Tarixdə üçüncü dəfə: rus çəkməsi Azərbaycandan gedir - Putin ermənisiz və russuz Qarabağa niyə razılaşdı?

9-10-2023, 13:08           
Tarixdə üçüncü dəfə: rus çəkməsi Azərbaycandan gedir -
SSRİ dağılandan sonra birinci Azərbaycan rus qoşununu çıxardı.
Həmin vaxt Rusiya istəyirdi ki, Elçibəy hakimiyyəti ilə qoşununun burda qalmasını razılaşdıran müqavilə imzalasın. Amma Əbülfəz bəy buna müqavimət göstərdi, israr etdii ki, qoşun ölkəni tərk etsin. O zaman başqa ölkə qoşununun ərazisində qalmasına razı olan dövlət bu ordunun kommunal təchizatını təmin etməli idi. Azərbaycan da bu təminatı öhdəsinə götürmədi. Üstəlik, rus ordusuna qarşı ümumxalq ovqatı varıydı ki, çıxın gedin, bəsdir!
Rus hərbçilərinin
ikinci dəfə Azərbaycan torpaqlarından çıxması 10 il əvvələ təsadüf edir. 2013-cü ildə ruslar Qəbələdə olan radiolokasiya stansiyasından getdilər. 2012-ci ildə müqavilə dayandırıldı və təxminən bir il sonra oranı tərk etdilər. Qəbələ RLS əhəmiyyətini itirmiş bir stansiyadır və onun ləğv olunması vaxtı çoxdan çatıb. Vaxtilə bu stansiya SSRİ-nin müdafiə qüdrətinə güc qatırdı.
Nəhayət, üçüncü dəfə rus qoşunlarının ölkəmizdən çıxması reallaşmaq üzrədir. Və bu dəfə razılaşmadan daha tez baş tuta bilər. Çünki üçtərəfli, indisə ikitərəfli qüvvə daşıyan anlaşmaya görə, Rusiyanın sülhməramlı adı altında yuxarı Qarabağa yerləşən qoşunları 2025-ci ilə qədər müqavilə əsasında fəaliyyət göstərə bilərlər. Hərçənd, son üç il ərzində onları sülhə xidmət edən görmədik: erməni silahlı birləşmələrinə daşımalarda müşayiətçilik etmək, separatçılarla qol-boyun olmaq, qanunsuz səfərlərə şərait yaratmaq, yalnız ermənilərə işləmək...Və 19 sentyabr əməliyyatı olmasaydı, bu tendensiya davam edəcəkdi. Rusiyanın da planlarında bölgəni belə tezliklə tərk etmək yox idi. Əksinə, rus icması yaratmaqla, Xocalıda provaslav kilsəsi tikməklə, rus xadimlərinə, sərkərdə Nevskiyə büstlər qoymaqla uzunmüddətli perspektiv nəzərdə tutmuşdu rus imperiyasının varisi yoldaş Putin. Çünki Rusiya girdiyi torpaqlardan hələm-hələm çıxmır. Gərək nəsə ola, ya da daha böyük vəd verilə. Gözümüzün qabağında Abxaziya, Cənubi Osetiya, Dnestryanı anklav, Donbasın işğalı var... Hətta Nikol Paşinyan da Soçi görüşü ərəfəsində ayrıca bir sənədə qol çəkərək rusların Qarabağda 25-30 il qalmasına razılıq verməyə hazır olduğunu bildirmişdi. Amma sonrakı dönəmdə təkcə biz yox, erməni tərəfi də sülhməramlı qüvvələrdən şikayət etməyə başladı. Nikol onları öz işini yerinə yetirməməkdə ittiham edirdi. Amma biz görürdük ki, sülhməramlılar erməni hərbçilərinin silah daşıması üçün zirehli texnika ilə öndə gedir. İndi əsl giley-güzar edən tərəf kim olmalıydı, bəllidir. Amma hər halda İrəvanın da özünəməxsus narazılığı bizə ikiqat arqument qazandırırdı ki, rus əsgəri sülhyaratma missiyasını yerinə yetirmir, hər iki tərəf şikayətçidir. Hər şeyə isə Vilnusda keçirilən NATO sammitində Türkiyə lideri Ərdoğanın çıxışı nöqtə qoydu. Türkiyə prezidenti məhz Şimal alyansının tribunasından heç də təsadüfi olmayan mövqe sərgilədi ki, Rusiya 2025-ci ildə Qarabağdan gedəcək, rusiyalı həmkarı da buna qol çəkib. Əlbəttə ki, regionda rus-türk tandemi yüksəlişdədir. O da istisna deyil ki, Ərdoğan Soçiyə gələrək Putinlə taxıl sazişini müzakirə edəndə sülhməramlıları və Qarabağdakı separatçılar mövzusunu da onunla danışıb. Odur ki, Ukraynada dişi sınmış rus ordusunun Qarabağdan getməsində bundan əlverişli tarixi fürsət ola bilməzdi. Rusiya yorulub: çoxlu qan itirib, sanksiyalar amansızdır, ölkə iqtisadiyyatı və rubl can verir, müharibə ordunun enerjisini tükədib, qarşı tərəf də xeyli heydən düşüb, amma yardım səngimir. Və belə vaxtda Ərdoğan Putinə haqlı olaraq xatırladır ki, Türkiyə NATO ölkəsi olsa da, Rusiya ilə dostluq edir, sanksiyalara və koalisiyaya qoşulmur, birgə Zəngəzur layihəmiz var, bundan milyardlar qazana bilərik, sizə Xankəndi və ətraf zonada hərbi mövcudluq lazımdırmı? Bu əməkdaşlığı, artan ticarət dövriyyəsini, yeni layihələri kənara qoyub İvanın çəkmələrinin Qarabağ torpağını tapdalaması naminə bizimlə, yəni Türkiyə və Azərbaycanla üz-göz olmağa dəyərmi? Təbii ki, Rusiya lideri Kremlin soyuq divarlarının arasında var-gəl edərək, dodaqlarını hirsindən çeynəyərək I Pyotrun vəsiyyətinə qarşı çıxmağa məcbur olur, yaxud Ərdoğan onu məcbur edir. Sözsüz ki, bölgəni anklava çevirmək Putinin istəklərinə daxil idi. Alınmadı! Özü də belə tez gedirlər. Axı Rusiyaya indi Türkiyə və Azərbaycan hava-su kimi lazımdır, nəinki Qarabağda ordusunun qalması.
İkinci səbəb yaranmış şəraitdir. Moskva üçün ssenari gözlənilməz şəkildə dəyişdi: Putinin "Valday" klubunda dediyi kimi, Ermənistan rəhbərliyinin Qarabağı Azərbaycan torpağı kimi tanıması, Alma-ata bəyannaməsinə istinad etməsi, bu haqda bəyanata imza atması regionda reallıqları 180 dərəcə tərsinə çevirdi; Kreml lideri aşkar surətdə erməni xalqına təhrikedici, bir növ şantaj ritorikasında mesaj ötürdü ki, sizin lider Qarabağı Azərbaycan ərazisi kimi tanıyıb, biz yox. Yəni Rusiya sizə kömək edəcəkdi, Qarabağı da Azərbaycana verməyəcəkdi, hətta biz Bakını dayandırdıq, biz ermənilərə yardım etdik, amma sizin rəhbəriniz Nikol tanıdı. Az qala çağırış edir ki, axı niyə ayağa qalxıb onu devirmirsiniz? Məgər görmürsünüz ki, biz Qarabağın dağlıq bölgəsini sizə vermişdik, Paşinyan hər şeyi korladı? Az qala deyir ki, Paşinyan, sən niyə "Qarabağ Azərbaycandır" deyirsən? Belə desək, erməni baş naziri I Pyotrun vəsiyyətini pozdu. Amma erməni xalqı tərpənmədi - Xankəndi üçün də, Araik və digərlərinin həbsinə görə də. Erməni cəmiyyəti də sülh istədiyini növbəti dəfə sübut etdi. Beləliklə, Ərdoğanın mövqeyi, Rusiya-Türkiyə tandeminin Qərbi (Avropa Birliyi, Fransa, ABŞ) Cənubi Qafqaza yaxın qoymaması, regional məsələləri iki dövlətin həll etməsi, artıq Moskvanın bölgədə təkhakimliyinə son qoyulması (Türkiyə ilə hesablaşma) , eləcə də Paşinyanın mövqeyi, ardınca Qarabağdan könüllü erməni köçü (orada 1000 nəfər qalıbsa, rus sülhməramlısı kimi kiminlə barışdırır?!), Azərbaycanın Xankəndi erməniləri ilə birbaşa təması, nəhayət, 2022-ci il, 22 fevralda (Ukrayna müharibəsindən iki gün əvvəl) strateji müttəfiqlik bəyannaməsinin imzalanması rus qoşunlarının Qarabağdan getməsi üçün əsas səbəblərdir. Artıq Əsgəran, Ağdərə, Şuşa istiqamətlərində rus postları yığışdırılıb, Putin də təsdiqlədi ki, onların statusu dəyişib. İndi ən pis halda Xankəndidə bizim polislə birgə patrul xidməti göstərə bilərlər. Ona da çox uzun zaman ehtiyac olmayacaq. Ermənilər bizimlə danışır, miqrasiya işinə başlayıb. Üstəlik, ərazilərə Ordumuz nəzarət edir. Artıq Xankəndidə yerləşəcəklər ki, bununla da rus hərbçilərinin fəaliyyət dairəsi kiçildi. Ardınca da bölgəni tərk etməli olacaqlar. Deputat Konstantin Zatulin də ötən həftə anons etdi ki, noyabrın 1-dək sülhməramlılar Qarabağdan çıxırlar. Eyni informasiyanı erməni bloger də bölüşmüşdü. Deməli, 8 noyabr Zəfər Günü ərəfəsində ikinci böyük zəfər yaşaya bilərik - rus çəkməsinin Qarabağdan getməsi ilə. Bu, erməni projesini məhv etmək qədər ikinci ağır problemdir. Və tarixdə üçüncü dəfə rus qoşunları Azərbaycandan gedə bilər. Bunu da biz sübut edirik bir dövlət, ordu və xalq olaraq. Bölgəyə isə heç bir beynəxalq missiya yerləşə bilməz. Baxmayaraq ki, BMT bayrağı altında xarici sülhməramlıların yerləşməsinə çağırış edilir, Bakı buna əsl icazə verməz. Axı Qarabağda konflikt bitib, ruslar,da gedir, BMT qoşunları niyə gəlsin ki? Döyüş yox, fövqəladə vəziyyət deyil, onlar burda nə gəzirlər?! Odur ki, böyük bir epoxa, böyük bir səhifə qapanır. Qarabağda ermənisiz və russuz həyat başlayır....
Azər Talıbov
Anaxeber.info












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.