"Oğlumu əvvəlcə döyüb, sonra isə yandırıblar" - Bərdədə baş verən dəhşətli cinayətin TƏFƏRRÜATLARI, FOTOLAR

20-07-2016, 09:52           
"Oğlumu əvvəlcə döyüb, sonra isə yandırıblar" - Bərdədə baş verən dəhşətli cinayətin TƏFƏRRÜATLARI, FOTOLAR
Mayın 7-dən 8-ə keçən gecə Bərdədə 24 yaşlı kənd sakinini əvvəlcə döyüblər, sonra isə yandıraraq öldürüblər. Hadisə rayonun Piyadalar kəndində qeydə alınıb.

Kənd sakini 1992-ci il təvəllüdlü Bayramov Salman Tahir oğlu kəndin qəbiristanlığına yaxın sahədə naməlum şəxslər tərəfindən döyülüb. S.Bayramov daha sonra öz avtomobilinə qoyulub və kəndin ərazisində olan örüş yerində üzərinə benzin tökülərək yandırılıb.

Kənd sakinlərindən biri onu tamamı ilə yanmış halda tapıb. Təcili olaraq xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Həmin günlərdə cinayətin törədilmə səbəbi kimi cibindəki pul və ya namus məsələsi ortaya atılıb. Lakin istintaq hələ ki, tam yekunlaşmayıb. Artıq məsələnin bəzi detalları da ortaya çıxıb.

Musavat.com-a danışan mərhumun atası Tahir Bayramov cinayəti törədənlərin kim olduğunu bildiyini deyib.



T.Bayramov deyir ki, oğlu kənddə sevilən gənclərdən biri olub. Heç kimin ondan şikayəti belə olmayıb. Kompüterdən az-çox anladığı üçün hamıya təmənnasız kömək edirmiş. Son zamanlar isə özünə fotoaparat alıb və şənlikləri çəkməyə başlayıb.

Atasının dediyinə görə, hər şey də elə bundan sonra baş verib: "Oğlumun heç bir günahı yoxdur. Onun ölümündə 3 nəfərin əli var. Mən buna tam əminəm. Çünki başqa heç kim onu öldürə bilməzdi. Kənd icra nümayəndəsinin oğlu kənddə harınlamışlardan biridir. Oğlumun da qatili odur.

Hər şeyə də səbəb, adi bir foto olub. Belə ki, oğlum şəkil çəkirdi. Kənddə işləyən müəllimələrdən birinin fotosunu da tədbirlərdən birində çəkib. Müəlliməsi olub. Həmin müəllimə Kənd icra nümayəndəsi olan Arif Muradovun gəlinidir. Sonra oğlum fotonu çox bəyənib və kompüterinin ekranına qoyub. Pis niyyəti olsaydı, onu gizlədərdi, açıq-aşkar göstərməzdi.



Nəysə, bu fotonu kimsə onun kompüterinin monitorunda görüb və Vahid Şirinov adlı şəxsə deyib. Vahidin oğlumla əvvəldən ədavəti var idi. Çünki bunlar ikisi də eyni qızı sevirdilər. Qız isə oğlumu sevirdi. O da dava-dalaş saldı, hətta 10 sutka həbs edildilər. Amma görünür ki, kin saxlayıb. Bu foto məsələsi də onun üçün fürsət olub. Gedib A.Muradovun oğlu Sabit Muradova deyib ki, "Sən necə kişisən ki, qardaşının arvadının fotosu camaatın kompüterində gəzir". Bu formada aranı qızışdırıb. Sabit də yeznəsi Hafiz Zeynalovla toyda yeyib-içib. Gəliblər kəndə... Yolda oğlumla qarşılaşıblar. Bəlkə də öncədən zəng vurub, başını aldadıb, çağırıblar. Çünki oğlum evdən çıxanda fotoaparatını da özü ilə aparıb".

"Hadisənin ilk günlərində mənim başımı qatmağa çalışdılar"


Övlad itkisi yaşayan atanın sözlərinə görə, oğlunu 3 nəfər birləşib, döyüblər, sonra isə öldürüblər: "Oğlumu Sabit, Hafiz bir də bu Şirin birləşib, vəhşicəsinə döyüblər. Sonra isə maşına oturdub, kəndin örüş deyilən yerinə aparıblar. Orada da döyüb, maşının arxa oturacağına atıb, üstünə benzin töküb, yandırıblar. Mən buna əminəm. İstintaqın gedişatı da bunu göstərir".

Tahir Bayramov deyir ki, rayonda istintaqın aparılmasından şübhə etdiyi üçün Bakıya gələrək, burada şikayət edib: "Rayonda bunlar hər yeri ələ alıblar. Hərəsinin bir vəzifəsi var. Hər yerə əlləri çatır, təzyiq edə bilirlər. Bu zamana qədər əlləri 3-4 nəfərin qanına batıb. Maşınla adam vurublar, pulla məsələni ört basdır ediblər. Cəza almadıqlarına görə də qudurublar.



Hadisənin ilk günlərində mənim başımı qatmağa çalışdılar. Gah dedilər, pula görə öldürüblər, gah dedilər, çoban edib. Bu yolla mənim başımı qatıb, söhbəti ört-basdır etmək istədilər. Amma mən inanmadım. Gəldim Bakıya... İş indi Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsindədir. Ümid edirəm ki, istintaq düzgün aparılacaq və cinayətkarlar həbs ediləcək".

"Mən onunla nəfəs alırdım, artıq ölü kimiyəm"


Çarəsiz ata əsl cinayətkarların yox, günahsız insanların həbs ediləcəyindən qorxur: "Mən bilirəm ki, oğlumu bu 3 nəfər - Sabit, Hafiz və Şirin öldürüb. Həm də bu cür qəddarcasına... Onu döyüblər, həm də yandırıblar. Oğlumu tapanda yarımcan idi. Kamerası da yaxınlığa düşmüşdü. Xəstəxanada çox çırpındım, amma olmadı. Mən onunla nəfəs alırdım, artıq ölü kimiyəm. Məzarını belə, ziyarət edə bilmirəm. Başdaşına, fotolarına baxa bilmirəm. Yoldaşım 2 dəfə intihara cəhd edib. Kənd yeridir. Hərə bir söz deyir. Eşidib ki, cinayətkarlar tutulmayacaq, vəzifələrindən istifadə edəcəklər, özünü öldürmək istəyib. Hazırda da vəziyyəti pisdir".


"İnsanları səbəbsiz yerə ittiham etmək düzgün deyil"


Məsələ ilə bağlı ittiham edilənlərdən biri olan Sabit Muradovun dayısı Alim adlı şəxslə əlaqə saxladıq.

O, musavat.com-a açıqlamasında bildirib ki, bütün bu iddialar əsassızdır: "Mən Tahiri başa düşürəm. Oğlunu itirmiş adamdır. Amma belə etmək də düz deyil. Bu günə kimi kənddə 10-a yaxın adamı həbs etdirib. 5, 7, 10 sutka camaatı həbsdə tutublar, izahat alıblar. Günahsız olduqları üçün buraxıblar. Tahirlə biz qohumuq. Rəhmətliyi hamı tanıyırdı. Kənddə hər kəs onun xətrini çox istəyirdi. Yaxşı uşaq olub. O hadisədən sonra Tahir dedi ki, oğlunu pula görə öldürüblər. Mal bazarına gedib, mal satıb ki, maşın alsın. Cibində 4-5 min manat pulu olub. Öldürüldükdən sonra isə həmin pullar nə cibindən, nə də evində tapılmayıb. Amma sonra Sabiti, Hafizi, Vahidi, hətta məni belə, günahkar görməyə başladı. Mənim də Tahir qədər canım yanır. Amma insanları səbəbsiz yerə ittiham etmək düzgün deyil. Hər tərəfli axtarış aparılır. Gec-tez cinayətkarlar tapılacaq".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.