Aldanmış kəvakib?

30-11-2023, 11:24           
Aldanmış kəvakib?
Döyüşlər "ölü nöqtəyə" çatıb, Qərbin Ukrayna və Zelenski ilə bağlı planı məlum deyil...
Səlim Əzizoğlu
Ukrayna müharibəni uduzur, yoxsa hələ qalib gəlmək iqtidarındadır? Tərəfdaşları Kiyevi məcburi
sülhə vadar edirmi? Ümumiyyətlə, hərbi əməliyyatlar başlayandan silah verilməsi məsələsində
ləng və ehtiyatlı addımlar atan Qərb Zelenskini satıbmı?
Bu gün Ukraynada hərbi əməliyyatların uğurundan danışmaq mümkün deyil. Nə Rusiya, nə də
Ukrayna ciddi üstünlük əldə edə bilməyərək, daha çox mövqe döyüşlərinə keçiblər. Əgər
ukraynalılar Dnepr çayının Qərb sahilində nisbi uğur əldə ediblərsə, rusiyalılar da böyük itkilər
hesabına da olsa, Avdeyevkada irəliləyə biliblər. Lakin tərəflərin bu “uğuru” müharibənin taleyinə
ciddi təsir göstərə bilmir. Belə demək mümkünsə, tərəflər döyüş əməliyyatında “ölü nöqtə”yə
çatıblar.
Buna görə də, indi bütün dünya Ukraynada nə baş verdiyi, xüsusən də nə baş verəcəyi üzərində
baş sındırır. Və onların bir hissəsi Qərbin Ukraynanı qurban verdiyi fikrindədir.
Məsələn, bir qədər əvvələ qədər Ukrayna prezidenti administrasiyasında çalışan, hazırda isə
müxalifətdə olan və növbəti seçkilərdə namizədliyini irəli sürəcəyini bəyan edən qalmaqallı
siyasətçi Aleksey Arestoviç Qərbin Ukraynanı “atdığını” bildirir. Prezident ofisi rəhbərinin keçmiş
müşaviri Qərbi Rusiyaya qalib gəlmək üçün lazım olan və söz verilən silahları çatdırmamaqda
ittiham edib. Arestoviçin sözlərinə görə, Ukraynanın hücumunun dayanması da bununla bağlıdır.
“Bütün məsuliyyət Ukraynaya həqiqi böyük müharibə aparmaq üçün əsl dəstək sözü verən,
amma bu dəstəyi göstərəməyən – bizə “atanların” üzərinə düşür”, – Arestoviç qeyd edib.
Onun sözlərinə görə, Ukrayna Rusiyanın hücumunun ilk aylarında “öz müharibəsində” qalib gəlib
və Qərb kifayət qədər dəstək göstərsəydi, onu başa çatdırmaq olardı: “Sonra isə digər müharibə
başladı. Bu müharibəni isə təyyarələr, uzaq mənzilli raketlər və Quru Qoşunları üçün beş dəfə
daha çox dəstək olmadan uda bilməzdik. Bütün bunlar olmadı. Biz buna görə çox böyük qiymət
ödədik”, – o, deyib.
Arestoviçin iddiasına görə, Qərb yenidən Ukraynanı ataraq, onu Rusiya ilə danışıqlara məcbur
edir.
Artıq bəzi Qərb siyasətçiləri də eyni ruhlu bəyanatlarla çıxış edilər. Məsələn, Çexiyanın yeni
seçilən prezidenti Petr Pavel də Qərbin Ukrayna ordusu üçün artilleriya mərmiləri ilə bağlı verdiyi
sözün üstündə durmadığını, F-16 təyyarələrinə pilotların hazırlanması proqramının lazımi
səviyyədə olmadığını bildirib. Onun sözlərinə görə, hazırkı sursat təminatı Ukraynanın aktiv hərbi
əməliyyatları davam etdirməsi üçün kifayət deyil. Çexiya lideri əlavə edib ki, hətta Ukraynanı
dəstəkləyən ölkələrdə də tərəddüd artır. Bu isə ona gətirib çıxaracaq ki, ukraynalılar arasında
məyusluq hissi artacaq, qeyri-müəyyənlik Kiyevə hərbi planlaşdırma aparmağa mane olacaq.
Çexiya lideri onu da bildirib ki, bu il uğurun əsasını qoymaq üçün həlledici əhəmiyyətə malikdir.
2024-cü il isə daha mürəkkəb olacaq.
“Euractv” iddia edir ki, ABŞ və Almaniya Ukraynanın tez bir zamanda NATO üzvü olmasını
istəmirlər və buna görə də, bütün cəhdlərlə bunun qarşısını almağa çalışırlar. “Bild” isə Almaniya
və ABŞ arasında Ukrayna razılaşması ilə bağlı bir qədər də irəli gedərək, Şolts və Bayden
arasında gizli sövdələşmə olduğunu iddia edib. Məqalədə qeyd edilir ki, Vaşinqton və Berlin
Kiyevin qələbəsində maraqlı deyillər. Amma onlar Moskvanın da qələbəsinin qəti əleyhinədirlər.
Buna görə də, Ukrayna ordusuna o qədər də güclü dəstək göstərməmək qərarına gələrək,
müharibəni Rusiyanın tam taqətdən düşməsinə qədər uzadırlar.
Bundan əlavə, “Bild” ABŞ və Almaniyanın Rusiya ilə danışıqlara başlaması üçün Ukrayna tərəfinə
təzyiq etdiyini də bildirir. Düzdür, ABŞ dövlət katibinin köməkçisi Ceyms Obrayn dərhal bu
məlumatı təkzib edərək, belə bir təzyiq iddiasının həqiqətə uyğun olmadığını deyib: “Həmişə
demişik ki, bunu Kiyev həll etməlidir. Biz Ukrayna ilə bağlı heç bir məsələni Ukraynasız həll
etməyəcəyik”.
“Bild”in iddialarının həqiqiliyi ilə bağlı heç bir fakt yoxdur. Amma eyni zamanda, bəzi analitiklər
kömək məsələsinin şübhəli olduğunu etiraf edirlər. Məsələn, Mixail Şerşevski qeyd edir ki,
Qərbin Ukraynaya yardımı həqiqətən də müharibəni udmaqdan çox, uzatmaq xarakteri daşıyır:
“Tərəflərdən birinin qələbəsini arzu edəndə, ona ən azı ən müasir 300 “Abrams” tankı verirlər, 30
tank deyil. Bir tərəfin qələbəsini arzu edəndə, ona ən azı 100 ədəd ən müasir F-16 Block 70/72
təyyarəsi verirlər, köhnəlmiş F-16-rı bir neçə ay sonra verəcəklərinə söz vermirlər. Nəhayət, Qərb
Ukraynanın həqiqətən də qələbəsini arzu etsəydi, havada üstünlüyü təmin etməmiş, Kiyevi yerdə
hücuma təhrik etməzdi” .
Macarıstanın XİN rəhbəri Peter Siyyarto isə Brüsseldə nazirlərin görüşü barədə danışanda NATO
üzvlərinin Ukrayna ordusunun əks-hücumunun uğursuzluğa düçar olduğunu etiraf etdiklərini
deyib. Onun sözlərinə görə, NATO ölkələri əks-hücumun onların gözləntilərini doğrultmadığını,
güman etdiklərindən qat-qat az nəticə əldə olunduğunu bildiriblər.
NATO-nun baş katibi Yens Stoltenberq isə Ukrayna-NATO Şurasının iclasından sonra keçirilən
mətbuat konfransında F-16 təyyarələrinin döyüş meydanında vəziyyəti köklü şəkildə
dəyişəcəyinə əmin olmadıqlarını söyləyib: “Təyyarələr vəziyyəti köklü şəkildə dəyişə biləcək
“gümüş güllə” deyil”.
Beləliklə, bütün göstəricilər rəsmi Kiyevin əleyhinədir. Kiyev hazırda məğlub duruma düşüb. Bəli,
Rusiya hücumunun qarşısı alınıb, Moskvanın planları alt-üst edilib. Rusiya Odessa, Xarkov,
Xersonu tutmaq planları üzərində deyil, əldə etdiklərini saxlamaq üzərində düşünür. Amma eyni
zamanda, Ukrayna torpaq itirən tərəfdir və bu gedişlə o torpaqları qaytara bilməyəcək.
Qərb isə həqiqətən də mövcud durumla barışmış kimi görünür. Söyləmək olar ki, Vaşinqtonda
da, Brüsseldə də, Avropanın ayrı-ayrı paytaxtlarında da Ukraynaya yardımın davam etməsinin
zəruriliyi ilə bağlı bəyanatlar səsləndirilir və bu yardımın davam edəcəyi ilə bağlı vədlər verilir.
Amma reallıqda yardımın getdikcə zəiflədiyi göz önündədir və bir gün kəsiləcəyi ehtimalı var.
Prezident Zelenskinin vəziyyəti isə o qədər də ürəkaçan deyil. “Bild” yazır ki, orduda prezident
əleyhinə əhval-ruhiyyə yaranmağa başlayıb. Buna, ölkə başçısı ilə Silahlı Qüvvələrin Baş
komandanı general Valeri Zalujnı arasında yaranan narazılıq da səbəb olur. Hər şeyin kökündə
isə Qərbin vaxtında lazımi yardım göstərməməsi və ordunu məğlub duruma salması durur.
Adamın yadına dahi Azərbaycan mütəfəkkiri Mirzə Fətəli Axundzadənin 165 il əvvəl yazdığı
“Aldanmış kəvakib” satirik povesti düşür.
Zelenski həqiqətənmi aldanmış kəvakib seçilib?
pressklub.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.