Yaxın Şərq uğrunda geosiyasi döyüş yenidən Suriyadan başlayır? (3-cü yazı)

15-09-2023, 08:36           
Yaxın Şərq uğrunda geosiyasi döyüş yenidən Suriyadan başlayır? (3-cü yazı)
Bundan əvvəlki yazının sonunda verilən sual belə idi: “Yaxın Şərq uğrunda alovlanmaqda olan savaş nə qədər davam edə və hansı nəticələrə gətirib çıxara bilər?”
Suala cavab axtarmaq üçün son 12 ildə baş verənlərin təhlili yetərincə olsa da, arxada qalan 4-5 gün zaman kəsiyi sualın əhəmiyyətini daha da artırır.
Söhbət təbii ki, Hindistanın paytaxtında baş tutmuş G20 Sammiti çərçivəsində “Hindistan-Yaxın Şərq-Avropa İqtisadi Dəhlizinin” (qısa IMEC) yaradılması barədə imzalanmış anlaşma memorandumundan gedir.
Memorandumu imzalayan tərəflər ABŞ, Almaniya, Avropa Birliyi (AB), Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Hindistan, Fransa, İtaliya və Səudiyyə Ərəbistanı Krallığıdır (SƏK).
IMEC Hindistandan SƏK və BƏƏ limanlarınadək, oradan isə dəmir yolu vasitəsilə İordaniya üzərindən keçməklə İsrail limanlarından (Aralıq dənizi vasitəsilə) Avropayadək uzanan böyük bir iqtisadi və nəqliyyat-kommunikasiya dəhlizidir.
IMEC layihəsi imzalanandan həmən sonra Avropa Komissiyasının prezidenti Ursula von der Leyenin onu “game changer” (oyun dəyişən) adlandırması da təsadüfi deyildi. IMEC qlobal nəqliyyat-kommunikasiya layihələri bağlı bu günədək mövcud olan bütün planları əsaslı şəkildə dəyişir.
Deməli, elə geosiyasətin özünü də. Hələ bir neçə ay əvvəl demişdik ki, yeni geosiyasi konstruksiyanın formalaşması ərəfəsində olan dünyada istənilən, hətta ən ağlagəlməz əməkdaşlıq (koalisiya) variantları da istisna deyil.
Bu mənada IMEC həqiqətən gözlənilməz oldu və onu imzalayan ölkələrin dəhlizin ən qısa zamanda işə salınmasında israrlı olduqları elə imzalanmış memorandumun özündən görünür. Memorandumu imzalayan tərəflərin üzərinə götürdüyü əsas öhdəliklərdən biri də qarşıdan gələn 60 gün ərzində fəaliyyət planı hazırlayaraq onu növbəti görüşdə təqdim etməkdir.
Bununla da əvvəl daha aktiv müzakirə olunan “Şərq-Qərb” və “Şimal-Cənub” dəhlizlərinin arxa plana keçmək ehtimalı artır. Bu isə geosiyasi mübarizə mərkəzinin Xəzər-Qara dəniz və Mərkəzi Asiya - Cənubi Qafqaz zolağından Fars Körfəzi – Yaxın Şərq – Aralıq dənizi zolağına keçməsi deməkdir. Deməli, əvvəlki 2 yazıda deyildiyi kimi Yaxın Şərq uğrunda savaş da daha aktual olur.
Həm də ona görə ki, IMEC qlobal dəhlizlər uğrunda mübarizə aparan ölkələrin xeyli hissəsini oyundan kənar vəziyyətə qoya bilər. Bunların arasında isə Çin və Rusiya kimi nəhənglərlə yanaşı, Türkiyə və İran kimi regional güclər də var ki, onların da hər biri Yaxın Şərqə birbaşa təsiri olan Yaxın Şərq ölkələrdir.
Bu mənada da müxtəlif regional və qlobal güclərin əvvəlki yazılarda qeyd olunduğu kimi, Yaxın Şərqdə hərbi güc toplaması təsadüfi deyil. Həm də ona görə ki, IMEC haqqında memorandumun imzalanması Yaxın Şərq uğrunda mübarizənin siyasi-diplomatik vasitələrlə aparılmasını əsaslı şəkildə məhdudlaşdırmış oldu.
Hərbi gücün effektiv olduğu məkanlar isə mövcud olan və potensial münaqişə ocaqlarıdır ki, onlar da Yaxın Şərqdə yetərincədir. Aktiv və ya passiv fazada olmasına baxmayaraq, onların hər birindən IMEC əleyhdarlarının yararlanmaq istəyəcəyi istisna deyil.
Belə münaqişələr isə əsasən Suriya, Yəmən və Fələstin-İsrail münaqişəsidir. Yəmənin İMEC-in marşrutundan coğrafi baxımdan uzaq olması bu ölkədəki daxili münaqişədən təsir vasitəsi kimi istifadə ehtimalını xeyli azaldır.
Eyni zamanda, mövcud münaqişələrdən ikisinin – Suriya və Fələstin-İsrail münaqişələrinin aktivləşməsi ehtimalı isə arta bilər. İsrail-Fələstin münaqişəsindəki tərəflərin hərbi, siyasi və iqtisadi resursları arasında ciddi fərq olması bu münaqişənin də alovlanma ehtimalının yüksək olmadığını deməyə əsas verir.
Üstəlik də IMEC dəhlizində əsas ölkələrdən olan İsrail ərazisində (və ya onun sərhədləri yaxınlığında) destabilizasiya yaratmaq üçün mövcud olan sınanmış konflikt qalmaqdadır. Bu, Suriya münaqişəsidir. Bu dövlətdə həm də IMEC-ə qarşı çıxa biləcək ölkələrin (Çin xaric) hər birinin dayaqları mövcuddur.
Deməli, İMEC-ə dair Anlaşma Memorandumunun imzalanması Suriyaya nəinki sülh gətirmir, əksinə, bu ölkə ərazisində münaqişənin yenidən alovlanması riskini xeyli dərəcədə artırır. Təbii ki, IMEC marşrutu boyu, məsələn, Fars körfəzində yeni münaqişələrin qızışdırılması da istisna deyil.
Amma bu halda onun münaqişədən böyük müharibəyə çevrilməsi ehtimalı da arta bilər.
Bəs, İMEC-lə bağlı başlayan mümkün geosiyasi dəyişikliklər Xəzər-Qara dəniz hövzəsinə, konkret olaraq Azərbaycana necə təsir edəcək? Bu barədə növbəti yazıda.
(ardı var)
Ərəstun Oruclu












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.