Azərbaycanın təhqir edildiyi suvenirlərlə bağlı SOCAR-dan açıqlama - FOTO
28-07-2016, 16:22
Xəbər verdiyimiz kimi, Azərbaycanla bağlı satılan neft suvenirlərinin üzərində Dağlıq Qarabağ Azərbaycandan ayrı göstərilib.
Çox maraqlıdır ki, neft suveneri dünyanın aparıcı ölkələrində, o cümlədən dünyanın ən məşhur alış-satış saytlarından olan "ebay"da da satışda var və analoji səhv orada da görünür. Neft suvenirinin qiyməti isə 7 dollardır.
AZXEBER.COM-un məsələ ilə bağlı operativ yayımından sonra, Dövlət Neft Şirkəti (SOCAR) məsələ ilə bağlı açıqlama yayımlayıb.
Şirkətin açıqlamasında sözügedən neft suvenerinin Azərbaycanda fəaliyyət göstərən neft şirkətləri ilə heç bir əlaqəsi olmadığı qeyd olunub.
“Şəkili Böyük Britaniyada yaşayan özəl bir satıcı özünün Ebay satış məkanında yerləşdirmişdir. Şəkildə, gördüyünüz kimi, Azərbaycan Respublikasının dövlət ərazisi yalnış göstərilmiş, həmçinin Azəri-Çiraq-Günəşli yataqlarının ehtiyatları barədə yalnış məlumat təqdim olunmuşdur. Belə ki, AÇG neft ehtiyatları 6.4 mrd barel deyil, 9 mrd barel təşkil edir.
Biz şəkildəki məhsulun satıcısına etirazımızı bildirib, şəkildəki yalnış məlumatların silinməsini tələb etdik. Satıcı tələbimizi yaxın günlərdə yerinə yetirməsə, SOCAR tərəfindən müvafiq hüquqi addımlar atılacaq”.