Fətullah Gülənin Bakıdakı daha bir gizli adamı - Əslində adi ev dəllalı kimi görünür...

11-08-2016, 19:03           
Fətullah Gülənin Bakıdakı daha bir gizli adamı - Əslində adi ev dəllalı kimi görünür...
Qardaş Türkiyədə baş vermiş 15 iyul hadisələri – dövlət çevrilişinə cəhd, Fətullah Gülən ideyalarının yayıldığı və təbliğ olunduğu bütün digər ölkələr üçün də ciddi xəbərdarlıq kimi qəbul olunmalıdır. İlk baxışdan dinc yaşama prinsiplərini, dostluq və qardaşlıq, bərabərlik ideyalarını vəsf edən bu cərəyanın ideoloqları, əslində bütün bu sadalanan məvhumlardan sadəcə bir pərdə kimi istifadə edirlər. Məsələnin mahiyyətində isə, suveren dövlətlərin müstəqil siyasət yürüdən, öz xalqının mənafeyindən çıxış edən rəhbərlərinin hakimiyyətdən kənarlaşdırılması və həmin ölkələrdə marionet hökumətlərin formalaşdırılması məqsədi durur. Bu məqsədə çatmaq və bütün dünyanı vahid mərkəzdən idarə edə bilmək üçün, Avropa və Amerikada yerləşən müəyyən qüvvələr bütün vasitələrdən istifadə etməyə hazırdırlar. O cümlədən, Fətullah Gülənin başçılıq etdiyi “Nurçuluq” təriqətinin də (bu cərəyan dünyada daha çox “Hizmət” adı ilə tanınır) imkanlarından bu məqsədlər üçün geniş istifadə olunur. Ekspertlər bu təriqətin təşkilati strukturunu piramida ilə müqayisə edirlər. Ən aşağı pillədə kimi gözəl sözlər, kimi də maddi yardımlarla aldadılmış geniş xalq kütlələri durur. Qeyd edək ki, bəzi mənbələrdə bu gün nurçuluğa cəlb edilmiş insanların ümumi sayının iki milyona yaxın olduğu göstərilir. Təbii ki, piramidanın ilk pilləsində duran sadə insanlara qarşı əslində elə bir ciddi iradlar irəli sürmək olmaz. Lakin növbəti pillədə artıq bu təriqətin yayıldığı ölkənin iqtisadiyyatında, dövlət qurumlarında yer almış başqa bir təbəqənin təmsilçiləri durur. Onlar isə, bir qayda olaraq, artıq daha geniş maddi imkanlara, bir çox imtiyazlara sahib olan insanlardır. Elə bu və ya digər ölkədə dövlət çevrilişinə cəhd göstərən zaman da, məhz bu təbəqənin imkanlarından istifadə olunur. Nəhayət piramidanın başında isə, Gülənin özü və onu yönləndirən xüsusi xidmət orqanları dayanırlar. Təbii ki, ən təhlükəli olanlar da məhz bu insanlardır.

Lakin bizim müzakirə etmək istədiyimiz problem, Azərbaycan reallığından irəli gələrək, daha çox məhz “Gülən piramidası”nın orta təbəqəsinin fəaliyyətini əhatə edir. Məlum olduğu kimi, ölkəmizdə təbliğ olunan tolerantlıq və multikultiralizm ideyaları bir çox düşmən ünsürlərin də öz təbliğatlarını apara bilməsi üçün müəyyən mənada şərait yaratmış olur. Həmçinin bu fürsətdən hər zaman daha çox yararlanmağa çalışan təriqətçilərin bir nümayəndələri də məhz nurçulardır. Sirr deyil ki, məhz nurçular bu günün özündə də Azərbaycanın təhsil, səhiyyə və bəzi digər sahələrində kifayət qədər geniş təmsil olunurlar. Sözsüz ki, ölkəmizdə onların malik olduqları imkanlar qardaş Türkiyədə olduğundan müqayisə olunmayacaq dərəcədə məhduddur. Lakin təbliğat işinə gəlincə, etiraf olunmalıdır ki, bu istiqamətdə nurçuların fəaliyyəti artıq çoxdan həyəcan doğuracaq həddi keçib. İlk baxışdan bu və ya digər sahədə çalışan sadə Azərbaycan vətəndaşından heç nə ilə seçilməyən insanlar, Gülən ideyalarının yayılmasını təmin etmək üçün geniş imkanlarla səlahiyyətləndiriliblər. Və ilk növbədə söhbət məhz maddi imkanlardan gedir. Nümunə kimi, nurçu təbliğat maşınının işləmə mexanizmini bu günlərdə redaksiyamıza daxil olmuş növbəti məlumatlardan birinin əsasında bir daha nəzərdən keçirək.

Əslən Qazax rayonundan olan Arif Novruzov rəsmi olaraq Bakıda, Gənclik ərazisində ev alqı-satqısı ilə məşğul olur. Yəni sadə dillə desək, bu şəxs adi maklerdir. Hətta Arifin paytaxtın ən bahalı məhəllələrindən biri hesab olunan T.Əliyev küçəsindəki evlərin alqı-satqısında vasitəçilik etdiyi halların da çox olduğunu nəzərə alsaq, yenə də bu şəxsin “səxavəti”ni qidalandıran maliyyə vəsaitlərinin mənbəyi ciddi şübhələr doğurmaya bilməz. Məsələ bundadır ki, Arif Novruzov tez-tez qohumlarının, tanışlarının evlərinə qonaq gedir. Hər dəfə bahalı hədiyyələrlə, ehtiyacı olanlara pul yardımları ilə gələn bu qonağın əlində isə, mütləq Fətullah Gülənin müəllifi olduğu bir kitab da olur. Həm də Arifin özünəməxsus təbliğat üsulları var. Bu üsullara bələd olan insanların deməyinə görə, Arif demək olar ki, heç bir halda özü birinci olaraq təbliğata başlamır. Sadəcə olaraq, qonaq gəldiyi evdən çıxarkən, gətidiyi kitabı həmin evdə “unudur”. Sonradan isə, ona bu barədə xatırladan olanda deyir ki, kitabı sənə hədiyyə edirəm, aç oxu. Onda dünyanı, əsil həyatı və həqiqətləri dərk edərsən...

Amma Arif Novruzovun ziyarət etdiyi məkanlar heç də Bakının hüdudları ilə məhdudlaşmır. Əksinə, bizdə olan məlumata görə, onun kurasiyasına verilmiş ərazi Gəncədən qonşu Gürcüstana kimi uzanıb gedir. Həm də bu işə onun bir çox qohumları və ailə üzvləri, o cümlədən həyat yoldaşı Sevil Novruzov, kiçik qardaşı Cavanşir, əmisi Şahin Novruzov və digərləri də ən aktiv şəkildə cəlb olublar. Həmçinin mənbə bildirir ki, Arif və Sevil Novruzovlar tez-tez Qırğızıstana və hazırda hərbi əməliyyatların getdiyi bir çox Yaxın Şərq ölkələrinə də səfərlər edirlər. Bu səfərlərin məqsədi isə, eynilə Azərbaycanda olduğu kimi, nurçuluğun təbliğidir. Bundan başqa isə, əldə etdiyimiz məlumata görə, Arif Novruzov xaricdən bu məqsədlər üçün daxil olan maliyyə vəsaitlərinin digər təbliğatçılar arasında bölüşdürülməsi və onlara çatdırılması funksiyasını da həyata keçirir. Bu isə, artıq Arifin nurçuların piramidasında az-çox əhəmiyyətli mövqeyə sahib olduğunu göstərir.

Artıq qeyd etdiyimiz kimi, Arif Novruzov bu gün Azərbaycanda hələ də kifayət qədər geniş imkanlara malik olan nurçuluğun təbliğat maşınında sadəcə bir detaldır. Belə təbliğatçılar arasında bu gün müəllimlər, mühəndislər, iş adamları, dövlət qulluqçuları və digər sahələrin də təmsiçiləri var. Və əgər onalrın qarşısının alınması üçün indidən qəti tədbirlər görülməsə, yaxın gələcəkdə biz hamılıqla bu fəaliyyətin acı fəsadları ilə üz-üzə qala bilərik.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.