Həbs olunan sabiq rəislə bağlı yeni iddialar - İTTİHAM VAR

1-08-2016, 19:16           
Həbs olunan sabiq rəislə bağlı yeni iddialar - İTTİHAM VAR
Dünən redaksiyamızda olan və adının çəkilməsini hələki istəməyən, Bakıdakı tanınmış özəl tibb müəssisələrindən birinin işçisi maraqlı açıqlama verdi. Məlum olurdu ki, adını hələki çəkmək istəmədiyimiz tibb müəssisəsinin rəhbərliyi bir müddətdir çətin duruma düşüb. Belə ki, əvvəllər Salyan, sonra Oğuz rayonlarının rəisi olmuş, sonuncu iş yeri DİN-də məsul sahədə vəzifə tutmaq olan İmaməddin Abbasov tibb müəssisəsinin xanım rəhbərinin 1 milyon manatdan çox pulunu mənimsəyib. Özəl tibb müəssisəsinin fəaliyyətinə sərf edilməli olan bu vəsait əldən çıxdıqdan sonra isə vəziyyət tamamilə dəyişib, arzulanan layihə işlərini həyata keçirmək mümkün olmayıb və s.

Rəis özəl tibb müəssisəsinin xanım direktorunu niyə aldatmalı olub?

Beləliklə, apardığımız araşdırma nəticəsində məlum oldu ki, fakt doğrudur və Oğuzun keçmiş polis rəisinin həbsində olduqca ilginc məqamlar və suallar vardır. Onlardan biri budur ki, keçmiş rəisi tibb müəssisəsinin rəhbərliyinə nə bağlayırmış? Və necə olub ki, sonradan məsələ dələduzluq müstəvisinə gedib çıxıb?
Bizə təqdim edilən bəzi sənəd və sübutlardan isə bəlli oldu ki, sən demə, bu qalmaqal ilyarım əvvəldən başlayıb… Sonradan pulunu geri ala bilməyən xanım şikayətçi DİN rəhbərliyinə şikayət edib… Daxili İşlər Nazirliyi (DİN) də Oğuz rayon Polis Şöbəsinin keçmiş rəisi İmaməddin Abbasovun həbsi barədə məlumatları KİV-lərin sorğusuna cavab kimi rəsmən təsdiqləyib. Belə ki, DİN-nin Mətbuat Xidmətinin rəisi Sadiq Gözəlov APA-nın sorğusuna cavabında bildirib ki, «Paytaxt sakini olan bir vətəndaş nazirliyə müraciət edərək İmaməddin Abbasovun onun külli miqdarda pulunu mənimsəməsi barədə məlumat verib… Nazir, cənab Ramil Usubovun göstərişi ilə həmin müraciət üzrə xidməti təhqiqat aparılıb və müəyyən olunub ki, İmaməddin Abbasov daxili işlər orqanlarında xidmət etdiyi müddətdə etibardan sui-istifadə etmə və aldatma yolu ilə müxtəlif vaxtlarda ayrı-ayrı vətəndaşların pullarını mənimsəyib, onlara külli miqdarda ziyan vurub. Əməlində dələduzluq cinayətinin əlamətlərinin olması, "Daxili işlər orqanları əməkdaşlarının etik davranış kodeksi"nin tələblərini pozub polis əməkdaşı adına ləkə gətirən hərəkətlər etməsi nəzərə alınaraq, İmaməddin Abbasov Daxili İşlər Orqanlarında xidmətdən xaric edilib”.
S. Gözəlov həmçinin qeyd edib ki, İ.Abbasovun əməlinə hüquqi qiymət verilməsi üçün xidməti yoxlama materialları qanunvericiliyə uyğun olaraq Baş Prokurorluğa göndərilib. Həmin materiallar üzrə Baş Prokurorluqda aparılmış prosessual araşdırmaların nəticələrinə görə Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb və məhkəmə tərəfindən İ.Abbasov barəsində həbs qətimkan tədbiri seçilib və s.
-Bəs İmaməddin Abbasov özəl tibb müəssisəsinin xanım rəhbərindən həmin pulu hansı məqsəd üçün almışdır?
-Hazırda istintaq ziyanın ödənilməsi üçün hansı zəruri tədbirləri görür?
-Sabiq rəis istintaqa ifadəsində dələduzluq əməlini nə ilə izah edib?
(Davamı var)












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.