İrandakı hərbi fəaliyyət bölgəni qarışdırdı – Hərbi yüklərin Azərbaycan və Ermənistanın yerləşdiyi bölgəyə…

14-09-2023, 09:24           
İrandakı hərbi fəaliyyət bölgəni qarışdırdı –
İran mediasının “hərbi göndəriş” iddialarından sonra bölgədən bir-birinin ardınca açıqlamalar gəlib. Hərbi fəaliyyətin Azərbaycan və Ermənistanın yerləşdiyi bölgəyə yönəlmədiyini bildirən İran tərəfi hərbi yükün İraq Kürd Regional İdarəçiliyi (IKBY) sərhədinə aparıldığını açıqlayıb. İraq Kürd Regional İdarəçiliyinin rəhbəri Neçirvan Bərzani “İrandan bölgəmizə edilən hücumların heç bir əsası yoxdur” deyib. İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian bildirib ki, İraqdakı iranlı müxalifləri tərksilah etmək üçün Bağdad administrasiyası ilə əldə olunan razılaşmanın həyata keçirilməsi ilə münasibətlərdəki “qara ləkə” yox olacaq.

Gununsesi.info xəbər verir ki, İrandakı bəzi media qurumları sərhədə hərbi yük daşıma görüntülərini paylaşaraq, yükün Azərbaycan və Ermənistanın yerləşdiyi şimal-qərb bölgəsinə aparıldığını iddia edib.

İran ordusunun Azərbaycan-Ermənistan sərhədinə hərbi yüklər göndərməsi xəbəri bölgədə dərin təsir bağışlayıb.

İranın Azərbaycandakı səfirliyi İran mətbuatında yer alan “hərbi göndəriş” iddialarını təkzib edib.

Məsələ ilə bağlı İranın Azərbaycandakı səfirliyinin saytında bəyanat dərc olunub. “İran Silahlı Qüvvələri tərəfindən ölkənin şimal-qərb sərhəd bölgəsinə (Azərbaycan-Ermənistan) hərbi yüklərin göndərilməsinin görüntüləri təkrarlanır və uydurmadır. İran səfirliyi sözügedən bölgəyə göndərişi qəti şəkildə təkzib edir”, – deyə məlumatda bildirilib. .

İnqilab Keşikçiləri Ordusuna yaxınlığı ilə tanınan Tesnim Xəbər Agentliyi İraq Kürd Regional Rəhbərliyinin (IKBY) sərhədinin yerləşdiyi bölgəyə hərbi göndərişin görüntüsünü dərc edib. Videoda bölgəyə tanklar və uzaqmənzilli artilleriya qurğuları göndərildiyi görünür.

Xəbərdə İraq sərhədlərinə hərbi texnikanın İran əleyhinə olan təşkilatların tərksilah edilməsinə dair Bağdad və Tehran arasında imzalanan razılaşmanın yekun tarixi olan 19 sentyabr ərəfəsində aparıldığı bildirilib.

İraq Kürd Regional Rəhbərliyinin (IKBY) sədri Neçirvan Bərzani Ərbildə mətbuata açıqlamasında aktual məsələləri dəyərləndirib.

“İraqın bir hissəsi olan İraq Kürdüstan Regional Rəhbərliyi olaraq, İrana qarşı olan partiya və qrupların tərksilah edilməsi üçün Bağdad və Tehran arasında əldə edilən razılaşmaya sadiqik. Bölgəmizin bir ölkə olmasını istəmirik. Hər hansı qonşu ölkə üçün təhlükə mənbəyidir. Burada İrandan hücumlara heç bir bəraət qazandırmaq mümkün deyil”, – deyə o qeyd edib.

İranın rəsmi xəbər agentliyi İRNA-nın məlumatına görə, Abdullahian rəsmi təmasları çərçivəsində Tehrana gedən iraqlı həmkarı Fuad Hüseynlə birgə mətbuat konfransı keçirib.

Cənab (Fuad) Hüseyn terror qruplaşmalarının aradan qaldırılması və tərksilah səyləri haqqında məlumat verdi. İraq önümüzdəki günlərdə təhlükəsizlik razılaşmasının maddələrini tam şəkildə həyata keçirəcək”, – deyə İranın XİN rəhbəri bildirib.

Terrorçulara fürsət verilməsinin İran, İraq və İraq Kürd Regional Rəhbərliyinin (KRG) təhlükəsizliyinə zərər verəcəyini ifadə edən Abdullahian, “Mövcud təhlükəsizlik razılaşması çərçivəsində bu qara ləkə İraq və İran əlaqələrindən silinməlidir”, deyib .

Abdullahian ikitərəfli məsələlərlə yanaşı, regional və beynəlxalq məsələlərin də müzakirə edildiyini vurğulayıb.

İraqın xarici işlər naziri çıxışında terror qruplaşmalarını iki ölkə sərhədlərindən təmizləməkdə qərarlı olduqlarını bildirib:

“Biz İran sərhədi yaxınlığındakı terror qruplarını zərərsizləşdirmək və düşərgələrə göndərmək məqsədinə doğru çalışırıq”.

Bağdad rəhbərliyi ilə IKBY-nin məsələ ilə bağlı əməkdaşlıq etdiyini bildirən Abudllahian ortaya çıxacaq problemlərin danışıqlar yolu ilə həll edilməsi lazım olduğunu qeyd edib.

“Biz təhdid vasitələrindən əl çəkməli, dialoq və danışıqlara davam etməliyik. Razılaşmaya sadiq olduğumuzu bəyan etdiyimiz bu vəziyyətdə gözləntimiz iki ölkə arasında şiddət dilinin olmamasıdır”, – deyə o bildirib.

İran İraqla imzalanan təhlükəsizlik müqaviləsinə uyğun olaraq, İraqın şimalında fəaliyyət göstərən anti-İran təşkilatlarının sentyabrın 19-dək Bağdad rəhbərliyi tərəfindən tərksilah edilməsini istəyir.

Tehran, sözügedən razılaşmanın həyata keçirilməməsi vəziyyətində müdaxilə siqnalları verib və bu gün İran mediasında yer alan görüntülərə görə, silahların İraq sərhədinə göndərildiyi iddia edilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.