Ermənistan müdafiə naziri açıqlama verdi, ölkənin siyasi mühiti yerindən oynadı
10-08-2016, 18:32
Ermənistanın müdafiə naziri Seyran Ohanyan Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağda yerləşən hərbi hissələrdən birində jurnalistlər üçün mətbuat konfransı keçirib.
Musavat.com-un erməni saytlarına istinadən verdiyi xəbərə görə, Seyran Ohanyan 2016-cı ilin onlar üçün gərgin və çətin keçdiyini bildirib.
Seyran Ohanyan Ermənistan ordusunun Dağlıq Qarabağdakı qondarma qurumun təminatçısı olduğunu təkrar edib.
O, Qarabağda birtərəfli güzəştlərə yol verməyəcəklərini söyləyib.
Seyran Ohanyan Ermənistan ordusunun Rusiyadan yeni silahlar aldığını təsdiqləyib.
Bundan başqa, Ohanyan əlavə silah alınması üçün müxtəlif beynəlxalq qurumlarla danışıqlar aparıldığını bildirib. Müdafiə naziri Ermənistanın öz silahlarını istehsal etməsi üçün Müdafiə sənayesi üzrə Dövlət Komitəsinin yaradıldığını jurnalistlərin diqqətinə çatdırıb.
Ermənistan-Rusiya münasibətlərinə də toxunan Seyran Ohanyan Ermənistanın hücuma məruz qalacağı təqdirdə Rusiyanın köməyə çatacağını bəyan edib.
Erməni jurnalistləri isə onun bu sözlərini tənqid ediblər. Onların fikrincə, Ohanyan bununla Dağlıq Qarabağın Ermənistanın tərkib hissəsi olmadığını təsdiq edir, belə çıxır ki, Rusiya məhz buna görə həmin dövrdə Ermənistan ordusunun köməyinə gəlməyib.
Halbuki həmin vaxt məhz Seyran Ohanyan döyüşlərin Rusiyanın sayəsində durduğunu söyləmişdi.
Erməni analitiki Akop Badalyanın fikrincə, burada olduqca ziddiyyətli məqamlar ortaya çıxır.
“Görəsən, Rusiyanın bu müdaxiləsini indi müsbət dəyərləndirək, yoxsa tam əksinə? Ermənistan müdafiə naziri erməni silahlı qüvvələrinin əks-həmləsinin uzun müddət çəkməyəcəyini, Azərbaycanın isə yenidən hücuma keçərək Ermənistan ordusunu qaçmağa məcbur edəcəyinəmi işarə vururdu? Əgər belədirsə, o zaman Seyran Ohanyan dərhal istefa verməlidir... Əgər Ermənistan rəhbərliyi Rusiyanın müdaxiləsini müsbət xarakterizə edirsə o zaman onun Azərbaycan göstərdiyi xidmətə də müsbət yanaşır”, - deyə Akop Badalyan məqaləsində yazır.
Analitik davam edir: “Durdurulan müharibəyə gəlincə, əlbəttə, xilas edilən hər bir həyat önəmlidir. Lakin məsələ burasındadır ki, müharibə onun bərpa ediləcəyi nöqtədə durdurulub.
Rusiya həmin vaxt (apreldə - red.) Qafqazda Azərbaycan ordusu üzərində qurulan təhlükəsizlik sistemini qurtardı. Buna görə Rusiya Azərbaycana milyard dollarlıq silahlar satmaqda davam edir”.
Digər erməni müəllifi Romella Mnatsakanyan “armenianreport" saytındakı müəllif yazısında regionda baş verən hadisələr, prezidentlərin Bakı görüşü fonunda Ermənistanın acınacaqlı vəziyyətə düşdüyünü yazır:
“Məsələ təkcə Rusiyanın öz yönünü tamamilə başqa tərəfə çevirməsində deyil. Azərbaycan, İran və Rusiya arasında münasibətlərin yeni mərhələsi, artıq öz səmərəliyini sübut etmiş Türkiyə -Azərbaycan-Gürcüstan alyansı ilə birlikdə Azərbaycanın böyük coğrafi məkanda iqtisadi-ticarət imkanlarını genişləndirir”, cümləsi ilə müəllif yazısındakı bədbin ruhunu sürdürüb:
“Təəssüf ki, bu doğrudur. Həm İran, həm də Rusiya prezidentlərinin səfəri Azərbaycan tərəfindən həyata keçirilən böyük irəliləyişdir. Bununla da Ermənistanın izolyasiyası dərinləşib, Bakının daha ucuz layihələr təklif etməsi sayəsində İranla Ermənistanın bir çox birgə planları zibil yeşiyinə atılıb. Rusiyaya gəlincə isə, Azərbaycan silah satmaqdan vaz keçmək əvəzinə açıq şəkildə Azərbaycanla bu sahədə əməkdaşlığı inkişaf etdirmək istədiyini bildirir”.
Ermənistanın digər tanımış politoloqu Ruben Mehrabyan da 1in.am saytına verdiyi müsahibədə ölkənin həm xarici, həm də daxili cəhətdən sıxıntılar məngənəsində olduğunu bildirib.
“Rusiya Kazan sənədini sərt və kobud üsulla bizim qabağımıza gətirir. Rusiya bunu praktiki olaraq güc yolu ilə həll edir. Azərbaycana milyard dollarla silah satır və güc şantajı ilə Ermənistana bu sənədi qəbul etdirməyə çalışır. Biz Ermənistanın bütün qırmızı çizgilərinin aşıldığını görürük”, - deyə Mehrabyan bildirib.
Mehrabyan iyulun 17-də, İrəvanın mərkəzində baş verən silahlı insidentin Ermənistan üçün intihar xarakteri daşıdığını söyləyib. “Biz müxalif fəaliyyəti, müxalif hərəkatı, dövlətin əsaslarına vurulan zərbələrdən ayırmalıyıq. Özü də ətrafımızda baş verən geopolitik bir fırtınanın tüğyan etdiyi bir vaxtda...”
Politoloqun sözlərinə görə, Ermənistanın daxili möhkəmliyi üçün heç bir ehtiyatı qalmayıb. “Bu sabitliyin potensialı artıq xərclənib qurtarıb, şkala oxu sıfırı göstərir. Bu gün Ermənistanda siyasət öldürülüb, indi də siyasi düşüncəni öldürmək istəyirlər”, - deyə Mehrabyan sözlərini yekunlaşdırıb.