Neftin qiymətinin artması, qiymətlərin yüksəlməsi hesabına vergidaxilolmaların çoxalması iqtisadi uğur deyil

15-09-2023, 08:18           
Neftin qiymətinin artması, qiymətlərin yüksəlməsi hesabına vergidaxilolmaların çoxalması iqtisadi uğur deyil
Bu gün iqtisadiyyat naziri Mikayıl Cabbarov xəbər paylaşıb: “Bu ilin yanvar-avqust aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə vergi daxilolmalarının həcmi 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 23,4 % artaraq 12 milyard 80,4 milyon manat təşkil edib”.
İlk baxışdan yaxşı nəticədir, amma həmişəki kimi hökumət heç bir rəqəmin izahını vermir, səbəblərini açıqlamır, əvvəllər belə artım olanda cənab Cabbarov və komandası səbəb kimi iqtisadiyyatın “ağardılmasını” göstərirdilər, indi artıq bunu demək olmur, yəni, neçı il “ağartmaqla” məşğul olmaq olar ki?!
Xub, gəlin rəqəmlərin “anatomiyasına” nəzər salıb səbəblərini araşdıraq və mütləq rəqəmlərlə məsələyə baxmağa çalışaq: Keçən ilin (2022) yanvar-avqust aylarında dövlət büdcəsinə 9 milyard 787 milyon 410,5 min manat, o cümlədən qeyri-neft-qaz sektorundan daxilolmalar 5 milyard 698 milyon 769,6 min manat olub.
Bu ilin (2023) yanvar-avqust aylarında vergi daxilolmaları 12 milyard 80,4 milyon manat təşkil edib, qeyri neft-qaz sektorundan vergi daxilolmaları 6 milyard 865,6 milyon təşkil edib.
İndi rəqəmləri incəliyək: 2022-də neft-qazdan vergi daxilolmaları 4,089 mlrd. manat olub, 2023-də isə neft-qazdan 5,215 mlrd. manat vergi yığılıb. Yəni, 2023-də neft-qazdan daxilolmalar 1,116 mlrd. manat artıb – niyə artıb, çünki, dünyada neftin qiyməti artıb, şirkətlərin gəlirləri yüksəlib, deməli ödədikləri vergilər də çoxalıb: Yaxşı, bunun İqtisadiyyat Nazirliyinə nə aidiyyatı var, bəyəm neft qiymətləri onlardan asılıdır?! Bu artım nazirliyin uğurlu işinə görə deyil də, neftin qiymətinin artmasına görədir.
Keçək qeyri-neft sektoruna (belə təsnifata qarşıyam, əslində resurs/qeyri-resurs təsnifatı olmalıdır) – 2022-də qeyri-neft sektorundan 5,689 mlrd, 2023-də 6,865 mlrd. manat vergi daxil olub, 1,176 mlrd. manat artım var, ilk baxışdan pis deyil, amma səbəbi bilirsiz nədir?! İNFLYASİYA, bəli, qiymət artımı, ciddi inflyasiya var, qiymətlər artır, deməli mütləq ifadədə dövriyyələr də yüksəlir, dövriyyədən, mənfəətdən, ƏDV-dən gələn vergi daxilolmaları da artır. Ölkədə rəsmi rəqəmlərə görə 12% inflyasiya var, ərzaq inflyasiyası 14%-ə yaxındır, yəni, məhz bu faktor mütləq rəqəmlərdə daxilolmaların artmasına səbəb olub. Sözün qısası, bir ölkədə 24%-ə yaxın vergi daxilolmları artımı orqanik, təbii və iqtisadi qanunlara görə olsaydı iqtisadi aktivlik “partlayışı” yaşayardıq, iş yerləri çoxalar, yeni istehsal-xidmət sahələri yaranar, məhsul bolluğu görərdik.
Neftin qiymətinin artması, qiymətlərin yüksəlməsi hesabına vergidaxilolmaların çoxalması iqtisadi uğur deyil ki, bunu PR da etməyə ehtiyac yaransın, əslində indi dövrdə vergi-rüsumlarda daxilolmaların iqtisadi aktivlik yüksəlmədən artması, ancaq və ancaq əhaliyə əlavə yük gətirir, heç bir iş adamı vergi-rüsum xərcini cibindən ödəmir, satdığı mal-xidmətin qiyməıtinin üzərinə gəlib vətəndaşın cibindən çıxarır. Belə...
Natig Cəfərli
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.