Bakıda sərçələrin yoxa çıxması böyük fəlakətin əlaməti imiş – ZOOLOQ AÇIQLADI

Bu gün, 11:44           
Bakıda sərçələrin yoxa çıxması böyük fəlakətin əlaməti imiş – ZOOLOQ AÇIQLADI
Bakı şəhərində illərdir səsini eşitdiyimiz, həyətlərdə, binaların oyuqlarında yuva quran sərçələr indi çox nadir hallarda görünür. Bir vaxtlar hər məhəllədə, küçələrdə, park və bağlarda rahat şəkildə rast gəlinən bu kiçik quşlar son illərdə sanki paytaxtdan uzaqlaşıb.

Sərçələrin bu gün az görünməsi onların sayının kəskin azalması, yoxsa sadəcə yaşayış yerlərini dəyişməsi ilə bağlıdır?
Məsələ təkcə Bakı üçün deyil, bütün böyük şəhərlərdə müşahidə olunan bir problem kimi diqqət çəkir.

Bu barədə Zoologiya İnstitutunun biologiya üzrə elmlər doktoru, dosent Tahir Kərimov Musavat.com-a danışıb.

“Sərçələrin sayının azalması təkcə Bakı şəhərinə xas deyil, böyük şəhərlərin hamısında müşahidə olunan xüsusiyyətdir. Səbəblərdən biri odur ki, Bakı şəhərində əhali sayı artır və bununla yanaşı, sərçələr üçün yaşayış əraziləri azalır. Sərçələr qrup şəklində binaların oyuqlarında yaşayırdılar. Binalara üzlük daşların vurulması, eyni zamanda kolluq ərazilərin azalması da sərçələrə təsir edir. Bu onların yuvalamasına mane olur”, - deyə Tahir Kərimov bildirib.

Onun sözlərinə görə, sərçələr toxum yeyən quşlardır. Bakı şəhərində sərçələrin toxum tapıb qidalanması üçün uyğun şərait yoxdur:

“Nəqliyyat və insanların yaratdığı səs-küy sərçələrə narahatlıq yaradır və onlar buna uyğunlaşa bilmirlər. Havanın temperaturunun yüksəlməsi də sərçəkimilərə mənfi təsir göstərir”.

Sərçələri qarğalar öldürür?

Tahir Kərimov deyib ki, əvvəllər qarğalar sərçələrin yumurtalarını və özlərini ovlayıb yeyirdilər, lakin hazırda bu müşahidə olunmur:

“Qarğalar hər şey yeyən quşlardır, lakin sərçə ovlamaq onlar üçün zəhmətli işdir. Sərçənin arxasınca düşüb sıx kolluqdakı yuvasını tapmaq və yumurtasını yemək üçün enerji sərf etmirlər. Həmçinin, 20-25 il əvvəl sərçələr ovlanırdı. Düşünürdülər ki, sərçə əti zehni inkişaf üçün yaxşıdır. Sərçə ətinin müştəriləri vardı, o zaman alıb yeyirdilər. Lakin hazırda belə bir hal müşahidə olunmur”.

T.Kərimov uyğun olmayan şəraitdə quşların 3 çıxış yolu olduğunu bildirib:

“Onlar ya mühitə məcbur uyğunlaşırlar, ya yaşayış üçün əlverişli ərazilərə gedirlər, ya da nəsilləri tükənir. Nadir hallarda bu səbəbdən quşların nəsli tükənir, əksər hallarda isə yaşamaq üçün uyğun ərazi seçirlər. Bakıda sərçələrin qidalanma problemi var. Bu, təkcə sərçələrə aid deyil, qaranquşlarda da müşahidə olunur. Çünki onların qidalanması üçün uyğun şərait yoxdur. Qaranquşlar əsasən ağcaqanadlarla qidalanırlar. Pandemiya dövründə aparılan intensiv dezinfeksiya nəticəsində həşəratların, o cümlədən ağcaqanadların sayı kəskin azaldı. Ona görə də qaranquşlar Bakıda nadir hallarda görünür”.

Ekspert deyib ki, Bakıda qarğalar sərçələri sıxışdırıb, yuvalama yerlərini əlindən alıb:

“Ona görə də sərçələr bağ-bostanlara, yaşıllıq və əkin sahələrinə axın edir, paytaxtdan uzaqlaşırlar. Enli, qısa, möhkəm dimdikləri ilə əkin sahələrində müxtəlif toxumlarla qidalanır və orada özlərinə yaşamaq üçün yuva qura bilirlər”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru