“Hakimlər bank işinə baxanda ayaqları əsir”

14-07-2016, 09:26           
“Hakimlər bank işinə baxanda ayaqları əsir”
Müzəffər Baxışov: «Hakimlər gözəl bilirlər ki, banklar çox böyük oliqarxlara məxsusdur»

Ölkədə iqtisadi durumun ağırlaşması banklara borclu olan şəxslərlə bağlı məhkəmə çəkişmələrinin artmasına səbəb olub. 2014-cü ildə məhkəmələrdə 153 606 mülki işə baxılıb.ÿBu işlərdən kredit, borc münasibətləri üzrə 95 454 mülki iş üzrə qərar (qətnamə və əmr) qəbul edilib. Kredit münasibətlərindən irəli gələn mülki işlərin həcmi 2014-cü il üçün ümumi baxılan işlərin 62%-ni təşkil edir.

2015-ci ildə məhkəmələrdə 228 428 mülki işə baxılıb və 2014-cü illə müqayisədə işlərin həcminin birdən birə artması məhz kredit münasibətlərindən irəli gələn işlərlə bağlıdır. Keçən il baxılan mülki işlərdən 171 664 iş kredit münasibətlərindən irəli gələn işlər olub, bu isə ümumi işlərin həmin il üçün 75, 15 faizin təşkil edir.


Ekspertlərin fikrincə, bu il üçün hələlik statistik rəqəmlər elan olunmasa da, müşahidələr onu göstərir ki, rəqəmlər artan temp ilə davam edir.

Onu da qeyd edək ki, problemli kreditlər və borclu vətəndaşlarla bağlı qanunvericilikdə maraqlı məqamlar var. Konstitusiya Məhkəməsi hələ 2012-ci ildə borcu ödəyə bilməyənin həbsini yasaq edib. Konstitusiya məhkəməsinin qərarına əsasən, məhkəmə qərarının icrası şəxsin imkanı xaricində olmamalıdır. Amma hazırda məhkəmələr bu qərarla hesablaşmır.

Kredit müqaviləsi kreditorla müştəri arasında bağlanan mülki müqavilədir. Mülki öhdəliyin yerinə yetirilməməsinə görə də kimsə həbs oluna bilməz. Bu cür hallarda həbs Insan hüquqları və əsas azadlıqların müdafiəsinə dair Avropa Konvensiyasına zidddir. Yəni kimsə borcu ödəmədiyinə görə həbs edilə bilməz. Bankdan kredit götürən şəxs onu ödəyə bilmirsə, buna görə bank onun haqqında hüquq-mühafizə orqanlarına müraciət edib cinayət işi başlatdıra bilməz. Bir haldan başqa – həmin şəxs kredit almamışdan əvvəl ödəməyəcəyini bilirsə və saxta sənədlər təqdim edib bankı aldatmaq yolu tutubsa, qanunvericiliyə görə, o, cinayət məsuliyyətinə cəlb edilə bilər.

Bəs məhkəmələrə bank borcu ilə bağlı müraciətlərdə hakimlərin çıxardıqları qərarlar hansı nisbətdədir?

Hüquqşünas Müzəffər Baxışov bildirdi ki, əgər məhkəməyə banklar müraciət edirsə, bir qayda olaraq çıxarılan qərarlar bankların xeyrinə olur: “Kredit müqaviləsinin şərtlərini də özləri tərtib etdiyinə görə, banklar gələcəkdə məhkəməyə müraciət edəndə üstünlük qazanırlar. Nəticədə bankların xeyrinə məhkəmə qətnamələrinin çıxarılmasına nail olurlar. Hakimlər gözəl bilirlər ki, Azərbaycanda fəaliyyət göstərən bütün banklar çox böyük oliqarxlara, səlahiyyətli şəxslərə məxsusdur. Ona görə hakimlər bank işinə baxanda ayaqları əsir. Ona görə məhkəmələr bir qayda olaraq bankların xeyrinə qətnamələr çıxarırlar. Hərtərəfli, obyektiv araşdırma aparılmır. Verilən vəsatətlərə, ödəmələrlə bağlı sənədlərə əhəmiyyət vermirlər. Ona görə qəbul olunan qətnamələr bankların xyerinə olur. Bəzən ədalətli hakimlər Mülki Məcəllənin 467-ci maddəsini rəhbər tutaraq, banklar tərəfindən hesablanmış faizləri azaldırlar. Yəni kredit borcuna görə hesablanmış faizlər bəzən azaldılır. Amma bu bəzi hallarda baş verir. Digər bütün hallarda isə qətnamələr iddiaçı tərəf, bankların xeyrinə çıxarılır”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.