Yaxın Şərqdə böyük savaşın anonsu verildi - Cənubi Qafqaza sıçraya bilər

19-10-2023, 07:37           
Yaxın Şərqdə böyük savaşın anonsu verildi -
“Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu Teleqraf.com-un suallarını cavablandırıb.
Teref.az olaraq Onunla müsahibəni təqdim edirik.
- ABŞ İsrail-HƏMAS savaşı davam edərkən Yaxın Şərqə, Aralıq dənizinə iki təyyarədaşıyan gəmi göndərdi. Pentaqon bildirdi ki, İsrail üçün deyil. Sizcə, kifayət qədər böyük qüvvə kimin üçündür və ya hansı məqsədlə göndərilib?
- ABŞ-ın bölgəyə hərbi qüvvə göndərməsi prosesi iyulun ortalarında başlayıb. Görünən budur ki, ABŞ prosesin gərginləşməyə doğru gedəcəyini əvvəlcədən görüb. Bu günlərdə bir məlumatda yayıldı, düzdür, həmin məlumat öz təsdiqini tapmayıb, amma deyilənə görə, Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) HƏMAS-ın hücumu ilə bağlı İsrailə əvvəldən xəbərdarlıq edib, amma nədənsə Təl-Əviv bunu ciddiyə almayıb.
Pentaqon ABŞ-ın iki əsas təyyarədaşıyan gəmisini bölgəyə göndərib. Bunlardan biri “Cerald Ford” dünyada ən böyüyü sayılır, 90-a qədər müxtəlif uçan vasitələr, əsasən təyyarələr daşıyır. Digəri “Duayt Eyzenhauer”dir. Əlbəttə, bunlar təkcə İsrailə dəstək üçün deyil. Amma bu gün heç kim istisna edə bilməz ki, İsrail-HƏMAS qarşıdurması böyük müharibənin anonsu deyil. İstisna deyil ki, müharibəyə əvvəlcə “Hizbullah”, Suriya və dolayı yolla olsa da, İran qoşula bilər. Bu halda İsrailin ciddi dəstəyə ehtiyacı olacaq. Belə olan təqdirdə, bölgədəki müharibə həvəskarlarını və ya qlobal təhlükəsizliyə təhlükə yaradanları dayandırmaq üçün effektli vasitələrə ehtiyac yaranacaq. Ən effektli təsir vasitəsi isə hərbi gücdür. Böyük ehtimalla, ABŞ bu məqsədlə bölgəyə hərbi güc toplayır.
Hindistan-Yaxın Şərq-Avropa dəhlizi (IMEC) anlaşması bir çox qlobal güclərin marağına zidd idi. Qlobal güc dedikdə, ilk növbədə Rusiya və Çinin, eləcə də Yaxın Şərq və ətraf bölgələrdəki bir çox dövlətlərin maraqlarını əks etdirmirdi. Həmin güclər bu layihənin qarşısını almaq üçün belə bir müharibədə maraqlı ola bilərdilər. Görünür, ABŞ bölgədəki hərbi gücünü artırmaqla bu mesaj verir ki, regionda daha böyük müharibənin qarşısını almağa hazırdır. Bu kontekstdə həmin qüvvələrin İsrail üçün olmadığı deyilir. İstisna deyil ki, ABŞ administrasiyası təhdidin konkret haradan və ya hansı ünvandan gəldiyini dəqiq bilir.
- Savaşa birbaşa və ya yerdə dəstəklədiyi “Hizbullah”, “Həşd əş-Şabi” kimi silahlı qruplaşmalarla müdaxilə İran üçün hansı nəticələr doğura bilər?
- Əlbəttə, “Hizbullah”, “Həşd əş-Şabi” və ya digər bu kimi qruplaşmaların müdaxiləsi İranın iştirakı demək olacaq. Birbaşa olmasa da, dolayı iştirak kimi qəbul ediləcək. Çünki “Hizbullah” əvvəllər təlcə Livanda idisə, bu gün İranın dəstəyi ilə Suriyada da mövcudluğunu təmin edib. Bundan başqa, İranın “İslam İnqilabı Keşikçiləri Korpusu” (SEPAH) ilə birlikdə böyük hərbi infrastruktur yaradıblar. Bura təkcə hərbi birləşmələr yox, həm də hərbi sənaye obyektləri daxildir. Suriya ərazisində raket zavodları, silah-sursat anbarları və digər silahları istehsal edən müəssisələr şəbəkəsi qurulub. İsrail zaman-zaman bu obyektləri hədəfə alaraq, bu şəbəkəni zəiflətməyə çalışır.
İranın iştirakı heç kimin diqqətindən yayınmır, bunu bilirlər. Amma HƏMAS-ın İranla bağlılıqları olsa da, hələlik Tehranı günahkar kimi hədəfə gətirmir. Əlbəttə, “Hizbullah”, “Həşd əş-Şabi” və SEPAH-ın Suriyada dislokasiya edilmiş birləşmələri qarşıdurmaya cəlb olunarsa, İrana qarşı zəruri addımlar atılacaq. İlk növbədə, bu, Suriyada olacaq. Suriyada İsrailə qarşı qurulmuş hərbi infrastrukturun sıradan çıxarılması taktiki baxımdan daha əhəmiyyətli ola bilər. Sonrakı mərhələlərdə davranışlarından asılı olaraq, İranın özünə qarşı da müəyyən addımların atılacağı istisna deyil. Hesab edirəm ki, bu addımlar da İran daxilində qeyri-sabitliyə səbəb olacaq hava zərbələrindən və kəşfiyyat əməliyyatlarından uzağa gedə bilməz. Çünki İran miqyasda bir dövlətə qarşı quru əməliyyatı keçirmək üşün bölgəyə böyük hərbi qüvvə gətirmək lazımdır. Həmin qüvvələrin gətirilməsi, dislokasiya edilməsi və təmin olunması aylar, bəlkə də illər tələb edir.
Biz İraqda gördük ki, ABŞ Səddam Hüseynin ordusuna qarşı əməliyyat keçirmək üçün koalisiya yaratmağa cəhd göstərdi. Koalisiyanı yaratdıqdan sonra əməliyyata başladı. Nəzərə alsaq ki, İranın hərbi potensialı İraqın o zamankı hərbi gücü ilə müqayisədə daha böyükdür, ciddi hazırlıq görmədən belə addımların atılması qeyri-mümkündür. Söhbət quru əməliyyatlarından gedir.
- Son gəlişmələr fonunda ABŞ -dan Türkiyəyə yönəlik ittihamların sərtləşməsi də diqqət çəkir. Hətta ABŞ Suriyada bir türk PUA-sını da vurdu, Prezident Bayden isə Türkiyənin antiterror əməliyyatlarını “Amerika üçün təhlükə” adlandırdı. İsrail-HƏMAS savaşından əvvəl ABŞ buna bir o qədər də sərt yanaşmırdı. İndiki məqamda bu kəskinləşmə nə ilə əlaqədardır?
- ABŞ və Türkiyə arasındakı münasibətlərin soyuması bu həlledici mərhələdə mövqe müəyyənləşdirilməsi məsələsi ilə bağlıdır. Türkiyə hökuməti öz milli maraqlarını əsas götürərək, Ukraynaya yardımla yanaşı, Rusiya ilə də iqtisadi və digər əlaqələrini qorumağa çalışır. Əlbəttə, bu yanaşma nə ABŞ-ı, nə də Qərbdəki digər müttəfiqlərini qane edir. Görünür, hansısa yolla Türkiyəyə çatdırmağa çalışırlar ki, öz mövqeyini müəyyənləşdirməlidir, bunu etməyəcəksə, bundan sonra müttəfiqlik münasibəti də olmayacaq. Bunun nə qədər real və ciddi olub-olmadığı geniş təhilin məsələsidir. Amma belə bir yanaşma və münasibət hər iki tərəf üçün zərərlidir. Birincisi, Yaxın Şərqdə böyük bir müharibə təhlükəsi yaranırsa, Türkiyə ABŞ və Qərb üçün ən önəmli tərəfdaşdır.
Digər yandan, müharibə vəziyyətində olan bölgə ilə bağlı Türkiyənin İran və Rusiya ilə maraqları üst-üstə düşmür. Türkiyə öz maraqlarını həyata keçirmək üçün özünün ənənəvi müttəfiqlərinə - NATO və ya Qərb ölkələrinə ehtiyac duyur. Bəs Türkiyənin maraqları onlarla nə qədər üst-üstə düşür? Belə bir ziddiyyətli durum yaranıb. Bu durumda da hər kəs çalışır ki, öz maraqlarını təmin etsin. Maraqları isə bir çox vektorlar üzrə toqquşur. Təkcə Rusiya və İranla yox, ABŞ-Türkiyə vektorunda da bunu görürük. Düşünürəm ki, baş verənlər bununla əlaqəlidir.
- Ümumiyyətlə, Yaxın Şərqə baş verənlər hansı nəticələrlə bitə bilər? Həm regional ölkələr, həm də bölgədənkənar aktorlar üçün...
- Bölgədə baş verənlər özündə çox ciddi təhlükə daşıyır. Bu təhlükənin səbəbi təkcə İsrail-HƏMAS toqquşması deyil. Bu həm həmin toqquşmanın arxasında dayanan səbəblər, həm bölgədə köhnə-yeni və aktiv-passiv fazada olan münaqişələr, həm də Yaxın Şərqdəki ponetsial konflikt ocaqlarıdır. Bu gün həmin ocaqlar yenidən alovlandırıla bilər. Bunun üçün ciddi səbəblər var. Bunlardan biri, bəlkə də birincisi yeni qlobal dəhliz layihəsidir. Ümumiyyətlə, Yaxın Şərq həmişə iqtisadi, nəqliyyat və digər baxımdan həmişə önəmli bölgə olub. Bu gün həmin səbəblərdən maraqların diametral ziddiyyət təşkil etməsi və toqquşması bölgədə böyük müharibəyə şərait yaradır. Bu da təkcə bölgə yox, dünya üçün ciddi təhdidlər deməkdir.
İki amilə diqqət çəkmək istəyirəm. Bunlardan biri bölgənin nəqliyyat-kommunikasiya imkanlarıdır. Bölgə təkcə potensial yox, həm də real nəqliyyat-kommunikasiya bölgəsidir. Eyni zamanda, dünya neftinin üçdə biri Yaxın Şərqdə hasil olunur. İkincisi, Yaxın Şərq sivilizasiyaların toqquşduğu məkandır. Təəssüf ki, biz indiyədək sivilizasiyaların qovuşmasının yox, toqquşmasının şahidi olmuşuq. Bu gün sivilzasiyalararası toqquşmalar daha da dərinləşə, bu da uzun müddət qlobal sülh və təhlükəsizliyə təbdid yarada bilər.
- Yaxın Şərqəki gəlişmələr Cənubi Qafqaza hansı formada təsir edə bilər?
- Yaxın Şərqdə baş verənlər Cənubi Qafqaza təsirsiz ötüşməyəcək, ötüşə də bilməz. Çünki Cənubi Qafqaz Böyük Yaxın Şərqin tərkib hissəsidir. İkincisi, Cənubi Qafqaz Yaxın Şərqə şimaldan açılan qapıdır. Şimalda da Yaxın Şərqdə maraqları olan dünya güclərindən biri Rusiya var. Yaxın Şərqdə böyük proseslər başlayacağı halda (artıq başlayıb), Rusiya ora Cənubi Qafqaz üzərindən keçməlidir. İndi Rusiyanın bu yolu necə əldə edəcəyi müzakirə mövzusudur. Bu baxımdan, Yaxın Şərqdə baş verənlər Cənubi Qafqaz üçün riskləri artırır. Amma bu risklər təkcə Rusiyadan gəlmir.
Rusiyanın oradakı proseslərə qatılmasını istəməyən qüvvələr də var. Həmin qüvvələr Cənubi Qafqazda Rusiyaya maneə yaratmaq yolunu tuta bilərlər. Bunun da əlamətləri görünür. Biz gördük ki, indiyədək Rusiyanın müttəfiqi olan Ermənistan xarici siyasətini 180 dərəcə dəyişərək Qərb ölkələrinin tərəfdaşına çevrilib. Azərbaycan isə dünyada daha çox "Rusiyanın tərəfdaşı" kimi təqdim olunur. Beləliklə, biz bölgədə yeni qütbləşmənin şahidi oluruq. Bu qütbləşmə də yeni münaqişəyə yol aça bilər. Bu, Ermənistanla Azərbaycana arasında, eləcə də digər dövlətlərin də cəlb olunduğu münaqişə ola bilər.
Bundan başqa, bölgədə digər fəsadların törədilməsi də istisna deyil. Məsələn, dini, milli və digər zəminlərdə. Yəni Yaxın Şərqdə baş verənlərə Cənubi Qafqaza təhdidləri və riskləri artırır.
Müəllif: Mənsur Rəğbətoğlu












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.