“Böyük Britaniyanın dostu və düşməni yoxdur, əbədi maraqları var”

22-09-2023, 09:34           
Azərbaycan Ordusu tərəfindən səhvən 8 Rusiya sülhməramlısının öldürülməsi təəssüf doğurur. Bu insidentdən dolayı İlham Əliyevin Vladimir Putindən üzr istəməsi, maddi təzminat ödəməyə hazır olduğumuzu dilə gətirməsi tamamilə normaldır. Bunun əksi olmalı deyildi ki. Elə şey olarmı ki, sənin ordun səhvən Rusiyanın 8 hərbçini öldürsün, sən də buna görə üzrxahlıq belə etməyəsən.
Bu, müharibədir. Hər şey nəzərdə tutulduğu kim dəqiq icra oluna bilməz. Məsələn, bəzən elə olur ki, hər hansı bir ordu bilmədən, yəni səhvən öz əsgərlərini atəşə tutur, onları məhv edir. Amerikada da bu olub, Rusiyada da. Elə Azərbaycanda da...
Rusiya yaxşı bilir ki, bu, səhvən baş verib. Bu olay məqsədli şəkildə baş versəydi Rusiyanın davranışı təbii ki, fərqli olardı...
Kaş ki bu xoşagəlməz hadisə heç baş verməyəydi. Ancaq bu olay məsələnin mahiyyətini dəyişmir. Bəzilərinin iddia etdiyi kimi, ermənilərə elə bir üstünlük və ya manevr imkanı vermir.
Bu gün Yevlaxda baş tutan görüşü isə nəticəsiz hesab etmək olmaz. Nəticə dünən əldə olunub. Məsələ bitib.
Deyirlər ki, Xankəndi yaxınlığında hansısa bölmə müqaviməti davam etdirir. Olsun. Müqavimət göstərəni məhv edəcəklər. Bu, birmənalıdır...
Bunları niyə yazıram? Bəziləri belə idda edir ki, 44 günlük müharibənin sonunda Naxçıvan yaxınlığında Rusiyanın vertolyotun vurduq. Və bu ermənilərə üstünlük verdi. Bəli, o vaxt o hadisə ciddi şəkildə Azərbaycanın əleyhinə işlədi. Ancaq bu dəfə elə olmayacaq. Bu, istisna olunur...
Mustafası bu ki, narahatlığa elə bir əsas yoxdur. Birdəfəlik başa düşməliyik ki, erməni məsələsinə Rusiyanın baxışı dəyişib. Bu gün Rusiya üçün Türkiyə+Azərbaycan ittifaqı xüsusi önəm daşıyır.
“Böyük Britaniyanın dostu və düşməni yoxdur, əbədi maraqları var” ifadəsi göydən düşməyib. Bu həqiqət Rusiya üçün də keçərlidir. Amerika üçün də. Yeri gəlmişkən, diqqət edirsizmi, Amerika erməni məsələsinə xüsusi bir önəm vermir. Çünki Amerikaya lazımdır ki, Azərbaycan onun yanında olsun...
Ümumiyyətlə, Azərbaycan Cənubi Qafqazda dominant ölkədir. Həm əhali, həm də iqtisadi, siyasi, hərbi baxımdan bu belədir. Bu amil Azərbaycana olan münasibəti kökündən dəyişib. Rusiya, ABŞ, Avropa İttifaqı, İran, hətta qardaş Türkiyə də bizə indi tamam fərqli yanaşma sərgiləmək zorundadır...
Elbeyi Həsənli
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.