Rusiyadan məyus olur və yeni müttəfiqlər axtarır.

Təlimlərdən əvvəl Yerevanın və Moskvanın qarşılıqlı bəyanatları diqqəti çəkib.
Ermənistanın Baş naziri Nikol Paşinyan sentyabrın əvvəlində İtaliyanın “La Republica” qəzetinə müsahibəsində deyib ki, Ermənistanın yalnız Rusiyaya bel bağlaması strateji səhvdir və Rusiya regionu tamamilə tərk edə bilər.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bununla bağlı “pis rəqqas” haqqında məsəli yada salıb. Zaxarova Ermənistan parlamentinin spikeri Alen Simonyanın da Rusiyanı tənqid etməsini xatırladıb. Simonyan isə bunun müqabilində “hansısa katibəyə” cavab verməyəcəyini bildirib.
Eyni zamanda, Ermənistan Rusiyanın yaratdığı KTMT müdafiə blokundakı nümayəndəsini geri çağırıb. Bundan əvvəl isə Yerevan öz ərazisində KTMT-nin planlaşdırılmış təlimlərini keçirməkdən imtina etmişdi.

Sentyabrın 1-də Ermənistan hökuməti Vladimir Putinin həbsinə qərar verən Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunu ratifikasiya üçün parlamentə təqdim edib. Moskva bunun izahatını istəyib, Nikol Paşinyan isə əmin edib ki, bu addım Rusiyaya qarşı yönəlməyib.

Və daha bir fakt: keçən həftə Paşinyanın xanımı Anna Akopyan Kiyevdə keçirilən Birinci Xanımlar və Cənablar Sammitində iştirak etmək üçün Ukraynaya səfər edib.

Ermənistan son üç il ərzində anlayıb ki, onun əsas müttəfiqi olan Rusiya onu (və Dağlıq Qarabağı) hərbi mənada daha aqressiv qonşusu və düşməni Azərbaycandan qorumağa o qədər də nə həvəsli, nə də buna qadirdir.

“Siyasi və diplomatik fikir ayrılıqlarından qat-qat vacib olan əsas problem Ermənistan cəmiyyətinin Rusiyanın Qarabağın blokadasına münasibətindən məyus olması və müttəfiqinin Qarabağ xalqını aclıqdan xilas etmək üçün əlindən gələni etməsinə inamını itirməsidir... Kremlin baş verənlərə münasibətini nümayiş etdirmək istəməməsi ermənilərin Rusiyaya münasibətinə çox mənfi təsir göstərir”, - erməni jurnalist və yazıçı Mark Qriqoryan deyir.

2020-ci ildə Azərbaycan 44 günlük müharibə zamanı Şuşa və Dağlıq Qarabağ ətrafındakı rayonları geri alanda Rusiya neytral qaldı.

Rəsmilər bunu onunla izah etdilər ki, Azərbaycan Ermənistana hücum etməyib və ona görə də Rusiya və KTMT-nin digər üzvləri (Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistan) Ermənistanın müdafiəsinə qoşulmamalıdırlar. Qarabağı isə Ermənistanın özü tanımır və Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin bir hissəsidir.

Politoloqlar isə daha bir izahat da əlavə edirlər: Putin və KTMT ölkələrinin digər liderləri üçün Azərbaycan lideri İlham Əliyev, hətta onun ölkəsi bu bloka daxil olmasa belə, onlara daha yaxındır. Demokratik lider Paşinyan isə əksinə, “bizdən deyil”.
2022-ci ilin fevralında Rusiya Ukraynaya qarşı müharibəyə başladı və bir neçə aydan sonra aydın oldu ki, bu xəmir çox su aparacaq və Moskvanın qalan bölgələrə diqqət ayırmağa imkanı yoxdur.

İndiki vəziyyətdə Azərbaycan və onun qardaş saydığı Türkiyə ilə münasibətlər Moskva üçün yeni əhəmiyyət kəsb edib.

Qısa bir zamanda Ermənistan və Azərbaycan arasında ilk birbaşa sülh danışıqları Rusiyanın deyil, Avropa İttifaqının vasitəçiliyi ilə başladı.

Nikol Paşinyan Avropa İttifaqının vasitəçiliyini qəbul etməklə yanaşı, türklərlə də münasibətləri düzəltməyə çalışıb və bu ilin iyun ayında Türkiyənin yenidən seçilmiş Prezidenti Recep Tayyib Erdoğanın andiçmə mərasiminə qatılıb.

Onun komandasının digər üzvləri Amerika istiqamətində hərəkət ediblər: bu il xarici işlər naziri, Təhlükəsizlik Şurasının katibi və Ermənistan Baş Qərargah rəisi ABŞ-a baş çəkiblər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.