Baronessa Koks və Evin İncir kimilərin Qubad İbadoğlunun azadlığı tələbi ilə çıxış etməsinə çox pis baxıram

17-09-2023, 09:24           
Baronessa Koks və Evin İncir kimilərin Qubad İbadoğlunun azadlığı tələbi ilə çıxış etməsinə çox pis baxıram
Siyasi məhbuslarla bağlı mövqeyim birmənalıdır. Bütün siyasi məhbusları dərhal buraxmaq lazımdır. Onların az qala hamısı şər və böhtan atılaraq həbs olunub. Düşünürəm ki, hər bir namuslu Azərbaycan vətəndaşı onların azad olunması tələbi ilə çıxış etməlidir. Azərbaycana heç bir halda siyasi məhbus lazım deyil.
Ancaq bu məsələdə önəmli bir detal var. Bu və ya digər siyasi məhbusun azad olunması üçün beynəlxalq səviyyədə kampaniya gedir. Bir də görürsən ki, Azərbaycanın ən qatı düşmənləri həmin kampaniyanın ön sırasındadır. Məsələn, Britaniya parlamenti lordlar palatasının üzvü Baronessa Koks (Baroness Caroline Cox) Azərbaycana və Türkiyəyə ən çox nifrət edən britaniyalı kimi tanınır.
Bu xanım 88 dəfə Qarabağda ermənilərlə görüşmüşdü. Bəlkə ondan sonra da görüşübdür. Mən 88-də hesabı itirdim. Hal-hazırda da bu xanım Laçın buraxılış-keçid məntəqəsinin yanında ermənilərin lehinə beynəlxalq kampaniya aparır. Başqa birisi, məsələn Evin Incir.
Bu xanım PKK təfəkkürlü birisidir. Türkiyənin və Azərbaycanın əleyhinə Avropa parlamentində təbliğat kampaniyası aparır. Şəxsən mən Baronessa Koks və Evin İncir (hələ mən başqaların demirəm) kimilərin Qubad İbadoğlunun azadlığı tələbi ilə çıxış etməsinə çox pis baxıram. Çünki onlar bu haqlı tələb üzərindən öz çirkin niyyətlərin həyata keçirirlər...
Əlbəttə, mən başa düşürəm ki, bu işdə sui-istifadənin qarsısın almaq mümkün deyil. Düşmənlərimiz bu fürsəti əldən verməyəcəklər...
Yadıma gəlir. Bir dəfə Avropada yaşayan tanınmış müxalifətçilər Avropa parlamentində Jaromír Štětina adlı çex deputatla görüşmüşdülər. O, “People in Need” təşkilatının rəhbərlərindən biri idi. Qarabağ ermənilərinə görə min bir oyundan çıxırdı. Bizim müxalifətçilər də gedib belə birisindən Azərbaycanda demokratiyanın bərqərar olmasına dəstək verməsini xahiş edirdilər...
Bir də görürsən ki, Amerika Erməniləri Milli Komitəsinin ən sevimli konqresmenləri, senatorları Azərbaycanda hansısa siyasi məhbusun azadlığın tələb edir. Əminəm ki, onların Azərbaycanla bağlı heç bir xoş niyyəti yoxdur. Sadəcə bu fürsətdən istifadə edib ölkəmizə qarşı, xüsusən Qarabağla bağlı qaralama kampaniyası aparırlar.
Ona görə də belə şeylərdə bir az diqqətli olmaq lazımdır...
Elbeyi Hesenli
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.