Tehrana arxadan zərbə - NƏ BAŞ VERİR?

14-09-2023, 17:38           
Tehrana arxadan zərbə - NƏ BAŞ VERİR?
İran növbəti dəfə Ermənistanın ABŞ-la hərbi təlimlər keçirməsinə sərt təpki göstərib.

Belə ki, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian ABŞ-la birgə təlimlər keçirən Ermənistanı tənqid edib.

Bildirilib ki, Hüseyn Əmir Abdullahian ilə erməni həmkarı Ararat Mirzoyan arasında telefon danışığı olub.

Danışıq zamanı İran XİN rəhbəri Ermənistan-ABŞ birgə hərbi təlimlərinə diqqət çəkərək bölgədə hər hansı xarici qüvvələrin mövcudluğunun oradakı vəziyyəti daha da çətinləşdirəcəyini vurğulayıb.

Qeyd edək ki, İran hər fürsətdə Zəngəzur dəhlizinin açılmasına qarşı çıxaraq, bölgədə yeni geosiyasi dəyişikliyi qəbul etməyəcəyini deyir. Əslində Zəngəzur dəhlizinin açılmaması ilk növbədə elə İranın əleyhinədir. Çünki Nikol Paşinyan bu zaman qərbyönümlü addımlarını daha açıq şəkildə atacaq. Nəzərə almaq lazımdır, ABŞ hərbçilərinin Ermənistana gətirilməsi və orada hərbi təlimlərin keçirilməsi İranın maraqlarına ziddir.

İran anlamalıdır ki, qardaş adlandırdığı və hər zaman dəstək verdiyi Ermənistan onun düşməninin əsgərlərini ölkəsinə gətirib. Üstəlik, ABŞ hərbçilərinin Ermənistanı tərk etməyəcəyi də aydındır.

Yəni İran üçün əsas təhlükə məhz Ermənistandan gələcək. Ona görə ki, onun şimal sərhədinə ABŞ hərbçiləri yerləşdirilib və istənilən zaman İrana təhlükə yarada bilərlər. Azərbaycan isə dəfələrlə bəyan edib ki, öz ərazisindən İrana qarşı istifadə olunmasına heç bir zaman icazə verməyəcək. Rəsmi Tehran da əsl reallıqları hələ indi görməyə başlayır.

TEREF.AZ-ın məlumatına görə, Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü Cebhe.info-ya açıqlamasında bildirib ki, Ermənistanın ABŞ hərbçiləri ilə təlim keçirməsinin İran tərəfindən narazılıqla və narahatlıqla qarşılanması müsbət haldır:

“Nəhayət, İran da Ermənistanın iç üzünün və xain siyasətinin şahidi olmaqdadır. Azərbaycan da bu məsələləri zaman-zaman gündəmə gətirirdi. Təəssüf ki, bizim xəbərdarlıqarımıza o qədər də diqqət edilmirdi.

İran Ermənistanla müttəfiqlik etmək və bundan fayda götürmək istəyirdi. Bəzi məqamlarda bu münasibətlərin Azərbaycana qarşı yönəlməsi də rəsmi Tehranın yanlış yolda olduğunu göstərirdi. Bu mənada, Ermənistanın ABŞ-la təlimləri onun üçün ciddi problemlər yarada bilər. Çünki durumdan İranla yanaşı Rusiya da narahatdır”.

Ekspert vurğulayıb ki, İran ilə Rusiya bölgədə erməni separatimzini və terrorizmini dəstəkləməkdənsə, Azərbaycanın ədalətli işinə dəstək olmalıdır ki, bu cür oyunlara son verilsin:

“Hesab edirəm ki, İran nəhayət anlamalıdır ki, onun üçün təhlükə Ermənistandan gəlir. Bu təhlükənin önlənməsi isə Azərbaycanla xoş münasibətlər qurmaqdan, Zəngəzur dəhlizinin açılmasına dəstək verməkdən və Qarabağdakı separatizmin kökünün kəsilməsindən keçir”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.