BSU-dan 46 illik mozaikanın sökülməsiylə bağlı açıqlama: - “Heç bir tarixi əsası yoxdur”
10-08-2016, 12:32
Bakı Slavyan Universitetinin Süleyman Rüstəm küçəsi 25 ünvanında yerləşən əsas korpusunun giriş hissəsinin fasadındakı mozaikanın sökülməsi ilə bağlı məsələyə aydınlıq gətirilib.
Universitetin rektor əvəzi Əbülfəz Nağıyevin AzNews.az-a verdiyi açıqlamaya görə, mozaika daşların tökülməsi səbəbiylə sökülür. Rektor əvəzi sözügedən mozaikanın heç bir tarixi əsasının olmadığını, daşların da keyfiyyətini itirdiyini deyib: “Əvvəla o mozaikanın heç bir tarixi əsası yoxdur. Mozaikanın daşları tökülürdü, sakinlər də bizə şikayət edirdi, tələbələr də. Elə hallar olub ki, o daş tələbələrdən kiminsə başına düşüb və xəstəxanaya yerləşdirilib. Yerli sakinlərdən şikayət edənlər var idi ki, daşlar tökülə-tökülə gedir, bir əncam çəkin. O nöqteyi nəzərdən belə bir qərar alınıb”.
“Mozaika restavrasiya oluna bilməzdimi?” sualına isə Əbülfəz Nağıyevin cavabı belə oldu: “Restavrasiya etmək mümkün deyildi. Çünki aşağı hissəsi çox dağılmışdı. Amma mozaikanın bir hissəsi – yuxarı hissəsi saxlanılacaq. 46 il idi o mozaika orada quraşdırılmışdı. Sovet ideologiyasından qalma bir şey idi. Məlumatı bilməyənlər şişirdirlər ki, guya tarixi mozika idi. Tarixi abidəni sökərlər? Ondan Nizami muzayində də var idi, bağçalarda da var idi, hamısını sökdülər. Sökürlərsə deməli sökülməli idi. Qərar elə-belə verilməyib”.
Rektor əvəzi bildirib ki, sökülən mozaikanın yerində yeni layihə işlənəcək: “İndi həmin hissə üçün Azərbaycanın özünün şərq ornamentlərinə uyğun yeni bir arxitektur proyekt işlənir. Hətta proyektdə Şirvanşahlar sarayının şəbəkələrindən də istifadə olunacaq. Mozaika olmayacaq, lakin aqlay daşından yeni bir kompozisiya olacaq”.
Qeyd edək ki, BSU-ya yeni təyin edilmiş rektor Nurlana Əliyeva universitetin giriş hissəsinin fasadında olan mozaikanın sökülməsiylə bağlı göstəriş verib. Bu söküntü tələbələr və vətəndaşlar tərəfindən ciddi etirazla qarşılanıb.
Onu da bildirək ki, BSU üzərində həkk edilmiş həmin mozaikada Azərbaycanın tanınmış şair və yazıçıları təsvir edilmişdi.