Azərbaycan təhsilinin sağalmaz dərdi -

21-09-2023, 16:44           
Azərbaycan təhsilinin sağalmaz dərdi -
Sentyabr ayının gəlişi ilə valideynlərin də repetitor axtarışları sürətlənib. Övladları buraxılış siniflərində olan valideynlər favorit müəllimləri hələ may ayından “bron ediblər”. Nəticədə isə bəzən bir şagird gün ərzində evindən daha çox repetitorların yanında vaxt keçirir: kurslar, məşğələlər, saatlarla davam edən test çözmələr...

Və bu sahə artıq təhsilimizin ayrılmaz hissəsinə çevrilib: demək olar ki, repetitor yanına, kursa getməyən şagird Azərbaycan təhsil sisteminə tamamilə yad sayılır. Ailələr hər ay öz aylıq büdcələrinin önəmli bir hissəsini bu sahəyə sərf edirlər. Evdə 2 uşaq repetitor yanına hazırlığa gedirsə, bu, büdcəyə çox ciddi təsir göstərir. Çıxış yolu nədədir? 90-cı illərin sonundan geniş vüsət alan bu sahə nə vaxta qədər təhsilimizin ayrılmaz hissəsi olacaq? Bu, normaldırmı? Hansısa bir dəyişiklik mümkündürmü?

Öncə qısa bir xatırlatma. Elm və təhsil naziri Emin Əmrullayev Azərbaycanda repetitorluğun “çiçəklənməsi”nə münasibət bildirib. Nazir deyib ki, Azərbaycanda repetitor fəaliyyətinin ləğvi gündəm mövzusu deyil. Bu fəaliyyət dünyanın heç bir yerində ləğv edilməyib.

Onun sözlərinə görə, bu fəaliyyət qadağan edilə bilməz: “Repetitorluq elə fəaliyyət növüdür ki, hər valideyn müxtəlif sahə üzrə övladını hazırlıq keçməyə qoya bilər. Misal olaraq, valideyn övladının skripkada ifa etməsini istəyirsə və bunun üçün mütəxəssis yanına aparırsa, deməli, riyaziyyat fənni üzrə də müəllim yanına qoya bilər. Bəzən repetitorluğun tərifini düzgün vermirik. Repetitorluq yalnız tənzimlənə bilər. Yəni repetitorluq harada baş verə bilər, kim kimə repetitorluq edə bilər, bu, sahibkarlıq fəaliyyətidirsə, bunun hansısa iqtisadi tənzimləmə alətləri ola bilər. Bir sözlə, repetitorluğun necə olması ilə bağlı təkliflər olsun ki, biz də onu dəyərləndirək”.

Hazırda paytaxtda fəaliyyət göstərən repetitorların 1 aylıq ortalama qiyməti 50 manatdır. 50 manatdan hesabladıqda bir şagird 5 fəndən hazırlığa gedərsə, ay ərzində 250 manat xərc çəkməli olur. Abituriyentlərin əksəriyyətinin 9-cu sinifdən repetitor hazırlıqlarına getdiklərini nəzərə alsaq, bir şagirdin ali məktəbə qəbul oması valideynə 6-7 min manata başa gəlir. Bu isə kifayət qədər böyük məbləğdir.

Bundan əlavə, paytaxtda 100-250 manata fəaliyyət göstərən repetitorlar da mövcuddur. Yüksək qiymətlərlə fəaliyyət göstərən repetitorlar “bunker müəllim” adlandırılırlar. Bu təhsil işçiləri əsasən qəbul imtahanları testlərinin tərtib olunmasında iştirak edən və bu prosesdən xəbərdar olan müəllimlərdir.

Ekspertlər bildirir ki, təhsil tutumlu bütün ölkələrdə repetitorluq mövcuddur. Sadəcə olaraq, mahiyyəti fərqlidir. Həmin ölkələrdə insanlar repetitor yanına öz biliklərini daha da genişləndirmək üçün gedirlər. Azərbaycanda isə hazırda repetitorluq təhsilin ayrılmaz bir hissəsinə çevrilib. Bu, daha çox onla bağlıdır ki, orta məktəblərdə şagirdlərə yetərincə bilik verə bilmirik. Azərbaycanda çox zərərli bir tendensiya yaranıb. Birinci sinifdən, hətta ondan bir qədər öncə valideynlər uşaqlarını repetitor yanına göndərməyə məcbur olurlar. Bunun səbəbi təhsilin məzmunun məktəbdə lazimi səviyyədə şagirdlərə çatdırılmamasıdır. Faktlar göstərir ki, çox savadlı müəllimlər məktəbdə dərs keçmirlər. Onlar şagirdlərə dərsdən əlavə özlərinin repetitorluq faəliyyətini təklif edirlər. Müəllimin dərs keçdiyi şagird onun repetitorluq xidmətindən istifadə etmirsə, həmin şagirdə məktəbdə müəllim tərəfindən təzyiq edilir.

Digər tərəfdən, direktorlarda bu məsələdə kifayət qədər günahkardırlar. Dərs müddəti bitdikdən sonra axşamlar, məktəblərin pəncərələrindən baxdıqda, repetirorluq fəaliyytini müşahidə edə bilərik. Direktorlar həmin müəllimlərdən repetitorluq faəliyyətli ilə məşğul olmaları səbəbindən hər hansı bir ödəniş alırlar.

Repetitorluq fəaliyyyətinin genişləndiyindən bəhs edilirsə, bu xidmətlə bağlı daha bir məsələ də gündəmə gəlir: repetitorlar da vergi ödəyirlərmi? Axı qanunvericilikdə bu məsələ təsbit olunub. Belə ki, repetitor fəaliyyəti ilə məşğul olan şəxslər gəlir əldə etdikləri üçün Vergi Məcəlləsinin 33.3-cü maddəsinə əsasən vergi ödəyicisi kimi uçota alınmalıdırlar.

Maraqlıdır, hazırda Dövlət Vergi Xidmətində vergi ödəyicisi kimi uçota alınmış repetitor varmı və onlar neçə nəfər təşkil edir? Ötən il repetitor fəaliyyəti ilə məşğul olanlar təxminən nə qədər vergi ödəyiblər?

Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsindən sualımıza cavab olaraq bildirilib ki, sorğuda qeyd olunan məlumatlar kommersiya (vergi) sirri hesab olunduğundan onun təqdim edilməsi nəzərdə tutulmayıb. Qurum bildirib ki, kommersiya sirri təşkil edən məlumatlar yalnız vergi ödəyicisinin özündən - yəni repetotorlardan əldə edilə bilər.

Ekspertlər onu da qeyd edirlər ki, ali məktəblərə qəbul imtahanlarında heç bir müəllim yanına getməyən şagirdlər də yaxşı nəticələr əldə edirlər. Bir şərtlə ki, valideyn şagirdə ciddi nəzarət etsin və məktəbdə dərsin keyfiyyəti normal səviyyədə olsun. Bundan sonra lazımi nəticəni əldə etmək daha asan olacaq. Bu gün repetitorluğun açıq-aşkar biznesə çevrilmə halları da istisna deyil. Ancaq hazırda repetitorların əksəriyyətini bilavasitə şagirdlərin öz orta məktəb müəllimləri təşkil edir. Müəllim-şagird münasibətlərində yaranan bazar ticarətinin hədsiz dərəcədə qınanmalı fakt olduğunu qəbul etsək də, digər tərəfdən, cüzi maaş alan müəllimlərimizin buna məcburən sövq edildiyini də qəbul etməyə borcluyuq.

Repetitor fəaliyyətinin leqallaşması, rəsmiləşdirilməsi üçün bu sahəyə lisenziya sisteminin tətbiq edilməsi daha effektiv olardı. Çünki bu gün ixtisası uyğun olmayan şəxslər də repetitorluq xidməti göstərirlər. Ona görə də Təhsil Nazirliyi, Dövlət İmtahan Mərkəzi, Vergilər Nazirliyi və Sosial Müdafiə Nazirliyinin mövcud olacağı bir komissiya yaradıb orada təhsil xidmətləri göstərənlər yoxlanılmalı və fəaliyyət icazəsi verilməlidir. İstənilən halda repetitorluq təhsilin səviyyəsini aşağı salmaz, yalnız yüksəldə bilər. Əgər bu tədris vasitəsi də olmasaydı, bu gün təhsilimiz tamamilə iflasa uğrayardı. /Musavat.com/












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.