Kanalizasiya suları axıdılan çimərliklərdə VƏBA TƏHLÜKƏSİ - SOS!

2-08-2016, 16:09           
Kanalizasiya suları axıdılan çimərliklərdə VƏBA TƏHLÜKƏSİ - SOS!
“Kanalizasiya suları axıdılan çimərliklərdə dəhşətli infeksiyalar yayılması qaçılmazdır”.

Bunu AzNews.az-a açıqlamasında tibb ekspert, professor Aqil Qeybulla Novxanı ərazisində yerləşən çimərliklərdən birinə kanalizasiya suyunun birbaşa axıdılması məsələsinə münasibət bildirərkən deyib.

Onun fikrincə, kanalizasiya sularının çimərlik zonalarına, iaşə mərkəzlərinə yaxın və insanlara ziyan verəcək yerlərə axıdılması çox təhlükəlidir: “Bunun üçün xüsusi yerlər nəzərdə tutulmalıdır. Kanalizasiya sularının, oradakı infeksiyaların mümkün qədər zərərsizləşdirilməlidir. Tullantıların çimərlik zonalarına axıdılması istənilən halda sanitariya-epidemioloji nəzarətin pozulmasıdır. Əslində, belə bir vəziyyətin pozulması hansısa bir infeksiyanın, məsələn, vəba xəstəliyinin sürətlə yayılmasına gətirir. Kanalizasiya sularının çimərliklərə axıdılması məsələsində diqqətli olmaq lazımdır. Vəba su ilə yayılan infeksiyadır. Vəba suda çox sürətlə yayılır. Bu da epidemoloyi prinsiplərin pozulmasıdır. Hesab edirəm ki, buna diqqətli olmaq lazımdır. Aidiyyəti qurumlar lazımı tədbirləri görməlidir”.

A.Qeybulla qeyd edib ki, dünyanın hər yerində kanalizasiya suları okeanlara, çaylara axıdılır: “Lakin suların özünün təmizləmə sistemi var. Həmin sistem vasitəsi ilə sular təmizlənir. Sadəcə olaraq, həmin maddələr zərərsizləşdirilərək, ora yönəldilməlidir. Sovet vaxtı da kanalizasiya sularının müəyyən yerlərdə, bulvar ərazisində Xəzər dənizinə axıdılıb. Amma son vaxtlar tullantıların ikinci emalı ortaya çıxıb. Yəni, onlardan müxtəlif maddələrin alınması məsələsi var. Bu da onu göstərir ki, kanalizasiya suları bulvar ərazisində Xəzər dənizinə deyil, başqa istiqamətə yönəlməsinə gətirib çıxardıb”.

Qeyd edək ki, Novxanı ərazisində yerləşən çimərliklərdən birində kanalizasiya suyunun Xəzər dənizinə birbaşa axıdılması müşahidə olunub. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları hadisənin baş verdiyi əraziyə baxış keçirib. Nazirlik Novxanı bağlar massivində formalaşan çirkab sularının təmizlənmədən birbaşa Xəzər dənizinə axıdılması müəyyən olunub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.