Nəcməddin Sadıkov "Tərtər işi"nə görə niyə dindirilmir?

2-12-2023, 09:34           
Nəcməddin Sadıkov "Tərtər işi"nə görə niyə dindirilmir?
2017-ci ilin aprel-iyun aylarından sonra mütəmadi olaraq mətbuatda işıqlandırılan, cəmiyyətdə də birmənalı qarşılanmayan “Tərtər işi” ilə bağlı zaman-zaman müxtəlif detallar üzə çıxır.

Zərərçəkənlər dindirildikcə yeni sirlərin üstü açılır və prosesdə əli olan simaların adı çəkilir. Məsələnin maraqlı tərəfi isə yüksək rütbəli şəxslərin verdiyi ifadələrdə öz əksini tapır. Belə ki, dindirilənlər prosesdə sabiq Baş Qərargah rəisi Nəcməddin Sadıkovun adını çəkir və israrla onun da dindirilməsini tələb edirlər. Bu isə bir sual yaradır: belə olan halda Nəcməddin Sadıkov “Tərtər işi” ilə bağlı niyə dindirilmir və ümumiyyətlə, onun ifadə verməsi gözləniləndirmi?

Mövzunu Konkret.Az-a dəyərləndirən Ağ Partiya sədri Tural Abbaslı bildirir ki, “Tərtər işi” ilə əlaqədar ilk gündən bəri tək Nəcməddin Sadıkov yox, prosesdə adı hallanan digər iri fiqurların da məsuliyyətə cəlb olunması, istintaq tərəfindən dindirilməsi və təkcə icraçıların deyil, həm də tapşırıq verənlərin cinayətə cəlb olunması ilə bağlı fikirlər səsləndirilib:

“Hərçənd bir zamanlar hakimiyyət bu hadisələri inkar edirdi, ancaq yenidən gündəmə gəldi və nəticədə məhkəmələr oldu, günahsız yerə cəza çəkənlər bəraət aldı, müəyyən günahkar şəxslər cəzalandırıldı. Məncə, bu proses yenə də davam edəcək.
O ki qaldı Nəcməddin Sadıkov və onun timsalında rəhbərlikdə təmsil olunanların hələ də məsuliyyətə cəlb olunmamasına, mən burada siyasi səbəblər görürəm. Çünki bunun başqa izahı yoxdur. Əminəm ki, siyası səbəblər istintaqa təsir göstərməsə, bu prosesi 1-2 ay ərzində ədalətli şəkildə həll etmək olar. Amma müxtəlif siyasi və dövlət maraqları, daxili münasibətlər sistemi bu istintaqın ədalətli və şəffaf aparılmasına imkan vermir”.

Partiya sədrinin sözlərinə görə, icraçılar tutulub cəzalandırılırsa, sifarişçilər də həbs olunmalıdır: “Yəni burada səbəb sırf siyasidir, nəinki texniki. Bir sözlə, siyasətin istintaq prosesinə müdaxiləsi dayanan kimi bu məsələ də həllini tapacaq”.

Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev da hesab edir ki, “Tərtər işi”ndə ən çox adı hallananlardan biri Nəcməddin Sadıkovdur: “Bu səbəbdən də, təbii ki, o, mütləq dindirilməlidir.
Bu, çox həssas cinayət işidir. Bu işdə günahı, cinayəti sübut olunan hər kəs tutduğu vəzifədən asılı olmayaraq, çox sərt surətdə cəzalandırılmalıdır”, – deyə BAP sədri əlavə edib.

Mərahim Nəsib












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.