Baş redaktordan məhkəməsi ilə bağlı açıqlama...

14-09-2023, 09:38           
Baş redaktordan məhkəməsi ilə bağlı açıqlama...
Mənə mesaj yazaraq, zəng edərək dünənki məhkəmənin nəticəsi ilə maraqlanan bütün dostlarıma diqqətlərinə görə təşəkkür edirəm.
Bir daha bildirirəm ki, Apellyasiya məhkəməsinin qərarı mənim əleyhimə oldu. Amma bu qərar mənim haqsızlığıma dəlalət etmir və məhkəmə hökmünü mənim məğlubiyyətim kimi dəyərləndirənlər yanılırlar. Hesab edirəm ki, mən bu məhkəmə çəkişməsində uduzmadım. Əksinə, məhkəmənin məlum qərarı bir sıra məsələlərdə mənim xeyrimə nəticələndi.
Əvvəla, bu hökm barəmdə formalaşdırılmağa çalışılan bir çox müəmmalara aydınlıq gətirdi. Sübut olundu ki, mənim arxamda hansısa güclərin dayandığını bildirənlər doğru danışmırlar. Əgər belə bir himayədarım olsaydı, 100% haqlı olduğum, ortada günəş kimi bərq vuran bir həqiqəti şərh etdiyim üçün Azərbaycanda fəaliyyət göstərən bütün məhkəmələr tərəfindən cəzlandırılmazdım.
O da sübuta yetirildi ki, Azərbaycanda hələ də terrorçu təşkilatlara himayədarlıq edənlər və hətta himayədarların himayədarları da var. Üstəlik, onlar xeyli güclüdürlər və mən “çömçəbalıq”larla mübarizə aparmıram və heç bir səbəb məni bu mübarizədən yayındıra bilməz. Zira mən “Qızcığaz” xanım əfəndinin statusunda olduqca aydın şəkildə ifadə olunan “Xan” həzrətlərinin “hansısa terror təşkilatı” barədə aparılan soruşdurmanın qarşısını alındığını ifşa etmişdim və bütün faktlar ortada olduğu halda məhkəmələrin cəzanı əsl şübhəlilərə yox, mənə kəsmələrini başqa cür qiymətləndirmək mümkün deyil. Hesab edirəm ki, “Qızcığaz”ın bu facebook paylaşımına qaneedici aydınlıq gətirilməyənə, iddialar müvafiq orqanlar, o cümlədən Baş Prokurorluq tərəfindən araşdırılmayana qədər, məhkəmələr nə qərar çıxarırsa çıxarsın, mən haqlı tərəf kimi qalacağam və ortaya çıxan bir sıra suallar ictimai rəydə müxtəlif rəylərin formalaşmasına yol açacaq. “Barəmdə çıxarılan hökmün arxasında sadəcə “xan”mı var” kimi sualların cavabını dövlətimin, siz dəyərli dostlarımın və əsl hakim olan əlahəzrət tarixin ixtiyarına buraxıram.
Bununla belə onu da diqqətə çatdırıram ki, Apellyasiya Məhkəməsinin dünənki qərarı məni ciddi şəkildə narahat edən müəmmalı sualları beynəlxalq müstəviyə çıxarmağımın da yolunu açdı. Mübahisəni Avropa İnsan Hüquqları Məhkəməsinə daşımağım üçün tələb olunan mərhələlərdən birini də geridə buraxdım. Ali Məhkəmə mərhələsini də keçdikdən sonra AİHM-nə müraciət hüququm doğacaq və mən ədalət adıyla bir araya çığışmayan bu hökmdən şikayət edəcəyəm. Məsələyə bu aspektdən baxanda mən uduzan yox, udan tərəfəm və hesab edirəm ki, bütün yerli məhkəmə instansiyalarının əleyhimə hökm çıxarması da əslində işimə yarayır. Zira bu mərhələləri keçməsəm və məhkəmələr öz ədalətsiz qərarları ilə iddialarımı zənginləşdirməsələr, beynəlxalq məhkəməyə üz tutmaq hüququm da olmazdı.
Amma onu da gizlətmirəm ki, mən dövlətimi beynəlxalq məhkəməyə şikayət etmək istəmirdim. Bütün məsələlərin Bakıda həllini daha məqbul sayırdım və belə də olacağına inanırdım. Təkcə ona görə yox ki, ədalətli məhkəmə hökmüylə bərqərar olunacağına inandığım hüquq mənə aid idi və onun bərpası üçün mübarizə aparmaq da mənim borcum idi. Həm də ona görə ki, Azərbaycan hüquq-məhkəmə sisteminin bu prosesdə ədalətli mövqe tutacağını və çoxdan gözlənilən islahatların ilk addımlardan birinin atılacağını düşünürdüm, bu addımda mənim də bir payımın olmasının qürurunu yaşamaq istəyirdim.
Nə yazıq ki, bu gözləntim özünü doğrultmadı və başa düşdüm ki, biz bir dövlət olaraq bu bərbad məhkəmə sistemi ilə uzaq məsafələr qət edə bilmərik və nəticədə yerləşdiyimiz coğrafiyada digər ölkələrdən geri qalmağa, düşmənlərimizin əlinə əsaslı bəhanələr verməyə, beynəlxalq arenalarda həmişə təcrid olunan dövlətə çevrilməyə məhkum olarıq. Məhz bu səbəbdən də qarşımda dayanan öz dövlətini beynəlxalq məhkəməyə vermək baryeri də artıq bitmiş oldu. Əksinə milləti bu cür ədalətsiz məhkəmə sistemindən xilas etmək hər bir vətənpərvər kimi, mənim də boynumun borcuma çevrildi.
Açığını deyim, artıq Ali Məhkəmədən də ədalətli qərar gözləmirəm. Amma AİHM-nə gedən yolda bu son mərhələni də keçmək üçün ədalətinə inanmadığım halda Ali Məhkəməyə də müraciət etməyə məhkumam. Dövlətimizi beynəlxalq müstəvilərdə qınaq obyektinə çevirənlər utansın!
Heyder Oguz
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.