Azərbaycanın Qarabağda əməliyyatı: 5 suala cavabda

20-09-2023, 11:25           
Azərbaycanın Qarabağda əməliyyatı: 5 suala cavabda
Əməliyyatlar niyə başladı?
Dünəndən bəri Qarabağda 11 azərbaycanlı həlak olub, onlardan altısı Xocavənddə eyni istiqamətdə mina partlaması nəticəsində, beşi yol qəzasında həyatını itirib.

Azərbaycan mina partlayışını "terror aktı" adlandırıb və bəyan edib ki, hər iki hadisə "qanunsuz erməni silahlı birləşmələrinin əraziyə mina yerləşdirməsi" nəticəsində baş verib.

Bir neçə ay idi ki, Qarabağda vəziyyət gərgin idi və Azərbaycanın belə bir əməliyyata başlayacağı gözlənilirdi.

Azərbaycan Müdafiə Nazirliyi (MN) erməni silahlıları onun mövqelərini “sistemli atəşə tutmaqda” ittiham edib.
Rəsmi Bakı deyib ki, Qarabağda mülki əhali və mülki infrastrukturu hədəfə alınmır.

Azərbaycan MN mülki erməni əhalini Ermənistanın oradakı "hərbi birləşmələrinin yerləşdirildiyi infrastruktur ərazilərdən uzaq olmağa" çağırıb.

Çərşənbə axşamı Şuşa Dövlət Qoruğu İdarəsinin mühəndisi qəlpə yarasından həlak olub, Azərbaycan hüquq-mühafizə orqanları rəsmiləri keçirdikləri brifinqdə açıqlayıblar və atəşi erməni hərbçilərin açdığını deyiblər.

Əməliyyatlar zamanı Qarabağın erməni əhalisi arasında 25 nəfərin öldüyü, 138 nəfərin yaralandığı xəbər verilir. Olənlərdən ikisi, yaralılardan isə 29-u mülki şəxsdir, məlumatlarda deyilir.

Azərbaycan Müdafiə Nazirliyi bildirib ki, Qarabağın rus sülhməramlıların məsuliyyət zonasında apardığı əməliyyatlar nəticəsində "Ermənistan silahlı qüvvələrinin 60-dan çox döyüş mövqeyi" Azərbaycan ordusunun nəzarətinə keçib.

Rəsmi Yerevan Qarabağda Ermənistana məxsus hərbi birləşmə olmadığını bəyan edib.

Bu arada Yerevanda hökumət binası və Rusiyanın bu ölkədəki səfirlik binası qarşısında etiraz aksiyasının davam edir, Ermənistan mediası yazır.

Etirazçılar hökumət binası qarşısında polis maneələrini yararaq binaya daxil olmağa çalışıblar. TASS agentliyinin yazdığına görə aksiya iştirakçıları Rusiya səfirliyinin çıxışını da bağlayıblar.

Yerevan polisinin etirazçılara qarşı səs qumbaralarından istifadə etdiyi bildirilir.

Xankəndində vəziyyət necədir?
Rusiya Müdafiə Nazirliyi bildirib ki, gün ərzində 469 nəfər, o cümlədən 185 uşaq Rusiya sülhməramlı kontingentinin olduğu yerə təxliyə edilib.

"Xüsusi təyinatlı tibb dəstəsinin tibb işçiləri dördü uşaq olmaqla doqquz yaralı vətəndaşa yardım göstərib", - Rusiya Müdafiə Nazirliyi bildirib.

Rusiya sülhməramlılarının Qarabağdakı komandanlığı münaqişə tərəflərini dərhal atəşkəsə və danışıqlar prosesini davam etdirməyə çağırıb.

Qarabağdakı separatçı qurumun "ombudsmanı" Gegham Stepanyan X (keçmiş Twitter) hesabında iddia edib ki, “Azərbaycanın Dağlıq Qarabağda davam edən hücumları nəticəsində biri uşaq olmaqla, ən azı iki nəfər ölüb, 11 nəfər yaralanıb”.

Azərbaycan MN deyir ki, əhalinin təhlükəli ərazidən təxliyəsini təmin etmək üçün Laçın yolu üzərində və digər istiqamətlərdə “humanitar dəhliz və qəbul məntəqələri” yaradılıb.

Tanınmamış “Artsax” hökuməti rəhbərliyi “dərhal Azərbaycanı atəşkəsə əməl etməyə və danışıq masası arxasına oturmağa çağırıb, separatçı qurumun yerli mediası yazıb.

Rəsmi Bakı bu çağırışa cavab olaraq bildirib ki, “antiterror tədbirlərinin dayandırılması üçün qanunsuz erməni silahlı dəstələri ağ bayraq qaldırmalı, bütün silahlar təhvil verilməli, qanunsuz rejim özünü buraxmalıdır. Əks təqdirdə, antiterror tədbirləri sona qədər davam etdiriləcək”, Azərtac yazır.

Azərbaycan reinteqrasiya məsələlərini müzakirə etmək üçün ölkənin Qarabağ bölgəsində yaşayan ermənilərin nümayəndələri ilə Yevlaxda görüşə hazır olduğunu bildirib.

Qarabağda yaşayan jurnalist Marut Vanyan sosial media hesabında yazıb ki, bu gün “Stepanakertdə həyacan siqnalı” eşidilib və “uşaqlar və valideynlər təcili zirzəmiyə enib”.

“Şuşa tərəfdən müxtəlif istiqamətlərdə partlayış səsləri eşitdim. Birinci partlayış səsi çox yaxından eşidildi, səslər kəsilmir. Artilleriya işləyir, fasiləsiz atəş açılır", - o deyib.

Azərbaycan yalnız hərbi obyektləri hədəfə aldığını deyib və əhalini hərbi obyektlərdən uzaq durmağa çağırıb.

Ermənistanın reaksiyası nədir?
Ermənistan Xarici İşlər Nazirliyi Azərbaycanın "Dağlıq Qarabağa qarşı təcavüzünü" pisləyib və bu əməliyyatı "kütləvi cinayət" adlandırıb və Azərbaycanı "etnik təmizləmə" aparmaqda ittiham edib.

Azərbaycan Ermənistanın "etnik təmizləmə" ittiamını rədd edir. Rəsmi Bakı bir neçə dəfə Qarabağ ermənilərinin təmsiçilərini danışığa dəvət edib, amma qarşı tərəf bundan imtina edib.

Azərbaycan deyir ki, Ermənistan Qarabağdan hərbi birləşmələrini çıxarmayıb və bu da hərbi vəziyyəti gərginləşdirir.

Ermənistan Müdafiə Nazirliyi bu gün yaydığı bəyanatda Qarabağda onlara məxsus "hər hansı hərbi birləşmənin" olmadığını bildirib.

Ermənistanın Baş naziri Nikol Paşinyan çərşənbə axşamı Təhlükəsizlik Şurasınıın iclasını çağırıb.

"İclasda Azərbaycan tərəfinin Dağlıq Qarabağa qarşı başladığı genişmiqyaslı döyüş əməliyyatları müzakirə olunur", - Ermənistan hökumətinin mətbuat xidmətinin məlumatında deyilir.

Emənistanın Baş nazir Nikol Paşinyan Azərbaycanı Ermənistanı hərbi eskalasiyaya cəlb etmək cəhdində ittiham edib və bunu “yolverilməz” adlandırıb.

O, sosial şəbəkədə canlı yayımlanan video-müraciətində deyib ki, Azərbaycanla sərhəddə vəziyyət “nisbətən stabil“dir, amma “Bakının əsas məqsədi öz hərəkətləri ilə Ermənistanı hərbi əməliyyatlara cəlb etməkdir”.

Nikol Paşinyanın sözlərinə görə, Azərbaycan rəsmi mənbələri Azərbaycan hərbçilərinin Ermənistan hərbi qüvvələrinə zərbə endirdiyini bildirir və Ermənistanın hərbi əməliyyatlarda iştirak etmədiyinə baxmayaraq, hətta “Yerevanın bəzi tərəfdaşları” da həm Ermənistanı, həm də Azərbaycanı hərbi əməliyyatları dayandırmağa çağırır.

“Bir daha, növbəti dəfə vurğulamaq istəyirəm ki, Dağlıq Qarabağda Ermənistan ordusu yoxdur”, - Paşinyan deyib.

Onun sözlərinə görə, Ermənistan hakimiyyəti vəziyyətin “emosional məqamını anlayır və prosesə nəzarət edəcək”.

“Müəyyən siyasi qüvvələrə və xadimlərə Ermənistanın dövlətçiliyini zərbə altına qoymağa imkan verilməməlidir”, - Baş nazir əlavə edib.

Nikol Paşinyanın çıxışından sonra Yerevanda hökumət evinin qarşısında etirazlar başlayıb.

Etirazçılar Ermənistan hakimiyyətindən Qarabağdakı əməliyyatlara müdaxilə etməyi tələb ediblər.
Dünya nə reaksiya verib?
ABŞ-ın Dövlət katibi Antony Blinken çərşənbə günü Azərbaycan Prezidenti İlham Əliyevə və Ermənistanın baş naziri Nikol Paşinyana zəng edib.

Dövlət Departamentinin məlumatına görə, Antony Blinken Azərbaycan prezidenti İlham Əliyevlə “Dağlıq Qarabağda” hərbi əməliyyatları dərhal dayandırmağa və vəziyyəti eskalasiya etməməyə çağırıb.

“Dövlət katibi vurğulayıb ki, hərbi yolla həll yoxdur və tərəflər Bakı ilə “Dağlıq Qarabağdakı” etnik ermənilər arasında mövcud olan mübahisələri həll etmək üçün dialoqu bərpa etməlidirlər”, - ABŞ Dövlət Departamenti bildirib.

Dövlət Departamentinin saytı yazıb ki, “Prezident Əliyev hərbi əməliyyatları dayandırmağa, Azərbaycan nümayəndələri ilə “Dağlıq Qarabağ” əhalisinin görüşməsinə hazır olduğunu bildirib və bunun dərhal həyata keçirilməsinin zəruriliyini vurğulayıb”.

Azərbaycan Prezidentinin saytının məlumatına görə, İlham Əliyev ABŞ Dövlət katibinə “Silahın yerə qoyulduğu və tərksilah olunduğu halda antiterror tədbirlərinin dayandırılacağını deyib”.

Dövlət katibi Antony Blinken Ermənistanın baş naziri Paşinyanla da telefon söhbətində Birləşmiş Ştatların Dağlıq Qarabağdakı vəziyyətlə bağlı dərin narahatlığını ifadə edib və ABŞ-ın Azərbaycanı hərbi əməliyyatları dərhal dayandırmağa və dərhal dialoqa qayıtmağa çağırdığını vurğulayıb.

O, baş nazir Paşinyana ABŞ-ın Ermənistanın suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü tam dəstəklədiyini bildirib.

Ötən gün Azərbaycan Qarabağda əməliyyatlara başlayandan sonra ABŞ-ın Dövlət katibi Antony Blinken Qarabağdakı hərbi tədbirlərindən "dərin narahatlıq" keçirdiklərini bildirib, Dövlət Departamentinin rəsmi saytında qeyd olunub.

"Dağlıq-Qarabağda Azərbaycan tərəfinin başlatdığı hərbi tədbirlərdən dərin narahatlıq keçirir və rəsmi Bakını bunu dərhal dayandırmağa çağırırıq. Bu cür addımlar Dağlıq-Qarabağdakı humanitar vəziyyəti daha da pisləşdirməklə yanaşı, sülh imkanlarını da azaldır. Daha əvvəl də fikrimizi Azərbaycana açıq şəkildə çatdıraraq, ziddiyyətlərin güc yolu ilə həllinin qəbuledilməz olduğunu bildirmişik", - qurumun bəyanatında bildirilib.

Bundan əlavə, Antony Blinken tərəflər arasında düşmənçiliyə "dərhal son qoyulmasına", eləcə də Bakı və Qarabağ ermənilərinin nümayəndələrini dialoq aparmağa çağırıb.

Türkiyə Xarici İşlər Nazirliyi Azərbaycanın Qarabağda başlatdığı hərbi tədbirlərlə bağlı yaydığı məlumatda rəsmi Bakı və Yerevan arasında nəticəyə yönəlik danışıqların regionda sülh, təhlükəsizlik, rifah və davamlı sabitlik üçün “yeganə yol” olduğunu bildirib.

“Azərbaycanın Qarabağ bölgəsində olan qeyri-qanuni erməni silahlı ünsürlərinin uzun müddətdir Azərbaycan ordusuna və hüquq mühafizə orqanları əməkdaşlarına qarşı davam edən silahlı hücumları və təxribatları Azərbaycanı bu gün anti-terror əməliyyatı başlatmağa məcbur edib”, - Türkiyə XİN-nin məlumatında qeyd olunub.

Ankara Azərbaycanın Qarabağda başlatdığı hərbi tədbirləri rəsmi Bakının “haqlı tələblərinin yerinə yetirilməməsi” ilə izah edib.

İranın Xarici İşlər Nazirliyinin sözçüsü də Qarabağda baş verənlərdən narahat olduqlarını deyib, İran mediası yazıb.

Rəsmi Tehran tərəfləri üçtərəfli atəşkəs razılaşmasının şərtlərinə əməl etməyə və məsələni dialoq yolu ilə həll etməyə çağırıb.

Avropa İttifaqı Qarabağda “cəbhə xətti boyu hərbi eskalasiyanı qınadığını" bildirib.

Qurumun xarici siyasət üzrə rəsmisi Josep Borrell X (keçmiş Twitter) səhifəsində eskalasiya nəticəsində insan itkisindən təəssüfləndiyini deyib və Azərbaycanı mövcud hərbi hücumları dayandırmağa çağırıb.

“Bakı və Qarabağ erməniləri arasında təcili şəkildə dialoqun qurulmasına ehtiyac var. Hərbi eskalasiya yerli əhalinin məcburi köçürülməsi üçün istifadə edilməməlidir”, - Avropa İttifaqının Qarabağda baş verənlərlə bağlı bəyanatında qeyd olunub.

Qurum, həmçinin sülh mühitinin yaradılması və normallaşma ilə bağlı danışıqların davam etdirilməsi üçün “zorakı hərəkətlərin” dayandırılmalı olduğunu diqqətə çatdırıb.
Fransa Azərbaycanı dərhal hücumu dayandırmağa və beynəlxalq hüquqa hörmət etməyə çağırıb.

Fransa Xarici İşlər Nazirliyinin yaydığı məlumatda bildirilir ki, “Dağlıq Qarabağın mülki əhalisinin taleyinə görə məsuliyyət tamamilə Azərbaycanın üzərinə düşür".

Fransa Azərbaycanın Qarabağda keçirdiyi "hərbi əməliyyatları bərpa etməsini" pisləyib.

Fransa Xarici İşlər Nazirliyi, həmçinin BMT Təhlükəsizlik Şurasının təcili iclasını tələb edib

Avropa Şurasının prezidenti Charles Michel X (keçmiş Twitter) hesabında tərəfləri dialoqa çağırıb.

“Bu gün keçmiş Dağlıq Qarabağ vilayətindən sarsıdıcı xəbərlər gəlir. Bakı ilə Qarabağ erməniləri arasında dialoqa imkan yaradılması üçün Azərbaycanın hərbi fəaliyyətləri dərhal dayandırılmalıdır”.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova qurumun rəsmi X (keçmiş Twitter) hesabında Ermənistan və Azərbaycanı hərbi addımları dayandırmağa və məsələnin siyasi-diplomatik yolla həll etməyə çağırıb.

“Qarabağ probleminin sülh yolu ilə həllinə dair bütün addımlar Rusiya, Azərbaycan və Ermənistan liderlərinin imzaladıqları üçtərəfli bəyanatda göstərilib. Ermənistan-Azərbaycan sülh razılaşması iki ölkə arasında maraqlar balansını təmin etməklə davamlı və uzunmüddətli sülhə zəmin yaratmalıdır. Buna kağız üzərində razılaşdırılan bütün yol xəritələrini yerinə yetirməklə nail olmaq mümkündür”, - Zaxarova bildirib.

Azərbaycan Xarici İşlər Nazirliyi Aİ və Fransanın bəyanatlarını pisləyib və bəyan edib ki, suveren ərazilərində beynəlxalq hüquq normalarına zidd olaraq istənilən "hərbi mövcudluq regional sülh və təhlükəsizliyə ciddi təhdiddir və Azərbaycanın bugünkü fəaliyyəti bu qanunsuz qüvvələrin sıradan çıxarılmasına və marionet rejiminin dağıdılmasına yönəlib”, - qurumun bəyanatında deyilir.

Azərbaycan nə deyir?
Azərbaycan Müdafiə Nazirliyinin sözçüsü Anar Eyvazov çərşənbə axşamı keçirdiyi brifinqdə “anti-terror əməliyyatları nəticəsində Qarabağda mülki əhalinin və mülki infrastrukturun hədəfə alınmadığını” deyib və mülki erməni əhalini Ermənistanın oradakı hərbi birləşmələrinin yerləşdirildiyi infrastruktur ərazilərdən uzaq olmağa çağırıb.

Azərbaycan Xarici İşlər Nazirliyi bu günki mina partlayışlarını "terror aktı" kimi qiymətləndirib və keçirilən "lokal xarakterli antiterror tədbirləri"nin "erməni hərbi birləşmələrinin zərərsizləşdirilməsi və bölgədən çıxarılması, Azərbaycanın Konstitusiya quruluşunu "bərpa edilməsi" məqsədi daşıdığını bəyan edib.

Rəsmi Bakı vurğulayıb ki, heç bir halda "Azərbaycan tərəfi mülki əhalini hədəf almır. Bu xüsusda, erməni mülki əhalinin hərbi hədəflərdən uzaq durması zəruridir", - Azərbaycan XİN-in yaydığı məlumatda deyilir.

Azərbaycan MN son məlumatında bildirib ki, ərazidə olan mülki əhalini “hərbi obyektlərdən kənar durmağa və Ermənistan silahlı qüvvələrinin birləşmələrinə dəstək olmamağa çağırır”.

“Bu barədə mobil SMS xidməti vasitəsilə Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinə məlumat göndərilib. Eyni zamanda səsgücləndirici texniki vasitələrlə əhali xəbərdar edilir və məlumat vərəqələri paylanılır”, məlumatda deyilir.

Azərbaycan MN bəyan edib ki, qadınlar, uşaqlar, qocalar, habelə fiziki məhdudiyyətli şəxslər və xəstələrə lazımi tibbi və digər yardımlar göstəriləcək, onlar içməli su və ərzaqla təmin olunacaq.

Azərbaycan Müdafiə və Xarici İşlər Nazirliyi çərşənbə axşamı xüsusi olaraq vurğulayıb ki, Azərbaycan tərəfi “yalnız hərbi obyektləri hədəfə alır və əhalini hərbi obyektlərdən uzaq durmağa çağırır”.

Azərbaycanda Qarabağda keçirilən "antiterror əməliyyatına" görə, bu gündən TikTok sosial şəbəkəsinin fəaliyyətinə müvəqqəti məhdudiyyət tətbiq edilib, Elektron Təhlükəsizlik Xidmətindən BBC Azərbaycancaya bildirilib.

İctimai TV çərşənbə axşamı yaydığı məlumatda Xankəndidə yerləşən Ermənistan silahlı qüvvələrinə məxsus "TOR zenit raket kompleksinin məhv edildiyini" açıqlayıb.

Azərbaycan Müdafiə Nazirliyi yaydığı son bəyanatında bildirib ki, Qarabağda aparılan "antiterror tədbirlər çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarılır".

Azərbaycan Müdafiə Nazirliyi bəyan edib ki, mülki əhali və infrastruktur obyektləri "hədəfə alınmır, yalnız legitim hərbi hədəflər sıradan çıxarılır".

Azərbaycan hərbi əməliyyatlarda artıq əsas hədəflərə çatmağa yaxındır, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev TRT Haberə deyib.

“Qarşımıza qoyduğumuz əsas hərbi hədəflər artıq neytrallaşdırılmışdır. Bundan sonra qısa müddətli nöqtə əməliyyatları davam etdiriləcək”, - Hikmət Hacıyev qeyd edib.

Qarabağda Azərbaycan Müdafiə Nazirliyinin əməliyyatı davam etməkdə ikən, Xankəndidəki de-fakto hakimiyyət Azərbaycana müraciət edərək onu "düşmənçiliyin dərhal dayandırılması" üçün danışıqlar masasına çağırıb.

Hikmət Hacıyev isə TRT Haber-ə müsahibəsində bildirib ki, Qarabağ erməniləri ilə hər hansı təmasların qurulması üçün “bu qanunsuz rejim özünü buraxmalı və tərksilah olmalıdır".

Çərşənbə axşamı altı nəfər mülki şəxs Xocavənd rayonu ərazisində eyni istiqamətdə minaya düşərək həlak olub.

Minaya düşənlərdən dördü Azərbaycan Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşı, ikisi isə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) əməkdaşı olub, hər iki qurum bildirib.

Azərbaycan Müdafiə Nazirliyi bildirib ki, "keçirilən tədbirlər barədə" Rusiya sülhməramlı kontingentinin komandanlığı və Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin rəhbərliyi məlumatlandırılıb.

Azərbaycan hüquq mühafizə orqanlarının birgə yaydığı məlumata görə, “DİN əməkdaşlarının olduğu “Kamaz” markalı nəqliyyat vasitəsi bu gün Əhmədbəyli-Füzuli-Şuşa yolunun Xocavənd rayonundan keçən 58-ci kilometrliyində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) əməkdaşları ilə eyni istiqamətdə minaya düşüb”.

Bu gün səhər saatlarında AAYDA-nın 50-60 yaşlarında iki əməkdaşı Xocavənd rayonu ərazisində mina partlayışı nəticəsində həlak olub, qurum bildirib.

Azərbaycan DİN, Dövlət Təhlükəsizlik Xidməti və Baş Prokurorluq bildirib ki, hər iki hadisəyə səbəb “sülhməramlıların müvəqqəti yerləşdiyi ərazidə fəaliyyət göstərən qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən mina yerləşdirməsi ” olub.

Azərbaycanda faktla bağlı cinayət işi başlanıb.

Qarabağdakı separatçı qurumun "müdafiə naziri" Xocavənd rayonu ərazisində AAYDA-nın iki əməkdaşının mina yerləşdirilməsi nəticəsində həlak olmasını "dezinformasiya" adlandırıb, Armenpress xəbər verib.

Azərbaycan Xarici İşlər Nazirliyinin çərşənbə axşamı yaydığı məlumatda qeyd olunur ki, bu gün Xocavənddə baş verənlərlə “İkinci Qarabağ müharibəsindən bəri, ümumilikdə, mina qurbanlarının sayı 314 nəfərə çatdı, onlardan 61 nəfər həlak olub”.

Qurum baş verənləri üçtərəfli bəyanatın 4-cü bəndinin kobudcasına pozulması kimi qiymətləndirib və “Ermənistan və onun yaratdığı qondarma rejimi" bölgədə "hərbi gərginliyi artırmaqda" ittiham edib.

BBC












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.