123 milyard çoxdu, yoxsa, 133,8 milyard? - 1,1% artımın axtarışında

16-01-2024, 19:43           
123 milyard çoxdu, yoxsa, 133,8 milyard? - 1,1% artımın axtarışında
Dünya Bankının məlumatına görə, dünyanın inkişaf etməkdə olan ölkələrinin 25 faizinin rifah səviyyəsi pandemiyadan əvvəlki dövrlə müqayisədə aşağıdır ki, bu da qlobal miqyasda pandemiyanın iqtisadi nəticələrinin hələ də aradan qaldırılmaması deməkdir.Bu o deməkdir ki, dərin maliyyə böhranından yayınmaq mümkün olsa da, qlobal iqtisadi göstəricilər xeyli aşağı olacaq.
Bizim Dövlət Statistika Komitəsi deyəsən bu fikirləri qəbul etmir. Onun deməyindən belə çıxır ki, Azərbaycanda vəziyyət fərqlidir. DSK iddia edir ki, ötən il (2023-cü il) Azərbaycanda 123 milyard manatlıq və ya əvvəlki illə müqayisədə 1,1% çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub:” Hesabat dövründə iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 1,7 % azalıb, qeyri neft-qaz sektorunda isə 3,7 % artıb.
ÜDM istehsalının 40,5%-i sənaye, 10%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,2%-i nəqliyyat və anbar təsərrüfatı, 6,2%-i tikinti, 5,5%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,2%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,7 %-i informasiya və rabitə sahələrinin, 18,6%-i digər sahələrin payına düşür. Məhsula və idxala xalis vergilər ÜDM-in 9,1%-ni təşkil edib. Əhalinin hər nəfərinə düşən ÜDM 12 114,5 manata bərabər olub”.
Hörmətli DSK ilə bir məsələyə aydınlıq gətirmək istəyirəm. Deməli, DSK-nin ötən ilki açıqlamasına görə, 2022-ci ildə ölkədə 133,8 milyard manatlıq və ya əvvəlki illə müqayisədə 4,6 faiz çox ümumi daxili məhsul istehsal olunmuşdur. İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 2,7 faiz azalmış, qeyri neft-qaz sektorunda isə 9,1 faiz artmışdır.
ÜDM istehsalının 51,1 faizi sənaye, 8,2 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,0 faizi nəqliyyat və anbar təsərrüfatı, 4,8 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 4,8 faizi tikinti, 1,6 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,4 faizi informasiya və rabitə sahələrinin, 14,7 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 7,4 faizini təşkil etmişdir. Əhalinin hər nəfərinə düşən ÜDM 13292,2 manata bərabər olmuşdur.
Beləliklə, 2023-cü ilin ÜDM 12 114,5 manata bərabərdisə, onda necə olur ki, Azərbaycan iqtisadiyyatında 1%-dən çox artım olduğu deyilir. Rəqəmlər geriləmədən danışır axı?Ya da, bir açıqlama versinlər görək, 123 milyard çoxdu yoxsa, 133,8 milyard? Yaxud da birdəfəlik desinlər ki, sizin riyaziyyatdan və rəqəmlərdən başınız çıxmır.
P.S. 2024-cü ilin son 5 günündə bəzi jurnalistlər paytaxt bazarlarında reyd keçirib. Bazarlarda Azərbaycanda qoyun-quzu ətinin bahalaşması müşahidə olunub. Yaxın günlərə qədər kiloqramı 16-17 manata təklif olunan quzu ətini Bakıda bəzi yerlərdə, hətta 20 manata satırlar.Bu gerçəyi təkcə jurnalistlər yox, lə paytaxt əhalisi də müşahidə edir.
Sonra da....
Əntiqə Rəşid Aslan
adalet.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.