Trampın azərbaycanlı oliqarx və mafiozlarla işbirliyinə dair yeni detallar üzə çıxdı
30-07-2016, 00:29
ABŞ-da Respublikaçılar partiyasının prezidentliyə namizədi Donald Trampın Rusiya ilə əlaqələri ona qarşı rəqiblərinin əlində əsas kompromatdır. Amerika mətbuatının yazdığı kimi Trampın ruslarla əlaqələri hələ SSRİ dövründə yaranıb. Nyu Yorkdan olan tikinti maqnatı SSRİ-yə səfər edib, biznes imkanlarını araşdırıb. Sonradan isə onun Rusiya ilə yaxınlığı Moskvada “Dünya gözəli” müsabiqəsini keçirməyə razılaşanda gündəmə gəldi.
Xəbər verildiyi kimi Tramp “Dünya gözəli” müsabiqəsini keçirməyin eksklüziv hüquqlarına malik idi və 2013-cü ildə azərbaycanlı oliqarx Araz Ağalarovla oğlu Emin Ağalarov bu müsabiqənin Moskvada keçirilməsinə nail olmuşdu. Tramp həmin müsabiqəni keçirmək üçün Moskvaya gələndə Rusiyada tikinti biznesinə başlamaq üçün ilkin razılaşmalar da əldə etmişdi.
Lakin Trampın Rusiya ilə əlaqələri təkcə Ağalarovlarla məhdudlaşmır. Mətbuat onun milliyətcə azərbaycanlı olan oliqarx-mafioz, indi “Tefik Arif” kimi tanınan Tofiq Arifovla ortaqlığını da gündəmə gətirib.
Ukraynanın LB.ua portalında dərc edilmiş məqaləyə əsasən Trampı 2013-cü ildə Moskvaya dəvət edən və daha sonra Nyu Yorkda onun qonağı olan Ağalarovların Kremlə birbaşa nüfuz imkanı yoxdur. Ancaq digər azərbaycanlı oliqarx, Putinin tələbəlik dostu kimi tanınan İlham Rəhimovun belə nüfuz imkanı var. Və məqalədə deyilir ki, Trampın Moskvaya dəvət edilməsinin arxasında həm də İlham Rəhimov dayanırdı. Bildrilir ki, Rəhimovun Ağalarovla yaxın münasibətləri var, onlar vaxtilə Telman İsmayılovun “Çerkizovsk” bazarının ortaqları olublar.
Donald Trampın işbirliyində olduğu azərbaycanlı oliqarxlar təkzə Ağalarov və Rəhimov deyil. Sayt yazır ki, 2004-cü ildə Tramp özünü müflis elan edəndə ona qarşı çoxsaylı məhkəmə iddiaları qaldırılmışdı. Maqnat isə biznesini xilas etmək üçün təcili olaraq “sponsor” axtarırdı. Bu “sponsor” rusiyalı oliqarxların qismində tapıldı. Trampa pulları köçürmək üçün “Bayrock Group” adlı şirkət təsis edildi. Şirkətin rəhbərləri Tofik Arifov və Felisk Sater idi. Onların hər ikisi Rusiya kriminaliteti ilə sıx bağlıdır.
Tofik Arifov Qazaxıstana sürgün edilmiş azərbaycanlı ailəsində anadan olub. SSRİ-nin Xarici Ticarət Nazirliyinin-“Vneştorq”un keçmiş əməkdaşıdır. 17 il “Vneştorq”da işləyib. Rusiya mətbuatında onun barəsində çoxsaylı kompromatlara və dosyeyə rast gəlmək olar. Tofik Arifov 90-cı illərin əvvəllərində kriminal qruplaşmalarla əlbir olaraq Rusiyada aliminium bazarını bölüşdürməyə kömək edib. Rusiyadan rüsum ödəmədən aliminim ixrac edən qalmaqallı “Trans World Group” şirkəti də onunla bağlı idi. Arifov kriminal “aliminium” kooperativlərindən çirkli pulların yuyulmasından tutmş silah, narkotik ticarətinə qədər hər şeydə istifadə edirdi.
2000-ci illərin əvvəllərində o, kriminal qruplaşmalardan məsafə saxlayaraq Rusiya biznes elitasına daxil oldu. 2010-cu ilin sentyabrında isə Tofiq Arifovun, Türkiyə pasportu alaraq adını “Tefik Arif” kimi dəyişdirən mafiozun adı daha bir qalmaqala qarışdı. Türkiyə polisi Bodrum sahillərində Atatürkün məşhur “Savarona” yaxtasına basqın edib içərisində azyaşlıların da olduğu bir qrup fahişə ilə əylənən oliqarxları-Qazaxstan əsilli yəhudi milyarder Aleksandr Maşkeviçi, Telman İsmayılovu, Tefik Arifi və bir neçə başqa biznesmeni saxladı. Mətbuat günlərlə bu hadisədən yazdı, ancaq milyarderlər məsuliyyətə cəlb olunmaqdan yaxalarını qurtardılar.
Feliks Sater isə rusiyalı kriminal avtoritet Mixail Şeferovskinin, yaxud Maykl Saterin oğludur. İlk dəfə 1993-cü ildə Nyu York barlarından birində dava saldığı üçün həbs olunub. 1998-ci ildə onun adı birja oyunçuları arasında dələduzluq sxemi yaradaraq 40 milyon dollar oğurlamaqda keçib. 2000-ci ildə Sater Moskvadakı “Mirax Group” tikinti şirkətinin sahibi Sergey Polonski ilə işbirliyinə başlayıb. Hazırda Polonski tikinti fırıldağına görə həbsdədir, şirkətin idarə heyətinə daxil olan Feliks Sater isə cinayət təqibindən yayına bilib.
Donald Trampın rus mafiyası ilə işbirliyi 2013-cü ildə üzə çıxıb. O vaxt milyarder “Trump SoHo” binasında yaşayış sahələrinin satışı ilə bağlı qaldırılmış mülki iddia üzrə ifadə verməli olub. İddiaçılar bildirirdilər ki, Trampın adını eşidib binadan mənzillər alıblar. Ancaq bilməyiblər ki, satılan mənzillərdə onun payı cəmi 10 faizdir. Əslində isə bina Arifovun və Saterin rəhbər olduqları “Bayrok Group” şirkətinin olub. Tramp ifadəsində bildirib ki, “Bayrok Group”u bu layihəyə onun yaxın dostu olan Arifov cəlb edib. Sateri isə ümumiyyətlə tanımır. Lakin sonradan ABC telekanalının jurnalistləri müəyyən ediblər ki, Sater indiki prezidentliyə namizəd Trampın baş müşaviridir. İş isə bağlanıb, 2014-cü ildə kreditorlar “Trump SoHo”nun satıldığını elan ediblər. Bu işdən təkcə şirkətin maliyyə rəhbəri Codi Kriss ziyan çəkib, o, dələduzluqda ittiham olunub. İstintaq zamanı o bildirib ki, “Bayrock Group”un strukturlarına pulların Rusiyadan daxil olduğunu güman edir.
“Bayrock Group”un digər pul mənbəyi isə hazırda fəaliyyəti dayandırılmış İslandiya fondu “FL Group” idi. Kriss ifadələrində deyib ki, həmin fond üzərindən Putin yaxın rusiyalı investorların pulları gəlirdi.
Pol Manafort
Tramp ruslarla biznesmen kimi deyil, hm də siyasətçi kimi işbirliyi qurub. Maraqlıdır ki, prezidentliyə namizədin siyasi müşavirlərinin çoxu Kremlə bağlı muzdlulardır. Məsələn, onun seçki kampaniyasının rəhbəri Pol Manafort Ukraynada Viktor Yanukoviçin baş siyasi texnoloqu olub. O, Rusiya ilə sıx bağlı olan oliqarx Dmitri Firtaşla da işləyib. Trampın milli təhlükəsizlik müşaviri Maykl Filin də Rusiya ilə sıx bağlıdır, Kremlin mövqeyini əks etdirən şərhlərlə çıxış edir.