Yaxın Şərq uğrunda geosiyasi döyüş yenidən Suriyadan başlayır? (2-ci yazı)

15-09-2023, 08:05           
Yaxın Şərq uğrunda geosiyasi döyüş yenidən Suriyadan başlayır? (2-ci yazı)
Suriyada və onun ətrafında gərginliyin yenidən artması nələrdən qaynaqlanır?
Suriyanı aktual edən ilk növbədə onun coğrafi mövqeyidir. Amma bundan əvvəl Suriya münaqişəsinin və ona gətirən səbəblərin bizim üçün əhəmiyyətinə toxunmaq yerinə düşərdi.
Suriya istər geosiyasi əhəmiyyətinə, istərsə də coğrafi mövqeyinə (önəmli dəhliz kimi) görə Yaxın Şərqin bəlkə də ən diqqətçəkən ölkəsi olmaqla yanaşı, həm də milli-etnik və dini rəngarəngliyi ilə də digər ölkələrdən fərqlənir(di).
Bundan savayı ölkədə mövcud olan siyasi idarəetmə modeli (azlığın çoxluq üzərində mütləq və sərt hakimiyyəti) Suriyada total korrupsiyaya, sərvətlərin kiçik bir qrupun əlində cəmləşməsinə, gəlirlərin ədalətsiz bölgüsünə, kəskin sosial-iqtisadi qütbləşməyə və bütün bunlardan irəli gələn xalqla hakimiyyət arasında dərin uçurumun yaranmasına səbəb olmuşdu.
Nəhayət, yalnız hakim zümrənin maraqlarını təmin etməyə yönəlmiş iqtisadi siyasət coğrafi mövqeyi səbəbindən qlobal maraqların toqquşma nöqtəsinə çevrilən Suriya üçün daxili riskləri daha da artırırdı. Gördüyümüz kimi, sadalanan amillər Azərbaycandan da yan keçməyib.
Bütün bunları nəzərə almayan Əsəd rejiminin xalqla münasibətlərini yalnız (hərbi) güc müstəvisində həll etmək istəyi sonda bütöv bir ölkənin faktiki olaraq az qala xəritədən silinməsinə gətirib çıxardı, Qədim Assuriya sivilizasiyasının varisi olan suriyalıların xalq kimi mövcud olmaq haqqını sual altına qoydu.
Suriya ətrafında gərginliyin yenidən artmasının səbəbləri də elə 2011-ci ilin yazında başlayan vətəndaş müharibəsinin səbəblərilə eynidir. Bir o fərqlə ki, bu gün həmin səbəblərə əlavələr və ağırlaşdırıcı şərtlər də əlavə olunub.
Göğrafi mövqeyinə görə Ərəbistan Yarımadası ölkələrinin enerji daşıyıcılarının Avropaya daşınması yolunda əhəmiyyət kəsb edən ölkə bir tərəfdən bunda maraqlı olan ölkələrlə onların müttəfiqlərinin, digər tərəfdən isə həmin plana qarşı olan ölkələrin maraqlarının toqquşma meydanına çevrilib.
Məsələ burasındadır ki, Cəzirə ölkələrindən təbii qazın Avropaya nəqli bu ölkənin coğrafi mövqeyi səbəbindən yalnız Suriya üzərindən mümkündür. Rusiyanın Avropa bazarından sıxışdırılıb çıxarılması isə Avropa qaz bazarı uğrunda rəqabəti daha da kəskinləşdirir.
Elə həmin rəqbət səbəbindən də Suriya ilə ortaq məxrəc tapmağa çalışan Ərəbistan Yarımadası ölkələri Dəməşqin onların nəzarətində olan Ərəb Dövlətləri Liqasında üzvlüyünü də bərpa etmək kimi bir addım atdılar. Amma hətta bu adımın da Suriyanı Rusiya və İran təsirindən çıxarmaq üçün yetərli olmadığı tezliklə aydınlaşdı.
Əsəd rejimi bu ölkələrlə son dərəcə dərin bağlantılara malikdir və bundan savayı da ölkə ərazisində hər iki ölkənin hərbi infrastrukruru mövcuddur ki, bu da Əsəd rejiminin onlardan asılılığını bir qədər də artırır. Amma Suriya ərazisində hərbi infrastruktura malik olan təkcə İran və Rusiya deyil.
Ölkə ərazisində ABŞ və Türkiyə silahlı qüvvələrinin də mövcud olması Əsəd rejiminin xarici təsirlərdən asılılığını bir qədər də artırır. Görünür, elə həmin səbəblərdən də qərar verə bilməyən Dəməşqə qarşı əksər tərəflərdən güc amili yenidən işə salınır.
Amma buna zəmin yaradan həm də marionet Əsəd rejiminin hətta ona loyal olan əhali qruplarına münasibətdə də heç bir kompromiss addımlar atmaq istəməməsidir. Nəticədə ABŞ və İsrail tərəfindən dəstəklənən kürdlərlə onlara qarşı olan və İranla Əsəd rejimi tərəfindən dəstəklənən ərəb tayfaları arasında silahlı toqquşmalar artmaqdadır.
Amma bu dəfə görünən həm də hərbi-siyasi aktivliyin bütün “kürd zolağı” boyu artmasıdır. İraqdakı Kürdüstan Demokratik Partiyası adlanan Bərzani qəbiləsinin Kərkükü öz nəzarətinə qaytarmaq cəhdinin yaratdığı destabilizasiyanın məhz Suriyadakı hadisələrlə sinxron baş verməsi təsadüfi deyil.
Bu mənada Kərkükə nəzarəti qaytarmaq uğrunda İraq türkmanlarına (azərbaycanlılara) qarşı savaş açan kriminal-terrorçu Bərzani qəbiləsinin əməllərinə Azərbaycanda yetərli ictimai marağın olmaması diqqət çəkməyə bilməz.
Beləliklə, gördüyümüz kimi potensial konflikt coğrafiyası əslində daha genişdir və onun tezliklə Suriya sərhədlərini aşaraq digər qonşu ölkələrə da yayılacağı istisna olunmur. Amma hər bir halda hədəfdə olan əsas ölkə Suriyadır.
Həm də ona görə ki, İranın öz regional-siyasi maraqlarını təmin etmək məqsədilə uydurduğu “şiə zolağının” ən həssas hissəsi də Suriya ərazisindən keçir. “Şiə zolağı” isə İraq və Suriya ərazisindən keçən istər enerji, istərsə də nəqliyyat-kommunikasiya dəhlizlərinə ciddi təsir vasitəsidir.
Deməli, Suriyada 2011-ci ildə başlayan və 2017-ci ildə nisbətən passiv fazaya keçən vətəndaş müharibəsinin bütün səbəbləri nəinki qalmaqdadır, hətta bir qədər artıb da. Odur ki, Yaxın Şərqdə yeni eskalasiyanın məhz Suriyadan başlayacağı və bu dəfə daha geniş coğrafiyanı əhatə edəcəyi az qala qaçılmazdır.
Yaxın Şərq uğrunda alovlanmaqda olan savaş nə qədər davam edə və hansı nəticələrə gətirib çıxara bilər?
Bu barədə növbəti yazıda.
Ərəstun Oruclu
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.