Yavər Camalov “Yeni Müsavatı” məhkəmə ilə hədələdi

2-08-2016, 18:29           
Yavər Camalov “Yeni Müsavatı” məhkəmə ilə hədələdi
İyulun 26-da Müdafiə Sənayesi Nazirliyinin (MSN) tabeliyində olan və Şirvanda yerləşən hərbi təyinatlı “Araz” zavodunda baş verən dəhşətli partlayışın səbəbləri barədə hələ ki, rəsmi məlumat verilmir. 1 həftədən artıq vaxt keçməsinə baxmayaraq 2 nəfərin ölümü, 26 nəfərin yaralanması ilə nəticələnən partlayışın səbəbləri, fəsadların aradan qaldırılması ilə bağlı görülən işlərin nəticələri barədə ictimaiyyətə məlumat verilmir.

Hadisə baş verən gündən zavodda baş verən partlayışın səbəbləri və müəmmalı olayın ətrafında dolaşan iddialarla bağlı kifayət qədər yazmışıq. Lakin bu yazılanlara rəsmi şəkildə münasibət bildirmək əvəzinə MSN-nin mətbuat xidməti baş verən hadisə ilə bağlı “Yeni Müsavat” qəzeti də daxil olmaqla bu haqda məlumat dərc edən mətbuat orqanlarına barmaq silkələyib.

Nazirlik “Yeni Müsavatı” məhkəmə ilə hədələdi

Nazirliyin mətbuat xidmətindən bildirilib ki, zavodda baş vermiş hadisənin araşdırılması məqsədilə yaradılan Dövlət Komissiyası öz işini davam etdirir və partlayışın nəticələrinin aradan qaldırılması işlərinə başlanılıb.

Nazirliyin mətbuat xidmətinin yaydığı bu məlumat ictimaiyyəti məlumatlandırmaq yox, baş verən olayla bağlı iddialara yer verən, hadisənin dəqiq səbəblərinin açıqlanmasının marağında olan mətbuatı xəbərdarlıq etmək məqsədi daşıyır.

Mətbuata barmaq silkələyən nazirlik eyni ilə belə bir bəyanat yayıb: “Bəzi kütləvi informasiya vasitələri həqiqətə uyğun olmayan əsassız və qərəzli məlumatlar yayırlar. Bu da heç bir jurnalist etikasına sığmır.

Bir daha qeyd edirik ki, məsələ ilə bağlı məlumat yayarkən nazirliyin mətbuat katibliyindən verilən məlumatlara istinad edilməlidir. Əks halda nazirlik öz hüquqlarını qorumaq üçün müvafiq qaydada məhkəmə orqanlarına müraciət edəcək”.

Əslində 1 həftə keçməsinə baxmayaraq partlayışın baş vermə səbəbləri haqda məlumat yaya bilməyən MSN-i qınamaq, ondan hadisənin baş vermə səbəbləri haqda dolğun bilgilər gözləmək də reallıqdan uzaq görünür. Çünki nazirlik hələ 1 il əvvəl, iyulun 6-da Şirvanda “Telemexanika” zavodunda baş verən partlayışla bağlı ictimaiyyəti məlumatlandırmayıb.

Partlayışların səbəbi niyə gizli saxlanılır...

Həmin hadisə ilə bağlı Şirvan Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 223.2-ci (partlayış təhlükəli obyektlərdə təhlükəsizlik qaydalarını pozma ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmışdı. Bir nəfərin ölümü, 19 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə nəticələnən həmin partlayışın başvermə səbəblərinin müəyyənləşdirilməsi məqsədilə müvafiq ekspertizalar təyin edilmişdi. Bu cinayət işinin başlanması haqda məlumat verilsə də, nəticəsi haqda xəbərlər hələ də gizli saxlanılır.

“Araz” zavodundakı partlayış faktına görə isə Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 223.2 (partlayış təhlükəli obyektlərdə təhlükəsizlik qaydalarını pozma ağır nəticələrə səbəb olduqda) və 314.2-ci (səhlənkarlıq ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb. Bu cinayət işinin nəticəsinin nə olacağı isə maraqla gözlənilir.

Nazirlik yayılan məlumatlardan niyə qıcıqlanır?

Ötən yazımızda “Araz” zavodunda baş vermiş partlayışla bağlı istintaq tədbirlərinin miqyasının genişləndirilməsi və nazir Yavər Camalovun da istintaqda dindirilməsi ilə bağlı məlumat yaymışdıq. Görünən budur ki, nazirliyin mətbuat xidməti sonuncu məlumatdan qıcıqlanıb və belə bir bəyanat yayıb.

Həmin yazımızda qeyd edilirdi ki, istintaqa cəlb olunanlar sırasında adı keçən bir başqa məmur isə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı Mərdan Camalovdur. Son 1 ildə onun rəhbərlik etdiyi rayonda iki hərbi zavodda partlayışın baş vermə səbəbləri araşdırılarkən, başçının ifadəsinin alınması istintaqçılar üçün müəyyən ipucları verə bilər...

Xatırladaq ki, Yavər və Mərdan Camalovlar qardaşdırlar. Onların hər ikisi Şirvan (keçmiş Əli Bayramlı) rayonunda anadan olub. Camalov qardaşlarının ciddi biznes imperiyasının olduğu barədə dəfələrlə yazılıb. Yavər Camalov iqtidarda ən varlı, imkanlı nazirlərdən sayılır.

Şirvanda vəziyyət necədir?

Müdafiə sənayesi nazirliyi baş vermiş hadisənin nəticələri barədə qısaca olaraq qeyd edir ki, nəticələrin aradan qaldırılması işlərinə başlanılıb.

Musavat.com-un Şirvandakı mənbələrdən partlayışdan sonra hazırda bölgədə görülən işlərlə bağlı məlumat əldə edib. Hazırda mərkəzin ərazisi də daxil olmaqla zavodda və təxminən 2 kilometrlik ərazidə ANAMA mütəxəssisləri partlayışdan sonra ətrafa səpələnən döyüş sursatlarının başlıqlarını, siqnal raketlərinin patronlarını toplamaqla məşğuldurlar.

Sonda onu da qeyd edək ki, prezident İlham Əliyevin sərəncamı ilə “Araz” zavodunda baş vermiş partlayışla əlaqədar Dövlət Komissiyası yaradılıb. Baş nazirin 1-ci müavini Yaqub Eyyubovun sədrlik etdiyi komissiyanın bu günə qədər keçirdiyi toplantılar, görülən işlərlə bağlı ictimaiyyətə heç bir məlumat verilmir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.