Azərbaycan-Türkiyə-Ermənistan münasibətlərində Zəngəzur dəhlizi ilə bağlı ritorikalar artır

26-09-2023, 12:14           
Azərbaycan-Türkiyə-Ermənistan münasibətlərində Zəngəzur dəhlizi ilə bağlı ritorikalar artır
Türkiyə Prezidenti Recep Tayyip Erdoğanın bazar ertəsi Naxçıvana səfəri Azərbaycan ictimaiyyətində rəsmi Bakının Zəngəzur dəhlizi adlandırdığı və ökənin qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında kommunikasiya əlaqələrinin qurulmasını nəzərdə tutan layihə ətrafında müzakirələri də artırıb.

Naxçıvanda bazar ertəsi mətbuata birgə açıqlama verən liderlər gözləntilərin əksinə olaraq, Zəngəzur dəhlizi ilə bağlı hər hansı fikir səsləndirmədilər. Lakin Azərbaycan Prezidenti İlham Əliyev mətbuata açıqlamasında "Azərbaycanı Naxçıvanla və Türkiyə ilə birləşdirən dəmir yolunun inşasının uğurla getdiyini" deyib. Bunu nəzərə alan təhlilçilər təkbətək görüşdə Zəngəzur dəhlizinin də müzakirə olunduğunu istisna etmirlər. Onlar hesab edirlər ki, Qarabağda nəzarəti ələ alan rəsmi Bakı öz səylərini əvvəllər tez-tez vurğuladığı Zəngəzur dəhlizi hədəfinə yönəldəcək.
Cənubi Qafqaz məsələləri üzrə təhlilçi Thomas De Waal da Erdoğan-Əliyev görüşündə Zəngəzur dəhlizi ilə bağlı məsələnin müzakirələrin ana xətti olduğu qənaətindədir.

“Azərbaycan hərbçilərinin Qarabağı ələ keçirməsindən bir neçə gün sonra Prezidentlər Əliyev və Erdoğanın bu gün Naxçıvanda görüşü çərçivəsində böyük ehtimalla Ermənistan hökumətinə “Zəngəzur dəhlizini aç, yoxsa...” ultimatumu veriləcək. Qoşunlarını ora yığan Rusiya da buna razıdır”, - Thomas De Waal X (keçmiş Twitter) hesabında yazıb.
Sosial şəbəkənin Azərbaycan seqmentində isə bu mövzu ilə bağlı sentyabrın əvvəllərindən müxtəlif mülahizələr eşidilir.

Ayın əvvəllərində Azərbaycanda hökumətə yaxın təhlilçilər, aktivistlər və dövlət mediasında çalışan bəzi jurnalistlər, eləcə də onlayn media qurumları sosial media hesablarında üzərində tərsinə çevrilmiş “A” hərfinin təsvir olunduğu şəkillər tirajlamışdılar. Bundan əlavə, bəzi hərbi nəqliyyat növlərinin də üzərində eyni işarənin olduğu fotolar yayılmışdı. Onlar bunu bir qayda olaraq “Zəngəzur dəhlizinin açılması simvolu" kimi şərh edirdilər.

Azərbaycan dövlət qurumlarının heç biri bu işarənin rəsmi olduğunu göstərən hər hansı açıqlama verməyib.

Azərbaycanın millət vəkili Vüqar Bayramov isə bazar günü X (keçmiş Twitter) hesabında Qarabağdakı ermənilərin tərksilah olunmasından sonra “üçtərəfli razılaşmada göstərilən növbəti öhdəlik...Zəngəzur dəhlizinin açılmasıdır” deyə yazıb.
Azərbaycan rəsmilərinin isə sentyabrın ortalarından etibarən Zəngəzur dəhlizi ilə bağlı ard-arda açıqlamalarının və yerli televiziyalarda müzakirələrin artdığı nəzərə çarpır.

Bu tendensiya ötən həftə Azərbaycanın Qarabağda “antiterror tədbirləri”nə başlamasınadək davam etdi. Lakin bu fasilə cəmi bir gün çəkdi. Belə ki, Qarabağın erməni təmsilçiləri ilə rəsmi Bakı arasında “antiterror tədbirlərinin” dayandırılması ilə bağlı razılaşmanın əldə edildiyi gün Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev yerli mediaya müsahibəsində Ermənistanı ittiham edərək, rəsmi Yerevanı “hər vəchlə Zəngəzur dəhlizinin açılmasına problemlər yaratmaqda” günahlandırdı.

Bundan bir neçə gün əvvəl sentyabrın 16-da isə Hikmət Hacıyev TASS informasiya agentliyinə müsahibəsində bildirmişdi ki, Ermənistan öz üzərində düşən öhdəlikləri yerinə yetirməzsə, Azərbaycan “alternativ nəqliyyat marşrutları üzərində çalışacaq”. Lakin Azərbaycan rəsmisi alternativ marşrut xətlərinin nədən ibarət olduğunu açıqlamayıb.

“İranla bağlı problem”
Zəngəzur dəhlizinin açılması ilə bağlı ifadələrə son bir ay ərzində türkiyəli rəsmilərin açıqlamalarında da tez-tez rast gəlinir. Lakin burada Azərbaycan və Türkiyəli rəsmilərin yanaşmalarındakı yeganə fərq odur ki, rəsmi Bakı bu layihənin bugünədək reallaşmaması üçün Ermənistanı günahlandırsa da, Türkiyə əksini düşünür və burada əsas problemin “Ermənistandan deyil, İrandan qaynaqlandığını” bildirir.

“Zəngəzur dəhlizinə gəlincə, bu, Ermənistanla bağlı bir problem deyil, İranla bağlı bir problemdir... İranın belə bir mövqe ortaya qoyması həm Azərbaycanı, həm də bizi məyus edir. Ümid edirəm, bu sıxıntını da qısa müddətdə aşacağıq. Buna müsbət yanaşarsa, Türkiyə-Azərbaycan-İran bir-biri ilə bütünləşmiş olar və bəlkə Pekin-London xətti də açılmış olar”, - Türkiyə Prezidenti Recep Tayyip Erdoğan iyunun 13-də Bakıya səfəri zamanı jurnalistlərin sualını cavablandırarkən deyib.
Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu sentyabrın 13-də Azərbaycanda səfərdə olarkən bildirib ki, rəsmi Ankara “Ermənistan ərazisində də Zəngəzur dəhlizi ilə bağlı müəyyən yol qət edib... və yaxın aylarda Zəngəzur dəhlizinin açılması ilə bağlı işlərə başlayacaq”. Lakin Türkiyəli nazir başlanacaq işlərin nədən ibarət olduğuna aydınlıq gətirməyib.

Türkiyənin Zəngəzur dəhlizi ilə bağlı məsələdə birbaşa iştirakını şərtləndirən hüquqi baza isə rəsmi Bakı və Ankara arasında 16 iyun 2021-ci il tarixində imzalanan “Şuşa bəyannaməsi”dir. Tərəflər razılaşmada bəyan ediblər ki, “Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında dəhlizin (Zəngəzur dəhlizi) açılmasının və həmin dəhlizin davamı kimi Naxçıvan-Qars dəmir yolunun tikintisinin iki ölkə arasında nəqliyyat-kommunikasiya əlaqələrinin intensivləşməsinə tövhə verəcək”.

Ermənistan Türkiyə tərəfinin bu açıqlamalarına münasibət birdirməsə də, Bakının ittihamlarına cavab olaraq 10 noyabr bəyannaməsində “Zəngəzur dəhlizi” ifadəsinin yer almadığını deyir və Bakını məsələni fərqli cür şərh etməkdə günahlandırır.

Azərbaycan və Ermənistan arasında 2020-ci ilin noyabrında İkinci Qarabağ müharibəsinin başa çatdığını şərtləndirən və Rusiyanın da yer aldığı üç tərəfli bəyanatda münaqişə tərəfləri regionda “bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpa edilməsi” öhdəliyi də götürüblər. Bəyannamənin 9-cu bəndində göstərilib ki, “Naxçıvanla Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək... Ermənistan nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verəcək... Nəzarəti isə Rusiya Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin orqanları həyata keçirəcək”.

Ermənistan nəqliyyat əlaqələrinin yalnız “dəhliz formasında” qəbul edilməsinin yolverilməz olduğunu deyir və Bakının bu ritorikasını Ermənistanın “ərazi bütövlüyünə təhdid” kimi qiymətləndirir.

Bakı isə bəyan edir ki, Azərbaycanın Ermənistan ərazisində gözü yoxdur və rəsmi Yerevan razılaşmaya “qeydsiz-şərtsiz əməl etməlidir”.

Rəsmi Bakının və onun ən yaxın müttəfiqi Türkiyənin Zəngəzur dəhlizi ilə bağlı tutduqları mövqedən ən çox narahat olan isə İrandır.

İran Zəngəzur dəhlizinin reallaşmasını “Cənubi Qafqazda sərhədlərin dəyişməsi kimi” qəbul edir və heç bir halda buna yol verməyəcəyini açıqlayır.

Azərbaycan tərəfi isə bəyan edir ki, nəqliyyat əlaqələrinin açılması hansısa ölkənin suverenliyinə təhdid yaratmır və rəsmi Tehranın narahatlığının “yersiz” olduğunu bildirir.

Rusiya tərəfdardır
Zəngəzur dəhlizi ilə bağlı məsələdə mövqeyini aydın şəkildə bildirməyən yeganə tərəf Noyabr bəyannaməsində yer alan Rusiyadır.

Azərbaycanlı siyasi təhlilçilər Zəngəzur dəhlizinin açılmasına 10 noyabr bəyannaməsinə görə Rusiya sərhəd xidməti orqanlarının nəzarət edəcəyini əsas gətirərək, bunun rəsmi Moskvanın da xeyrinə olduğunu deyirlər. Ötən ilin fevralında Ukraynaya qarşı başlatdığı müharibədən sonra Qərbin ciddi sanksiyaları ilə üzləşən Rusiya üçün Zəngəzur dəhlizi nəfəslik kimi təsvir edilir. Lakin bu, Azərbaycan hökumətinə yaxın təhlilçilərin fikirləridir.

Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov haqqın.az saytına bu ilin fevralında verdiyi müsahibəsində “Zəngəzur dəhlizi” ifadəsini işlətməsə də, “kommunikasiya əlaqələrinin açılması üçün bütün əsasların olduğunu” bildirib və Rusiya üçün bunun siyasi deyil “iqtisadi məsələ” olduğunu diqqətə çatdırıb.
BBC












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.