Xankəndidə vəziyyət necədir?

21-09-2023, 10:54           
Xankəndidə vəziyyət necədir?
Azərbaycanın Qarabağdaki erməni əhalisi "atəşkəsə razılaşıb". Azərbaycan hakimiyyəti bildirir ki, döyüşən şəxslər silahları təhvil verməyə başlayıblar.

Azərbaycan Qarabağda “antiterror əməliyyatlara” başladığını elan etdikdən saatlar sonra Qarabağdan yüzlərlə şəxs evakuasiya edilib. Rusiya Müdafiə Nazirliyi sülhməramlıların köməyi ilə Qarabağ ərazisindən təxminən 2 min erməninin evakuasiya olunduğunu açıqlayıb.

Etnik erməni əhalisinin yaşadığı Xankəndi şəhərində əllərində səfər çantaları olan qadın və kişilərin fotoları paylaşılıb.

Rusiya Müdafiə Nazirliyinin yaydığı görüntülərdə əhalinin əllərində çantalarla "təhlükəli ərazilərdən uzaqlaşdırıldığı" görünür.
Xankəndi şəhərindən olan erməni jurnalist Marut Vanyan Azərbaycanın “antiterror əməliyyatları başladıqdan indiyədək” Xankəndi şəhərindən paylaşımlar edərək “əhalinin gecəni sığınacaqlarda keçirdiyini, uşaqların yatdığını, anaların isə yatmağa yer olmadığı üçün səhərədək onların yanında oturduğunu” yazıb.
Dağlıq Qarabağdaki kəndlərdən birində tibb bacısı işləyən Sevan Mandjikyan Azadlıq Radiosunun erməni xidmətinə müsahibəsində “Rusların uşaqları Laçın dəhlizindən keçirmək istədiklərini, lakin onların maşınlarına atəş açıldığını" - iddia edib.

Separatçı “Dağlıq Qarabağ rəhbərliyi” hücum başladıqdan bəri ikisi mülki şəxs olmaqla 27 nəfərin həlak olduğunu və çox sayda insanın yaralandığını açıqlayıb.
Jurnalist Marut Vanyan bu səhər Xankəndi şəhərində artilleriya atəşinin eşidildiyini yazıb. Jurnalist daha sonra atəş səslərinin eşidildiyi video görüntülər paylaşıb.

Xankəndi şəhərindən olan digər bir jurnalist Siranuş Sargsyan çərşənbə səhəri X-da (keçmiş Twitter) “daha bir yaşayış binasının atəşə tutulduğunu” yazıb.

Siranuş Sargsyan paylaşdığı videoda atəşə tutulduğunu dediyi binadan bir neçə şüşəsi qırılıb-tökülmüş qapı şəkillərini, eyni zamanda atəşə məruz qalmış boz rəngli bir maşının görüntülərini paylaşıb. Bundan əvvəlki paylaşımında isə Siranuş Sargsyan zərbə nəticəsində ciddi zərər görmüş binanın görüntüsünü paylaşmışdı.

Jurnalist, həmçinin, bu səhər çörək və çay əldə edə bildiklərini də yazıb.
Separatçı "DQR ombudsmanının rəsmi” X səhifəsində 9 saat əvvəl “Azərbaycanın Ağdərədə (ermənilər bu şəhəri Mardakert adlandırır-red.) yerləşən yüksək gərginlikli elektrik bazasını hədəf alması nəticəsində “Artsax sakinlərinin 12 saatdan çox elektriksiz qaldığını” açıqlayıb.

Yerli jurnalist Marut Vanyan da bildirib ki, dünəndən bölgədə elektrik enerjisinin verilişi kəsildiyi üçün, o, gecə elektrik enerjisinin olduğu xəstəxanaya üz tutmalı olub.
Qarabağın Mets Şen kəndindən olan tibb bacısı Sevan Mandjikyan Azadlıq Radiosunun erməni xidmətinə müsahibəsində “partlayış başlayan kimi qadınlar və uşaqlar kənddən təxliyə edilərək Rusiya sülhməramlılarının postlarına aparıldığını” demişdi.

Mandjikyan əri ilə birlikdə kənddə qalanlardandır. O, vurğulayıb ki, onlar yaralı olarsa, kömək etmək üçün qalmağa qərar veriblər.

Mandjikyanın sözlərinə görə, Rusiya sülhməramlıları qadın və uşaqları Laçın dəhlizi ilə, Həkəri körpüsündən keçərək Dağlıq Qarabağdan çıxarmağa cəhd ediblər, lakin azərbaycanlılar sülhməramlıların maşınlarını atəşə tutmağa başlayıblar.

“Saat 7 radələri olardı, uşaqları, qadınları Mets Şenə aparmaq istəyirdilər, azərbaycanlılar deyirdilər ki, yol açıqdır, kim getmək istəyirsə, getsin. Onlar uşaqları və qadınları Laçından, Həkəri körpüsündən keçirmək istəyirdilər, lakin hələ rus postundan bu kəndə çatmamış onlar [azərbaycanlılar] artıq rusların maşınlarını atəşə tutublar, ona görə də bir az gecikmə olub. O maşınlardaki qadın-uşaq Həkəri körpüsünə çıxmaq istəyirdi, maşınlara atəş açıblar, ona görə də ruslar uşaqları çıxara bilməyib, indi hamısı buradadır”, - Mets Şen kəndindən olan tibb bacısı Azadlıq Radiosunun erməni xidmətinə deyib.

Qarabağda əməliyyatlar başladıqdan sonra rəsmi Yerevan Bakını "etnik təmizləmədə" ittiham edib. Azərbaycan isə deyib ki, Qarabağda mülki əhali və mülki infrastruktur hədəfə alınmır, yalnız "legitim hərbi obyektlər" zərərsizləşdirilir.

Bakı bəyan etmişdi ki, Qarabağ sakinlərinə humanitar dəhliz təklif edib.

“Laçına gedən yol boyu və digər istiqamətlərdə əhalinin təxliyyəsini təmin etmək üçün humanitar dəhlizlər və qəbul məntəqələri yaradılıb”, - deyə Azərbaycan hakimiyyəti bildirib.
“Artsax Defence” X-da yazıb ki, Separatçı "Dağlıq Qarabağın yeni rəhbərliyi” “öncəliyimiz Artsax sakinlərinin olduğu üçün vacib ölçülərin götürülməsi, uyğun addımların atılması vacibdir” deyib.

Bundan əvvəl Qarabağın etnik erməniləri təslim olana qədər dayanmayacaqlarını bildiriblər.

Çərşənbə axşamı günü Qarabağın etnik erməni əhalisi atəşkəs və danışıqlar üçün Azərbaycana müraciət etsə də, Azərbaycan hökuməti bildirmişdi ki, rəsmi Bakının məqsədi dağlıq Qarabağın geri qaytarılmasını başa çatdırmaqdır, atəşkəs və danışıqlar üçünsə qarşı tərəfin “ağ bayraq qaldırması” tələb olunur.

Bugünki danışıqlara getməklə bağlı razılaşmadan əvvəl də rəsmi Bakı danışıqlara hazır olduğunu bildirmişdi, lakin hakimiyyət bunun üçün Dağlıq Qarabağdaki "qeyri-qanuni erməni hərbi birləşmələrinin “ağ bayraq qaldırmaq" və "qeyri-qanuni rejimi" ləğv etmək tələbini irəli sürmüşdü.
BBC












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.