Milli təhlükəsizlik konsepsiyası, erməni və İŞİD təhdidi...
15-07-2016, 14:03
Son günlərdə Azərbaycana İŞİD təhlükəsinin artması barədə xəbər vermişdik. Terror qruplaşmasının ölkəmizi hədəfə alması ilə bağlı türk mətbuatının dərc etdiyi yazı bir çox məsələləri gündəmə gətirib. Əsas müzakirələrə çevrilən məsələ Azərbaycanın milli təhlükəsizlik konsepsiyasının olması ilə bağlıdır. Hər kəs bunun vacibliyindən danışır.
Milli təhlükəsizlik konsepsiyamız 2007-ci ilin 24 mayında təsdiq edilib. Maraqlanan hər kəs bunu bilir. Amma ötən ilin oktyabrında “MTN inqilabı”nın baş verməsi, qurumda ciddi dəyişiklilərin olması, son nəticədə isə Milli Təhlükəsizlik Nazirliyinin adının dəyişdirilərək Dövlət Təhlükəsizlik Xidmətinə çevrilməsi bu məsələni aktuallaşdırıb. Əslində qalsa milli təhlükəsizlik konsepsiyası üç ay öncədən daha çox müzakirə edilir. Aprel döyüşlərindən sonra ermənilərin Mingəçevir SES-i hədəfə almaları barədə sensasion məlumatların yayılması bu konsepsiyanın yenilənməsini gündəmə gətirmişdi.
Qeyd edək ki, dünyanın öndə gedən ölkələri zaman-zaman milli təhlükəsizlik konsepsiyasında yeniliklər ediblər. Azərbaycanın da buna ehtiyacının olub-olmadığı suallar doğurur.
Sabiq MTN-çi, Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər 9 il öncə qəbul edilən milli təhlükəsizlik konsepsiyasının kağız üzərində qaldığını qeyd etdi: “Hər hansı bir konsepsiya həmin sahəyə aid ideya nəzəri baxışları özündə əks etdirir. Bunun da əsasında praktiki siyasət işlənib hazırlanır. Qəbul edilən konsepsiyada göstərilir ki, Azərbaycanın başlıca hədəfi Avroatlantik məkana inteqrasiyadır. Amma gəlin görək, Azərbaycan bu gün o siyasəti aparırmı? Bu konsepsiya eyni zamanda Azərbaycanın milli təhlükəsizlik siyasəti sahəsindəki öhdəliklərini, prioritetlərini müəyyən edir. 2008-ci ildə Rusiya Gürcüstana hərbi təcavüz etdi və nəticədə Azərbaycan Avroatlantik məkana inteqrasiya səylərinə ara verməli oldu. Digər tərəfdən də Avroatlantik inteqrasiya özü ilə bərabər islahatların keçirilməsini tələb edir. Demokratik, o cümlədən, siyasi islahatların keçirilməsini tələb edir. Azərbaycan xarici təzyiqlər altında bu konsepsiyanı qəbul edib. Amma işdə buna əməl etmir. Müdafiə və təhlükəsizlik sahəsində də islahatlara böyük ehtiyac var. Onun üçün gərək Azərbaycan Silahlı Qüvvələrinə mülkü, parlament, demokratik, ictimai nəzarət olsun, media üçün açıq olsunlar, şəffaf fəaliyyəti göstərsinlər.
Bunların heç biri yoxdur. Bütün bunlar olmadığına, Milli Təhlükəsizlik Nazirliyi qapalı fəaliyyət göstərdiyinə görə, orada cəzasızlıq şəraiti hökm sürürdü. Nəticədə də özbaşınalıqlar başlamışdı. Nəzərə alsaq ki, onlar həmin dövrdə özlərinə aid işlərlə məşğul olublar, o zaman kəşfiyyat və əks-kəşfiyyat sahəsində hansı işlər görüblər?
Bunların əsas işi ölkədə qeyri-qanuni dinləmələr həyata keçirmək olubsa, ləkələyici material toplamaq, insanları şantaj etmək, xüsusilə, var-dövlət, mülkiyyət ələ keçirmək, hakimiyyətə siyasi qərarların qəbul edilməsində təzyiq etməyi əsas işləri sayıblarsa, demək onlar ölkənin milli təhlükəsizliyinə vaxt ayıra bilməzdilər. Həm milli təhlükəsizlik konsepsiyasına əməl olunmayıb, həm də MTN öz işi ilə məşğul olmayıb. İndi formal olsa da, terrorla mübarizə aparan Antiterror Mərkəzi var. Terrorla mübarizə üçün Daxili İşlər Nazirliyində də müvafiq qurum var. Milli təhlükəsizliyə olan təhdidlər siyasi-strateji səviyyədə qiymətləndirilməlidir. Siyasi səviyyə nədir? Dövlət başçısı və Milli Təhlükəsizlik Şurası səviyyəsində təhdidə qiymət verilməlidir. Bu şurada bütün hüquq mühafizə orqanları, o cümlədən, müdafiə və təhlükəsizlik xidmətləri rəhbərləri təmsil olunurlar. Orada milli təhlükəsizliyə olan bütün təhdidlər qiymətləndirilməlidir. Ondan sonra təhdidlər aktuallığına və kəskinliyinə görə sıralanmalıdır. Hansı təhdidin ilk növbədə, cavablanmağı müəyyən edilməlidir. Buna əsasən də, praktik siyasət qurulmalıdır. Dövlət başçısı da bu öncəliklərə görə tapşırıqlar verməlidir. Milli Təhlükəsizlik Şurası bizdə çox təəssüf ki, formal xarakter daşıyır. MTN-in buraxılması barədə böyük məqalə ilə mətbuatda çıxış etmişəm. Orada görülməli olan bütün işləri sadalamışam. Kəşfiyyat xidmətimiz yenidən qurulmalıdır. Bu da böyük zaman alır və yüksək peşəkarlıq tələb edir. Bu istiqamətdə peşəkar kadrlara böyük ehtiyac var”.
Sabiq MTN-çi hazırda milli təhlükəsizliyimiz üçün olan başlıca təhdiddən də söz açdı: “Azərbaycanın siyasi rəhbərliyi Rusiyanı dost gözündə görür. Amma tarixə baxmaq lazımdır. Cənubi Qafqaza erməniləri gətirən, torpaqlarımızın işğalında əsas rol oynayan, erməni dövlətinin qurulmasına səbəb olan və bu günə kimi onlara dəstək verən Rusiyadır. Nə qədər ki, bunları anlamamışıq, olan təhdidləri düzgün qiymətləndirə bilməyəcəyik. Dağlıq Qarabağ Rusiyanın Ermənistanı genişləndirmək siyasətinin tərkib hissəsidir. Başlıca təhdid ermənilər deyil, Rusiyadır. Azərbaycanda Rusiya vəkalət mübarizəsi aparır. Ermənistan sadəcə, vəkil rolunda çıxış edir”.
S.Əkbər milli təhlükəsizlik konsepsiyasının yenilənməsinə ehtiyacın duyulduğunu da söylədi: “İndiki zamanda şərait dəyişdikcə, nəinki ayrı-ayrı dövlətlər, eyni zamanda beynəlxalq və regional təşkilatlar da öz strategiyalarını, konsepsiyalarını dəyişirlər. Çünki vəziyyət dəyişdikcə, ideya nəzəri sənədlər dəyişən vəziyyətə uyğunlaşdırılmalıdır. Dünyanın super gücü olan Amerika Rusiyanın Ukraynaya müdaxiləsindən sonra öz milli təhlükəsizlik konsepsiyasını yenilədi. İlk olaraq, Rusiyanı beynəlxalq təhlükəsizlik üçün başlıca təhdid hesab etdi və strategiyasının başlı məqsədinin Rusiyanı durdurmaq olduğunu açıq şəkildə etiraf etdi. Dünyanın super gücü belə vəziyyətə uyğun konsepsiyasını yeniləyir. Milli təhlükəsizlik konsepsiyası, hərbi doktrina olsun, bunların hamısı dövlətin siyasi baxışlar sistemidir. Bu sistemə uyğun nəzəri baxışlar dəyişir, buna uyğun praktiki siyasətə yeniliklər, korrektələr, əlavələr, tamamlamalar edilir”.