Yeni Məlikməmməd nağılı və ya Bizdə camaatın rüşvətxor, korrupsionar məmura münasibəti ictimai deyil də, şəxsi zəmindədir...

18-09-2023, 09:53           
Yeni Məlikməmməd nağılı və ya
Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi, ehtiyatda olan polkovnik Məlikməmməd Qurbanovun məhkəmə prosesi gedir. Nağıllardakı Məlikməmmədən fərqi olaraq sabiq rəis divi yox, büdcəni yuxarıdan gələn əmrlə söküb, hələ məhkəmədə təsdiqlənmiş fakta görə oğurlanan puldan 20 mln. manatı Nəcməddin Sadıkova şəxsən, özü də Sadıkovun kabinetində verib.
Məhkəmədən aydın olur ki, Müdafiə nazirliyinin bütün tender və satınalmalarında “otkat” (bu məhkəmə sənədlərinə, “geri qayıdan vəsait”, kimi düşüb) 15% olub, yəni, A şirkəti MN-nə müqavilə ilə, məsələn, 1 mln. manatlıq düyü satırsa, bunun 150 minini öncədən gətirib Məlikməmmədə verirmiş, o da üstündən öz payını götürüb Sadıkova ötürürmüş – nəzərə alsaq ki, MN-də ərzaq, geyim, ləvazimat alışı, tikinti işləri yüzmilyonlarla manatlıq olur, bu vəsaitin 15%-i kifayət qədər böyük məbləğdir. Sadıkov illərdir basıb-yeyib, Şimal qonşumuza işləyib, amma əlini-qoluna sallayıb rahatca yaşayır.
Amma sözüm ona da deyil: İllərdir ki, iqtisadçılar, tənqidçilər, müxalif siyasi təşkilatlar ölkədə “otkat və şapkanın” mövcudluğundan danışırlar, rüşvətin tüğyan etdiyini vurğulayırlar – amma hökumət həmişə elə adamları yalan danışmaqda, xarici qara qüvvələrə işləməkdə, düşmən dəyirmanlna su tökməklə suşlayıb, iddiaları, faktları qəbul etmirlər. Elə ki, böyük məhkəmə işləri olur (məsələn, iri məmur, icrabaşların həbsi, keçmiş MTN-nin əməkdaşlarının, bu gün Müdafiə Nazirliyinin iri məmurunun işləri və s.) həmən faktlar, rəqəmlər üzə çıxır, illərdir dediyimiz sübut olunur.
Başqa məsələ də var: İllərdir biz bu faktları kimin üçün ictimailəşdiririk?! Bəli, həm hökumət görsün ki, hər istədiyini edə bilməz, lakin daha çox da vətəndaşlar üçün ki, bir sistemi anlasınlar, niyə rifah içində yaşamadıqlarının səbəblərini görsünlər, rüşvət və korrupsiyasının onların gələcəyini yeyib-bitirdiyinin fərqində olsunlar – amma fərqindədirlərmi?! Çox adam bu məlumatlara adi bir məsələ kimi baxır, az qala məmurlara haqq da qazandırsınlar ki, “əşşşi kim olsa oğurlayacaq da, heç olmasa bunlar yeyib-doyublar”.
Bizdə camaatın rüşvətxor, korrupsionar məmura münasibəti ictimai deyil də, şəxsi zəmindədir - əgər hansısa elə qohumu, tanışı varsa, ona əl tutursa, işə düzəldirsə, xeyrində-şərində yaxşı iştirak edirsə, məmur olur “çörəkverən yaxşı insan”, yox əgər ondan xeyir görmürsə, ondan etdiyi QANUNSUZ (bəli, çox zaman qanunsuz) ricaları yerinə yetirmirsə, özünü, övladını işə düzəldib əlini “çörəyə” çatdırmırsa, məhz o zaman o qohum-tanışının rüşvətxor-korrupsionar, PİS adam olduğunu deyir, orda-burda qeybətini qırır.
Və bu o zamana qədər davam edir ki, o məmur qohumu-tanışı ona əl uzadır – vəssalam, əl uzatdısa, kömək etdisə, 5 manat xeyir verdisə, həmin adam olur huri-mələk, gözəl insan, dahi şəxsiyyət. Belə...
Natig Cəfərli
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.