Həbsdəki ilahiyyatçıdan ANS rəhbərinin əleyhinə ifadə istənilib
28-07-2016, 09:27
Ilahiyyatçının xanımı deyir, həyat yoldaşının yeganə “günahı” ondan müəyyən şəxslərin əleyhinə tələb edilən ifadəni verməməsi olub
2014-cü ilin dekabrından həbsdə olan ilahiyyatçı, Qafqaz Müsəlmanları İdarəsinin sabiq sektor müdiri Elşən Mustafayevin (Mustafaoğlu) ailə üzvləri prezidentə və Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəhbərliyinə müraciət edəcək.
Bu barədə AzadlıqRadiosuna ilahiyyatçının yaxınları məlumat verib.
VAHİD MUSTAFAYEVİN DƏ ƏLEYHİNƏ İFADƏ İSTƏYİBLƏR
İlahiyyatçının xanımı Vüsalə Mustafayeva deyir ki, həyat yoldaşı heç bir günahı olmadığı halda, il yarımdan çoxdur ki, həbsdə saxlanılır. Onun sözlərinə görə, Elşən Mustafaoğlunun yeganə “günahı” ondan müəyyən şəxslərin əleyhinə tələb edilən ifadəni verməməsi olub.
Elşən Mustafaoğlu da məhkəmədə keçmiş MTN əməkdaşlarının ona işgəncə verib Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə və Milli Qəhrəman Rövşən Əkbərovun əleyhinə ifadə tələb etdiyini bildirmişdi.
İlahiyyatçının yaxınları əleyhinə ifadə tələb olunanlar sırasında Şeyx və Milli Qəhrəmanla yanaşı, həm də “ANS Müstəqil Yayım və Media Şirkəti”nin rəhbəri Vahid Mustafayevin də adını çəkir:
“Elşənə deyiblər ki, “bu adamların barəsində yazılan ifadəyə qol çək, çıx get balalarının yanına”. Ancaq Elşən bunu eləməyib. Ona görə də üzərinə vətənə xəyanət ittihamını qoyub həbs eləyiblər”.
HƏBSİNDƏN 3 GÜN XƏBƏR TUTMAYIBLAR
Vüsalə Mustafayevanın sözlərinə görə, həyat yoldaşının həbsindən sonra üç gün ərzində onlara bu barədə heç bir məlumat verilməyib. Həmin müddətdə yaxınları Elşən Mustafaoğlunun harada saxlanıldığını bilməyib:
“Dekabrın 16-da işdən qayıtmadı. Bir də ayın 19-da bir xanım zəng eləyib dedi ki, “Elşən həbs olunub, mən onun vəkiliyəm”. Onda bildik ki, həbs olunub. Təxminən on gün sonra MTN əməkdaşları evimizə gəlib, Elşənin kompüterini və şəkil albomunu apardılar. Onda bizə Elşənin həbsi barədə qərarı göstərdilər”.
Buna da bax: ANS-in taleyi iyulun 29-da həll olunacaq
Həyat yoldaşı deyir ki, “dövlətə xəyanət” ittihamının Elşən Mustafaoğluna heç bir aidiyyəti yoxdur, ola da bilməz:
“Elşən fəlsəfə elmləri doktorudur, alim adamdı. Onun həbsi, üstəlik, bu cür ittiham ailəmizə çox böyük zərbə vurub. Təsəvvür edin, böyük qız atasına verilən dövlətə xəyanət ittihamına görə məktəbə getməyə utanır. Elşəni tanıyanlar yaxşı bilir ki, o, heç vaxt belə iş tutmaz. Xahiş edirik, ölkə rəhbərliyi bizim səsimizi eşitsin. Üç övladımız var, onların ataları günahsız yerə həbsdədir”.
“BƏRAƏT VERİLSİN”
Vüsalə Mustafayeva onu da qeyd edir ki, həyat yoldaşının həbsindən sonra bir il ərzində onunla nə görüşə, nə də telefonla danışa biliblər. Amma MTN ətrafında məlum olaylardan, Dövlət Təhlükəsizliyi Xidməti yaradılandan sonra yeni rəhbərliyə məktubla müraciət ediblər. Yeni rəhbərlik görüşə imkan yaradıb.
İndi həyat yoldaşının saxlanma şəraitindən narazı olmadığını deyən Vüsalə Mustafayeva bildirir ki, onların yeganə istəyi Elşənə bəraət verilərək, onun həbsdən azad edilməsidir.
E.Mustafaoğlu 2001-ci ildə “Mənəvi Saflığa Dəvət” İctimai Birliyini təsis edib. 2005-ci ildən “Yeni Şərq” Elmi Araşdırmalar Mərkəzinin direktorudur. O, 2006-cı ildə İctimai Televiziyada “Cümə söhbəti”, 2007-ci ildə isə ANS telekanalında “Allah haqqı” verilişlərinin aparıcısı olub.
E.Mustafaoğlu həmçinin “Azərbaycan-Amerika Media Akademiyası”nın direktoru olub. Norveçdə elmi layihə üzrə çalışan ilahiyyatçı 2014-cü ilin əvvəlində ölkəyə qayıdıb. Həbsindən bir neçə ay öncə isə Qafqaz Müsəlmanları İdarəsi ilə əməkdaşlığa başlayıb.
2014-cü il dekabrın 16-da həbs olunan E.Mustafaoğlu CM-nin 274-cü (dövlətə xəyanət) maddəsilə ittiham olunur və onun işinə hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Məhkəmə prosesi qapalı keçirilir.