Qərbdən Azərbaycana, Azərbaycandan isə Qərbə baxışın analizi və çağırışlar.

22-10-2023, 11:57           
Qərbdən Azərbaycana, Azərbaycandan isə Qərbə baxışın analizi və çağırışlar.
Bir neçə gün Avropada mötəbər konfransda və müxtəlif başqa görüşlərdə, müzakirələrdə iştirak etdim. Moldova və Çexiya prezidentlərinin, Portuqaliya və Çexiya xarici işlər nazirlərinin, dünyaca məşhur müxtəlif beyin mərkəzlərinin rəhbərlərinin, Avropalı deputat və məmurların iştirakı ilə keçən müzakirələrdə əsas məsələ Ukrayna müharibəsi, Rusiyanın təcavüzü, Yaşın Şərqdə baş verən hadilələr olsa da Cənubi Qafqazla bağlı məsələlər də oldu.
Dəyirmi Masalardan biri Rusiyanın sanksiyalardan yan keçməsinə kömək edən ölkələrlə bağlı idi, Ermənistan və Orta Asiya Respublikalarının bu işdə rolu müzakirə olunurdu. Ermənistandan gələn hər kəs – iqtidarlı-müxalifətli Ermənistanın rolunu azaltmağa çalışırdılar, güya, əsas avtomobil ixaracına görə Rusiya ilə ticarət dövriyyəsinin artığını söyləyirdilər. Amma həqiqət budur ki, Ermənistan son 1,5 ildə Rusiyaya 3,7 mlrd. dollarlıq çip, mikrosxem, elektron avadanlıqlar və detallar satıb – bu isə birbaşa sanksiyaların pozulmasıdır, həmin mallar sonradan Rusiyanın raket, dron istehsalında istifadı olunaraq Ukraynanın işğalında, şəhər və kəndlərin dağıdılmasında, insanların öldürülməsində istifadə olunur. Çox təəssüf ki, Azərbaycan bu məsələni aktuallaşdırıb Ermənistana qarşı sanksiyalara çağırışı təşkil edə bilmir – yəqin ki, Rusiyanın reaksiyası çəkindirici rol oynayır. Bir daha – Ermənistandan olan iqtidarlı-müxalifətli hər kəs bu məsələdə Ermənistan Dövlətinin xeyrinə, faktları ört-basdır eləməyə çalışırdılar. Yəni, fikir ayrılıqlarını kənara qoymuşdular – bu məsələ diqqətimi çəkdi, öz ölkələri adına doğru olanları edirdilər, bizim müxalif camiya da Dövlət məsələlərində eyni davranmağı öyrənməlidir, halbuki, orada iştirak edənlərin bəziləri, əsasən də xaricdə yaşayan azərbaycanlılar yeri gəldi-gəlmədi ölkəmizi hədəfə gətirməyə çalışırlar, çox iyrənc görüntü idi.
Ermənistanın əli hər yerdən üzülüb deyə indiki qarşıdurmanı demokratiya və avtoritarizm dalğasına, dəbdə olan bu kontekstə çəkmək istəyirlər. Son 5 ildir ki, biz bu haqda publik danışıb diqqət yönəltmək istəyirdik, amma hökumət hələ köhnə instinktləri ilə davranaraq “qaçınmayan yerdən qan çıxartmağa” çalışıb bu diskursu dağıtmaqdansa möhkəmləndirəcək addımlar atdılar. Məsələn, QHT haqqında qanun dəyişmədi, Media və Siyasi Partiyalar haqqında yersiz müddəalarla dolu yeni qanunlar qəbul olundu, ən son da indiki sistemə heç bir təhlükə törətməyən, amma xaricdə rezonansa səbəb olan Qubad bəyin həbsi ilə ermənilərin bu kontekstini gücləndirdilər. Halbuki biz istənilən belə görüşlərdə arqumentlərlə bu diskursu dağıtmağa çalışırıq – hamıya faktlarla başa salırıq ki, Ermənistanın etdiyi, Qarabağ münaqişəsi demokratiya uğrunda mücadilə deyil də, qaba və beynəlxalq hüququ çeynəyən işğal faktı idi. Azərbaycan da məhz beynəlxalq hüquqa arxalanıb öz ərazi bötövlüyünü bərpa etdi – necə ki, indi bütün sivil dünya Ukraynaya öz ərazi bütövlüyünü bərpa etməyə yardım edir. Yəni, bu məsələdə başqa diskursa yer yoxdur. Separatizm, işğal bütün dünyada, eləcə də Ukraynada necə hüquqsuzluq və təcavüsdürsə, Ermənistanın və ərazimizdə olan keçmiş qondarma rejimin etdikləri də eyni şeydir. Bu məsələni Ukrayna kontekstində izah etmək daha asandır və həmən “alıcısını” tapır.
Bütün görüşlərdə dediyim ana xətt o idi ki, Qərbin son davranışları bizim üçün, Azərbaycanın gələcəyini Qərb institutlarında görmək istəyən siyasi təşkilatlar üçün problem yaradır. Anlatmağa çalıdım ki, bəzi Qərb ölkələrinin ikili standartları, eyni məsələdə Ukraynaya bir cür (həm də Moldovaya və Gürcüstana), Azərbaycana başqa cür münasibəti cəmiyyətdə ikrah doğurur, sullar yaradır, toplumu bu istiqamətdən soyudur və bu Qərbin səhvi və günahlarından baş verir. Başa salmağa çalışdım ki, biz sabah seçkiyə gedəndə əhaliyə, seçiciyə bunu necə izah edəcəyik, nə deyəcəyik, bu haqda düşünürlərmi heç?!
Xülasə, biz Dövlətin nə olduğunu, siyasətin necə olduğunu bilirik, öz işimizi gələcək hökumət kimi görüb-davranırıq. Amma indiki hökumət də bir çox davranışlarına yenidən baxmalı, ən böyük problemimizi həll etmiş Dövlət kimi davranmağı öyrənməlidir. Prezident Əliyev böyük iş gördü, tarixə düşdü, özü də elan etdi ki, Qarabağ məsələsi, ərazi bötövlüyümüz məsələsi bitdi, tarixə qovuşdu - əla, bu fikri dəstəkləyirəm, deməli hökumət də artıq öz köhnə və zərərli davranışlardan da vaz keçməlidir, ölkəmizin önünü açacaq, imicini yeniləyəcək, əsl sistemli islahatların zamanı gəldi! Bunun üçün əlimizi daşın altına qoymağa hazırıq!
Ölkəmizə, Dövlətimizə qarşı yeni çağırışların cavabı köklü islahatlardan və indi atılacaq addımlardan keçir – siyasi məhbus problemi də məmləkətdə Qarabağ məsələsi kimi tarixə gömülməli, QHT, Media, Siyasi Partiyaların fəaliyyəti üçün alan genişləndirilməlidir. İndiki iqtidarın böyük faizlə ölçüləcək müsbət reytinqi bu addımları rahat atmaq üçün tam şərait yaradıb - bu fürsəti qaçırmaq olmaz. Çünki, hərbi qələbə mütləq əhalinin rifahına qapı açmalı, iqtisadi, sosial məsələlərin həllini sürətləndirməlidir – cəmiyyət qələbənin dividendlərini görməli, “dadını” hiss etməlidir, bunun yolu isə köklü idarəetmə islahatlarından keçir...
Natig Cəfərli
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.