Milli Mətbuat Gününə sanballı hədiyyə

20-07-2016, 19:32           
Milli Mətbuat Gününə sanballı hədiyyə
Yazıçı Sona Vəliyevanın Milli Mətbuatın banisi Həsən bəy Zərdabinin həyatından bəhs edən “İşığa gedən yol” romanı bu yaxınlarda işıq üzü görüb

Yazıçı Sona Vəliyevanın Azərbaycan Milli Mətbuatının banisi, “Əkinçi” qəzetinin baş redaktoru Həsən bəy Zərdabinin həyatından bəhs edən “İşığa gedən yol” romanı barədə təəssüratlarını bölüşən Azərbaycan Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid əsəri 22 iyul – Milli Mətbuat Gününə sanballı hədiyyə adlandırıb:

“Sona xanımın bu romanını Mətbuat Günü ərəfəsində, çox böyük zövq ala-ala oxumağa başladım. Romanda Azərbaycan Milli Mətbuatının banisi Həsən bəy Zərdabinin Zərdabda keçirdiyi uşaqlığından, Şamaxı, Tiflis və Moskvada təhsil aldığı illərdən başlayaraq keçdiyi uzun, keşməkeşli həyat yolu əks olunur. Əsərdə Həsən bəy Zərdabinin Moskva Dövlət Universitetini bitirəndən sonra Tiflis və Bakıda məmur, Qubada isə müəllim kimi fəaliyyət göstərməsi təsvir edilir. Realnı Gimnaziyada dərs dediyi vaxtlarda Həsən bəyin Azərbaycanda ilk dəfə kasıb ailələrin uşaqlarının təhsilə cəlb olunması üçün Xeyriyyə Cəmiyyəti yaratmaq niyyəti ilə müxtəlif bölgələrə - Şamaxı, Gəncə, Tiflis, İrəvan və Naxçıvana səfərlərindən bəhs edilir. Müəllif Həsən bəyin bu səfərlərini işıqlandırarkən həm adıçəkilən bölgələrin tarixinə dair qiymətli informasiyaları oxucuların diqqətinə çatdırır, həm də həmin dövrün ziyalıları, nüfuzlu, imkanlı şəxsləri barədə dolğun təəssürat yaradır. Həsən bəy Zərdabinin dostluq etdiyi o dövrün görkəmli ziyalıları – Mirzə Fətəli Axundov, Seyid Əzim Şirvani və digər tanınmış insanlar, eləcə də öz tələbələri – Nəcəf bəy Vəzirov, Əsgər ağa Gorani və başqaları ilə apardığı fikir mübadilələrində maarifçilik ideyalarının ilk qığılcımlarının necə yaranması da romanda öz əksini tapır. Bundan başqa, əsərdə həmin dövrün olayları, ziyalı mühiti, həmçinin ilk Azərbaycan qəzetinin yaranması ideyası və bu ideyanın gerçəkləşdirilməsi prosesi də peşəkarlıqla əks olunub. Əsər bədii cəhətdən də mükəmməldir, oxunaqlıdır. Müəllif yazıçı priyomlarından ustalıqla istifadə edərək oxucunu həyəcanda saxlaya bilir. Hesab edirəm ki, bu roman Milli Mətbuat Gününə gözəl bir hədiyyədir”.

R.Məcid onu da bildirib ki, bu əsər barədə qısa müddətdə baş redaktoru olduğu “525-ci qəzet”də tanınmış alim və ədəbiyyatşünasların yazıları dərc edilib: “Cahangir Məmmədli, Vaqif Yusifli, Flora Xəlilzadə kimi tanınmış ziyalılar bu əsər barədə geniş yazılar yazaraq ürək sözlərini deyiblər. Hesab edirəm ki, bu roman gələcəkdə Həsən bəy Zərdabi barədə bədii filmin çəkilməsi üçün yaxşı bir materialdır. Təkcə ziyalılar, mətbuat adamları üçün yox, ən müxtəlif səviyyəli oxucu kütləsi, xüsusi ilə gənclər üçün ibrətamiz, sanballı bir əsər yaratdığına görə müəllifi təbrik edirəm”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.