Ermənilərin başına pul səpələsək necə olar?

17-09-2023, 08:24           
Ermənilərin başına pul səpələsək necə olar?
Laçın rayonun Zabux kəndindən ermənilərin köçü yadınızdadırmı? Azərbaycan tərəfi qeyri-rəsmi kanallarla kənd sakinlərinə pul-para verib onları yaşadıqları evləri yandırmaqdan çəkindirdi. Yəni ermənilər parasın alıb evləri (yeni tikilmiş evlərdi) boşaldıb getdilər.
Onlar da razı qaldı, biz də.
Bunun niyə xatırladıram? Ermənilər də bizim kimi maddi dünyada yaşayırlar. Qarabağ erməniləri hal-hazırda maddi baxımdan ağır vəziyyətdədir. İş yox, güc yox, qazanc yox. Və nə qədər paradoksal olsa da Azərbaycan kimi varlı bir ölkə Qarabağdakı bir ovuc ac ermənini ram edə bilmir...
Əminəm ki, Zabuxda istifadə etdiyimiz üsuldan eyni uğurla Qarabağda da istifadə etmək olar. Bu dünyada pulun açmadığı qapı yoxdur...
Nə etmək lazımdır? Məsələn, rəsmən bəyan etmək olar ki, Azərbaycan vətəndaşı olmaq üçün müraciət edən (hələki İnternet üzərindən) Qarabağ ermənilərinə müəyyən yoxlamadan sonra vətəndaşlıq verilə bilər.
Bəs Azərbaycan vətəndaşı olmaq ermənilərə nə verəcək? Əsas məsələ elə bu sualın cavabına bağlıdır. Azərbaycan vətəndaşı olmaq ermənilər üçün cəlbedici olmalıdır. Tutaq ki, Azərbaycan vətəndaşı olan ermənilərin Qarabağdakı mülklərinin qorunmasına Azərbaycan dövləti təminat verir. Yəni tutaq ki, Xankəndində yaşayan erməni sakin bilməlidir ki, əgər o, Azərbaycan vətəndaşı olsa, ona məxsus olan ev, bağ-bağça, torpaq sahəsi, maşın... və. s. Azərbaycan dövlətinin təminatı altına keçir.
Sirr deyil ki, Qarabağ ermənilərinin böyük əksəriyyəti iş yerini itirib. Azərbaycan dövləti işini itirən erməni əsilli vətəndaşlarına tutaq ki, 6 ay müddətinə kompensasiya verə bilər. Qarabağ ermənilərinə-cəmi-cümlətanı 50 min nəfərdir- demək olar ki, onlar Ermənistandan yox, Azərbaycandan qaz, işıq, internet xətti almalıdır. Tutaq ki, Azərbaycan dövləti bütün bunları 1 il ərzində erməni vətəndaşlarına pulsuz verəcək. Eləcə də mobil telefon xidmətləri 1 il pulsuz olacaq və.s.
Azərbaycan dövlətinin kifayət qədər maddi imkanları var. Bu imkanlar ona geniş manevr imkanları verir. Bu imkanlardan səmərəli şəkildə istifadə etmək lazımdır.
Vacib deyil ki, biz Qarabağ ermənilərini silah gücünə ram edək. Bu işi pul gücünə etmək daha cəlbedicidir, ən önəmlisi isə odur ki, bu, ciddi şəkildə ucuzdur. Azərbaycan hər il silahlanmaya aşağı-yuxarı 5 milyard dollar xərcləyir. Bunun tutaq ki, 1 milyard dollarını ermənilərin başına səpələsək bu işi asanlıqla yoluna qoya bilərik...
Hələki Qarabağ erməniləri Azərbaycan dövlətinin sərt üzünü görüb. Onlara arada xoş sifət göstərsək dünya dağılmaz. Əsas odur ki, Azərbaycan dövləti öz hədəfinə çatsın. Hədəfə çatmaq üçün isə müxtəlif yollardan istifadə etmək olar...
Dəmir yumruğun ermənilərin başına dəyməsi çox yaxşıdır. Ancaq dolların parıltısında da böyük hikmət var...
Şübhəsiz ki, bu kimi gedişlər Azərbaycanın əks-təbliğat imkanlarına kəskin şəkildə üstünlük qazandıra bilər. Erməni və erməniyanları birdəfəlik sudurmağa imkan verər...
Elbeyi Hesenli
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.