Sülhməramlılar antiterror əməliyyatlarının getdiyini bilirdilər

23-09-2023, 09:10           
Sülhməramlılar antiterror əməliyyatlarının getdiyini bilirdilər
Azərbaycan Ordusunun Qarabağda lokal antiterror tədbirləri keçirdiyi gün bölgədə olan Rusiya sülhməramlılarının olduğu avtomobil atəşə tutulub. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, hadisə sülhməramlılar Canyataq kəndi yaxınlığındakı müşahidə məntəqəsindən qayıdarkən baş verib.

“Sentyabrın 20-də Canyataq kəndi ərazisində Rusiya sülhməramlı kontingentinin müşahidə məntəqəsindən qayıdarkən rus hərbçilərinin olduğu avtomobil kiçik silahlardan atəşə tutulub. Atışma nəticəsində avtomobildə olan rus hərbçiləri həlak olublar”, - məlumatda bildirilib.

Məlumata görə, Rusiya və Azərbaycan istintaq orqanlarının nümayəndələri insidentin bütün detallarını aydınlaşdırmaq üçün hadisə yerində işləyirlər.

Qeyd edək ki, ölən hərbçilərdən biri sülhməramlı kontingentin komandan müavini, polkovnik İvan Kovqandır.

Dünən Azərbaycan tərəfinin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyev ilə Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub. Prezident İlham Əliyev Qarabağda Rusiya sülhməramlı kontingentinin hərbi qulluqçularının faciəli şəkildə həlak olması ilə bağlı üzrxahlıq ifadə edib və dərin hüznlə başsağlığı verib. Baş verənlərlə bağlı hərtərəfli araşdırma aparılacağı və bütün təqsirkarların layiqli cəzalarını alacağı vurğulanıb. Bununla bağlı hər iki ölkənin baş prokurorluqları sıx əlaqədədir. Azərbaycan Prezidenti həmçinin həlak olanların ailələrinə maddi yardım göstərilməsinə hazır olduğunu bildirib.

Sözügedən hadisənin baş vermə səbəbləri və Rusiyanın buna reaksiyası ilə bağlı AYNA-nın suallarını hərbi ekspert Elxan Şıxəliyev cavablandırıb. Onun sözlərinə görə, antiterror tədbirləri keçirilərkən belə fors-major hallar baş verə bilir ki, bu da təbiidir.
Teref.az onunla söhbəti təqdim edir:

- Hansı bölgədə müharibə, hərbi əməliyyat varsa, belə hadisələr olur. Məsələn, bu günlərdə Kiprdə Avropa İttifaqının sülh missiyası ilə bağlı nə baş verdi. Demək istəyirəm ki, bölgədə olan başqa hərbi missiya antiterror əməliyyatları, müharibə gedərkən atəş altına düşə bilər. Məsələ burasındadır ki, sözügedən hadisə qəsdlə törədilməyib. Azərbaycan Ordusunun komandirləri, birinci eşalon birləşmələrinin komandirləri “gedin rus sülhməramlılarını atəşə tutun, öldürün” deməz. Ona görə ki, İkinci Qarabağ müharibəsindən keçən üç ildə Ermənistan da, Qarabağdakı separatçı rejim də çox çalışdı, Azərbaycan əsgəri Rusiya sülhməramlılarına atəş açsın. Bunun üçün ən müxtəlif təxribatlar törədildi. Arzulayırdılar ki, Rusiya-Azərbaycan gərginliyi yaransın, hərbi qarşıdurma baş versin. Bundan da ermənilər faydalana bilsinlər. Lakin Azərbaycan buna getmədi, getmək marağında da deyil. Rusiya sülhməramlısına atəş açmaq bizim maraqlarımıza uyğun deyil. Ona görə də baş verən hadisənin qəsdlə törədilmədiyi gün kimi aydındır.

- Rusiya tərəfi bunun qəsd olmadığını anlayırmı?

- Təbii ki, anlayır. Moskvada oturanlar ağılsız deyillər ki, Azərbaycanın üç ildir etmədiyini indi etdiyinə inansınlar. Hansı ki, bu, Azərbaycanın maraqlarına da, siyasətinə də uyğun deyil. Rusiya başa düşür ki, bu, təsadüfən baş verən hadisədir və qəsdlə törədilməyib. Prezidentlər səviyyəsində bu danışıldı, Rusiya Prezidenti məlumatlandırıldı. İndi iki ölkənin baş prokurorları müvafiq araşdırmaları başladıblar. Nəticəsi haqqında da Rusiya məlumatlandırılacaq.

- Yəni düşünürsünüz ki, bu, ölkələr arasında gərginliyə səbəb olmayacaq...

- Əlbəttə, olmayacaq. Burada dövlət səviyyəsində gərginliyin baş verməsi gözlənilən deyil. Dediyim kimi, təsadüfən olan bir hadisədir, izahı verilib, araşdırma aparılır, nəticəsi də bəlli olacaq. Eyni zamanda, Azərbaycandan başsağlığı verildi, ölən hərbçilərin kompensasiyasının ödəniləcəyi bildirildi.

Əslində lokal antiterror tədbirləri keçirildiyi barədə Rusiya sülhməramlı kontingenti məlumatlandırılmışdı. Ona görə də rus hərbçilər həmin ərazidə, həmin yollarda bir qədər diqqətli olmalı idilər. Özlərinin təhlükəsizliklərini qorumaq, özlərini sığortalamaq üçün antiterror tədbirləri keçirilən zaman diqqət etməli idilər. Ölənlərdən biri də sülhməramlıların komandanının müavinidir, hansı ki, bölgədə baş verənlərdən xəbərdar idi. Bizə keçmiş olsun, başları sağ olsun demək düşər. Hərbçilərin taleyində də belə hadisələrin qurbanı olmaq da var. Nə etmək olar.

Hesab edirəm ki, konkret nəticəyə gəlmək üçün tələsmək lazım deyil Hər bir halda, bu hadisənin bilərəkdən törədilmədiyi aydındır. Çünki Azərbaycan əsgərinin belə bir addım atmasına ehtiyac yox idi.

- Ehtimallar səsləndirilir ki, sülhməramlıların atəşə tutulması ola bilsin ki, Rusiyanın özü tərəfindən hazırlanıb və bununla sonra Moskva Bakıya qarşı təzyiq kimi istifadə etsin. Bu nə dərəcədə mümkündür?

- Bu ehtimal çox zəifdir. Hansısa ehtimal səsləndirilə, mülahizə yürüdülə bilər. Amma mən əminəm ki, burada qəsd məsələsindən söhbət gedə bilməz. Mən illərlə xidmət etmişəm, sahədə olmuşam. Belə əməliyyatlar zamanı vəziyyətin nə olduğunu yaxşı bilirəm.

Rusiyanın özü tərəfindən hazırlanan təxribat məsələsinə gəlincə, bu, mümkünsüz görünür. Dünya hərb tarixini araşdırsaq görərik ki, heç bir dövlətdə belə bir hadisə olmayıb ki, əməliyyat gedən zaman, müharibə gedən zaman 30 il müddətində ordunun Baş Qərargah rəisi olmuş bir şəxsi vəzifəsindən kənarlaşdırasan. Bu, siyasi iradə tələb edir ki, heç bir ölkə lideri bunu etməyib. Yalnız Azərbaycan Ali Baş Komandanı bu iradəni nümayiş etdirdi. Bu qərarı vermək asan məsələ deyil. Bir Baş Qərargah rəisi 30 il müddətində 4 qrif məxfilik nə varsa, onu içərisində daşıyan adamdır. Strateji postlarda oturanları dəyişmək qərarı sırf bu məsələlərlə bağlı olduğuna görə çətin olur. Ona görə də hesab edirəm ki, Azərbaycan o mərhələni keçib, kitabın o səhifəsini bağlayıb. Bir sutka ərzində böyük hərbi uğur qazanmaq da məhz bu mərhələni keçməyimizin nəticəsidir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.