AZAL ırıqmı?

20-10-2023, 00:00           
AZAL ırıqmı?
AZAL illərdir özünün inhisarçı obrazını dəyişmir. Aviabilet qiymətləri yüksək olaraq qalır. Xarici loukosterlərə işləməyə imkan verilmir. Aşağıbüdcəli aviaşirkətlər Azərbaycanda fəaliyyət göstərsə də, qiymətlər gözlənildiyi qədər aşağı deyil. Onlardan tələb olunan yüksək xidmət haqqı daha uyğun təkliflərə mane olur.
Bizimyol.info xəbər verir ki, AZAL-ın aviabiletlər üçün qoyduğu qiymətlər yenə müzakirə mövzusu olub. Milli Məclisin İqtisadi siyasət sənaye və sahibkarlıq komitəsinin iclasında “Aviasiya haqqında” yeni qanun layihəsinin müzakirəsi zamanı Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini Rəhman Hümbətov bu haqda danışıb. O, AZAL-da qiymət məsələsinin hamını maraqlandırdığını deyib.

Nazir müavininin sözlərindən belə çıxıb ki, qiymətlərin aşağı salınmasını gözləməyə dəyməz. Çünki daha AZAL-a yanacaq məsələsində güzəşt yoxdur. Guya hava yolları yanacağı dünya qiyməti ilə alır. Təyyarələrin alınması və saxlanması xərcləri də böyükmüş. Bir sözlə, nazir müavini bütün ümidlərin üzərindən xətt çəkib.

AZAL-ın məsələ ilə bağlı açıqlaması lap məzəli alınıb. Aviabiletlərin bahalığının şirkətlik olmadığı bildirilib. Azərbaycan Hava Yolları QSC əvvəllər də fərqli fikir söyləmirdi. Deyilirdi ki, bir sıra xərclər var, hər şey baha başa gəlir. Yəni normal qiymətə bilet gözləməyin.

Dərd orasındadır ki, təkcə AZAL-ın reyslərinə biletlər baha deyil, elə loukosterlərlə uçmaq da ucuz başa gəlmir. Macarıstanın məşhur aşağıbüdcəli şirkəti “Wizz Air”in korporativ əlaqələr meneceri Zsuzsa Trubek keçənilki açıqlamasında digər ölkələrlə müqayisədə Azərbaycandan uçuşların bahalığını Bakı aeroportundan istifadə ilə bağlı xidmət haqlarının yüksək olması ilə əlaqələndirmişdi. O, Gürcüstanla müqayisədə 6-8 dəfə çox ödədiklərini demişdi. Məlum olmuşdu ki, Macarıstan şirkəti Ermənistana baxanda Azərbaycandan həyata keçirilən uçuşlar üşün 40 faizə qədər artıq məbləğ ödəyir.

Qısası, AZAL-ın inhisar mövqeyi müştəriləri soymağa hesablanıb. Şirkət əlindən gələni edir ki, insanlar baha qiymətə səfər etsinlər. Hökumət də, təmsilçiləri də AZAL-ın müdafiəsində dayanıb. Konkret deyirlər ki, Azərbaycanda dünya qiymətlərini gözləməyin.

Aytən, Bizimyol.info












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.